İlham Əliyev Danimarkanın ölkəmizdəki səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir

01 dekabr 2011, 17:30
İlham Əliyev Danimarkanın ölkəmizdəki səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Danimarka Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir.

Səfir Ruben Madsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ruben Madsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı baxımından hazırda ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Dövlət başçısı səfir Ruben Madsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Ruben Madsen Danimarka Kraliçası Ülyahəzrət Marqretenin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Ruben Madsen Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında yaxşı əməkdaşlığın mövcud olduğunu qeyd etdi. Danimarkalı diplomat Azərbaycan iqtisadiyyatının Avropada sürətli artım tempinə malik iqtisadiyyat olduğunu vurğuladı. Ruben Madsen səfir kimi ölkəmizdəki fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Ülyahəzrət Marqretenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Danimarka Kraliçasına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo