Gerb

18 noyabr 2011, 12:10
W1siziisijiwmtuvmdyvmtuvnxu2bxrxc2flzv85ndu3lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=fc2f3fd8d7551708

- Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl gündə sizi Qəbələ Beynəlxalq Aeroportunun açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün çox gözəl və əlamətdar bir gündür. 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasının bayrağı Naxçıvanda milli dövlət bayrağı kimi qəbul edilmişdir, qaldırılmışdır. Bu hadisə bizim müstəqilliyimizi yaxınlaşdıran hadisə idi. O vaxt Sovet İttifaqının dağılmasına hələ bir ildən çox vaxt qalırdı. Bu müdrik və cəsarətli addımın atılması ulu öndərin öz xalqına nə qədər bağlı olduğunu bir daha göstərmişdir. O vaxt Naxçıvanın Ali Məclisində bayrağın dövlət bayrağı kimi qəbul edilməsi ilə yanaşı, Azərbaycan Ali Sovetinin qarşısında vəsatət qaldırılmışdır ki, bu milli bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

Bu gözəl tarixi gündə biz sizinlə görüşürük. Qəbələ Beynəlxalq Aeroportunun açılması da Azərbaycanda son illər ərzində görülən işlərin məntiqi nəticəsidir. Bu il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edirik. Bu 20 il ərzində ölkəmiz böyük uğurlu və şərəfli yol keçmişdir. İyirmi il ərzində Azərbaycan böyük dərəcədə inkişaf etmişdir, güclənmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı böyük dərəcədə irəliyə aparmışdır. Ölkədə həm iqtisadi, həm sosial məsələlər uğurla həll olunur. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, təsir imkanları genişlənir. Biz dünya birliyində böyük hörmətə malik olan, layiq olan ölkəyik. Ölkəmizdə hər bir sahə inkişaf etdiyi kimi, Azərbaycanda nəqliyyat sektoruna da böyük diqqət göstərilir. Bu sektorda inkişaf göz qabağındadır. Son illər ərzində ölkəmizdə bir neçə beynəlxalq aeroport tikilmişdir - Naxçıvanda, Gəncədə, Lənkəranda, Zaqatalada. Nəhayət, Qəbələdə beynəlxalq aeroport fəaliyyətə başlayır. Bu aeroport istənilən hava gəmilərini qəbul etməyə qadirdir. Ən ağır yük təyyarələri də bura gələ bilər. Uçuş-enmə zolağı kifayət qədər böyükdür və istənilən təyyarənin ağırlığına davam gətirə bilər. Aeroport bütün beynəlxalq standartlara cavab verir. Beləliklə, əminəm ki, bu aeroportun gələcəyi də çox uğurlu olacaqdır. Ümid edirəm ki, gələcəkdə bu aeroportda beynəlxalq uçuşlar da təşkil ediləcəkdir.

Biz, bütövlükdə hava nəqliyyatının inkişafına çox böyük sərmayə qoyuruq. Aeroportların tikintisi və o cümlədən Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən tikilməsi, yeni aerovağzal kompleksinin, yeni zolaqların inşası bizim siyasətimizi açıq şəkildə göstərir. Azərbaycan coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə edir və nəqliyyat sektorunda aparılan islahatlar bu reallıqları təmin edir. Biz nəinki aeroportları yaradırıq, yeni müasir təyyarələri də ölkəmizə gətiririk. Son illər ərzində ən müasir, ən gözəl təyyarələr - “Boeing”lər, “Airbus”lar, “ATR” təyyarələri gətirilir. Demək olar ki, təyyarə parkı tam şəkildə dəyişdirilmişdir və indi ən yüksək səviyyəyə cavab verir.

Ölkəmizin beynəlxalq aeroportları - həm Gəncə, həm Naxçıvan, həm Lənkəran aeroportları beynəlxalq uçuşları da təşkil edir. Bu, insanların rahatlığını təmin edir, başqa ölkələrə rahat getmələri üçün şərait yaradır. Bu infrastruktur artıq Azərbaycanda yaradılıbdır. Qəbələ Beynəlxalq Aeroportunun yaradılması, hesab edirəm ki, bu proqramın ən axırıncı addımlarından biridir. Bundan sonra da Azərbaycanda yeni aeroportların tikintisi ilə bağlı fikir mübadiləsi aparılacaqdır. Əgər belə zərurət yaranarsa biz bu prosesi davam etdirəcəyik. Ancaq Qəbələ aeroportunun öz funksiyaları vardır. Bu aeroportun tikilməsinin məqsədi bölgəyə, Qəbələyə və ətraf bölgələrə turistlərin axınını gücləndirməkdir və təmin etməkdir. Nəzərə alsaq ki, Qəbələdə çox müasir və gözəl turizm infrastrukturu yaradılmışdır və bu proses davam etdirilir, ümid edirəm buraya gəlmək istəyənlər çox olacaq, başqa şəhərlərdən Qəbələyə birbaşa təyyarə uçuşları təşkil ediləcəkdir.

Bizim nəqliyyat sektoru inkişafdadır. Həm hava nəqliyyatı, həm də dəniz nəqliyyatı inkişaf edir, yeni tankerlər, bərələr, yük gəmiləri alınır. Bakıda standartlara cavab verəcək beynəlxalq yeni gəmiqayırma zavodu tikilir. Bakının yaxınlığında - Ələt qəsəbəsində Xəzər dənizində yeni ən böyük Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu limanın yük ötürmə qabiliyyəti 10 milyon tondan 25 milyon tona qədər artırılacaqdır. Yəni, Xəzərdə ən böyük port Bakı portu olacaqdır. Dəmir yolları tikilir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilir və bu, Azərbaycanı etibarlı tranzit ölkə kimi dünyaya təqdim edəcək, qonşularımızla bizi birləşdirəcəkdir. Bu layihəni də Azərbaycan tərəfdaşları ilə birlikdə uğurla icra edir. Bu layihənin həyata keçirilməsində Azərbaycan təşəbbüskar kimi öz rolunu oynamışdır.

Avtomobil yollarımız əsaslı təmir edilir, yeni yollar tikilir. O cümlədən Qəbələ Beynəlxalq Aeroportuna gələn yol əsaslı şəkildə tikilir. Bütün magistral yollarda tikinti gedir. Bizim vətəndaşlar indi Bakıdan Qəbələyə gələrkən çox rahat, gözəl yoldan istifadə edirlər. Bu yol sərhədə - Balakənə qədər davam edəcəkdir. Bütün başqa istiqamətlər üzrə yollar tikilir. Yəni, Azərbaycanda nəqliyyatla bağlı bütün məsələlər uğurla, yüksək səviyyədə və peşəkarlıqla həll olunur.

Bu bölgənin gələcək inkişafı ilə bağlı konkret proqramlar və təkliflər vardır. Mən bütün bölgələrə eyni dərəcədə diqqət göstərirəm və hər bir bölgənin öz xüsusiyyətləri vardır. Bu şimal-qərb bölgəmizin xüsusiyyəti ondan ibarətdir ki, burada turizm potensialı çox güclüdür. Ancaq bu potensial o zaman reallaşa bilər ki, turizm infrastrukturu yaradılsın və biz bunu yaradırıq. Bakıdan sərhədə qədər bütün rayonlarda - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir.

Qəbələyə gəldikdə, son illər ərzində Qəbələ beynəlxalq mərkəzə çevrilmişdir. Burada ənənəvi keçirilən musiqi festivalları artıq dünyada çox məşhur olubdur və festivallarda iştirak edənlərin sayı ildən-ilə artır, dünyanın aparıcı sənət adamları bu festivalda iştirak edirlər. Bu gün Qəbələdə yeni Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişəm. Burada yeni mədəniyyət sarayı tikilməkdədir və gələn il istifadəyə veriləcəkdir. Əvvəlki dövrdə Diaqnostika Mərkəzi tikilibdir və burada tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır. Yeni emal müəssisələri fəaliyyət göstərir. Onlar nəinki Azərbaycanda, bütün bölgədə ən qabaqcıl və ən böyük müəssisələrdir. Yeni iş yerləri, yeni sənaye sahələri açılır, evlər, mehmanxanalar tikilir. Burada tikilən mehmanxanalar dünya miqyaslı və dünya standartlarına cavab verən mehmanxanalardır. Bütün bunlar son illərin reallıqlarıdır. Bütün bunları biz əldə etmişik, bütün bu uğurlara çatmışıq və artıq Qəbələ rayonu, Qəbələ şəhəri xəritədə öz tarixi yerini bərpa edib. Qəbələ qədim yaşayış yurdudur, qədim şəhərdir. Qədim xəritələrdə Qəbələnin adını görmək mümkündür. Bu gün Qəbələnin tarixi şöhrəti özünə qaytarılıbdır. Bundan sonrakı dövrdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq, bütün infrastruktur layihələri yaxın iki il ərzində tam şəkildə icra ediləcəkdir və bu rayon potensialını maksimum dərəcədə işə salacaqdır.

Bu aeroportun tikintisi, bu gözəl tarixi gündə aeroportun açılması rəmzi xarakter daşıyır. Bu, 20 illik müstəqillik dövründə əldə edilmiş uğurlardan biridir. Bu uğurların sayı o qədərdir ki, onları saymaq, hesablamaq mümkün deyildir. Ancaq bu aeroport, bu gözəl bina, bu gözəl memarlıq əsəri Azərbaycan xalqına, Azərbaycan dövlətinə bundan sonra əbədi xidmət edəcəkdir. Bu, strateji obyektdir. Bunun strateji məqsədi və mənası vardır. Əminəm ki, bu aeroportun fəaliyyətə başlamasından sonra Qəbələyə turist axını daha da güclü olacaqdır.

Mən Sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, bütün qəbələlilərə cansağlığı və yeni uğurlar arzulayıram. Sağ olun.



Böyük ölçüdə