Gerb

26 noyabr 2011, 13:00

Hörmətli qurultay nümayəndələri və qonaqlar!

Sizi öz tarixi Vətəninizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyinin bayram edildiyi ildə keçirilən Ümumrusiya Azərbaycan Konqresinin III qurultayında səmimi salamlayıram.

Azərbaycan bu yubileyi müxtəlif sahələrdə sanballı nailiyyətlərlə qarşılayır. Davamlı inkişaf sahəsində uğurlarımız nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Biz öz tarixi-mədəni irsimizi qoruyub saxlamaqla və ona qayğıkeş münasibət sahəsində çoxəsrlik ənənələri inkişaf etdirməklə yanaşı, eyni zamanda, milli mənəvi dəyərlərimizin ümumbəşəri ideallarla harmonik əlaqəsində varisliyi təmin edə bilmişik. Biz Azərbaycan cəmiyyətinin tolerantlığının və açıqlığının yüksək səviyyəsi ilə haqlı olaraq fəxr edirik. Respublikanın sosial-iqtisadi, ictimai-siyasi və elmi-mədəni həyatının bütün sahələrində təmsil olunmuş Azərbaycanın 120 minlik rus icmasının fəaliyyəti ölkəmizdə millətlərarası münasibətlər sahəsində yaranmış vəziyyətin parlaq təzahürüdür.

Bu gün Rusiya Federasiyası ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlığın səviyyəsi olduqca yüksək qiymətə layiqdir. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətə çoxlu sübutlar göstərmək, o cümlədən bu faktı vurğulamaq olar ki, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilərkən dost Rusiya da bizim namizədliyimizi dəstəkləmişdir.

İkitərəfli münasibətlərimizin inkişafında və dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu böyükdür. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsidir, Rusiya Federasiyasının inkişafına və tərəqqisinə layiqli töhfə verirlər.

Azərbaycanlıların diaspor təşkilatları və ilk növbədə Ümumrusiya Azərbaycan Konqresi Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişlər. Ölkənin demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış Konqres qısa müddətdə nüfuzlu ictimai birliklərdən birinə çevrilə bilmişdir. Bununla bərabər, Dünya Azərbaycanlılarının qurultayında göstərildiyi kimi, xalqımızın tarixinin və mədəniyyətinin təbliği, Azərbaycan haqqında həqiqətin Rusiya ictimaiyyətinə çatdırılması da onun işinin prioritet istiqamətlərindən biridir.

Əziz dostlar!

Əminəm ki, III qurultay Ümumrusiya Azərbaycan Konqresinin, eləcə də bütün Azərbaycan diasporunun fəaliyyətində mühüm hadisə olacaq, hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişafına kömək edəcəkdir. Qurultayın bütün iştirakçılarına uğurlu iş, xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2011-ci il