|
20 dekabr 2011, 18:00
İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmişdir
Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşıladı. Yubiley iclasını açan Rusiya Prezidenti Dmitri Medvedev MDB-nin 20-ci ildönümünün qeyd edildiyi bir vaxtda keçirilən tədbirdə iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirdi. Dmitri Medvedev qeyd etdi ki, bu cür qeyri-rəsmi görüşlərin keçirilməsi MDB-nin təcrübəsində bir ənənəyə çevrilmişdir. Sonra Birliyin sədri, Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək əmin olduğunu bildirdi ki, aparılan müzakirələr və qəbul edilən qərarlar üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir. Daha sonra çıxış edən Özbəkistan Prezidenti İslam Kərimov iclasın əhəmiyyətini qeyd edərək bildirdi ki, bu, MDB çərçivəsində əməkdaşlığa mühüm töhfə verəcəkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin MDB qarşısındakı xidmətlərindən danışan Prezident İslam Kərimov dedi ki, Birlik yaradılan dövrdə Heydər Əliyev ən tanınmış liderlərdən biri, bütün baş verənləri görən və yaşayan ən müdrik insanlardan idi. Heydər Əliyevin təcrübəsi təkcə Azərbaycan xalqı üçün deyil, həm də çox mənalı və əziyyətli yol keçən insanlar üçün parlaq nümunədir. İclasda çıxış edən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB xalqları arasındakı tarixi əlaqələrdən bəhs etdi. O, xalqının Böyük Vətən müharibəsindəki iştirakını vurğulayaraq yaşlı nəsillərin keçmiş Sovet İttifaqının inkişafındakı rolundan da danışdı. Sonra Qırğızıstan Prezidenti Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Azərbaycan Prezidenti İlham ƏLİYEV iclasda çıxış edərək dedi: -Hörmətli Dmitri Anatolyeviç! Əvvəla Moskvanı ziyarət etmək və bizi iclasda iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirirəm. İndi aparılan qeyri-formal və səmimi diskussiya təşkilatımızın nə qədər mühüm olduğunun parlaq göstəricilərindən biridir. Həmçinin İslam Əbdüqəniyeviçə və Qırğızıstan Prezidentinə atam Heydər Əliyev haqqında dedikləri xoş sözlərə görə təşəkkür etmək istərdim. Bu, yəqin ki, ikiqat rəmzidir. Belə ki, o, bu binada xeyli illər keçirib. O, Azərbaycanın, Sovet İttifaqının rifahı naminə işləyib. 1970-ci illərdə Bakıda işləyərkən Azərbaycanın rifahı naminə, 1980-ci illərdə Sovet İttifaqı hökumətində işləyərkən Sovet İttifaqının rifahı naminə çalışaraq, müstəqil Azərbaycanın Prezidenti kimi 10 il ərzində dövlətçiliyin təməlini qoymaqla bizə inamla, uğurla irəliləməyə imkan verdi. Buna görə də onun dostlarına təşəkkür etmək istərdim. Ona görə ki, MDB-nin 20 illiyinin qeyri-formal şəraitdə keçirildiyi bu görüşdə onu xatırlayırlar. 20 il böyük müddətdir, eyni zamanda, tarixi nöqteyi-nəzərdən o qədər də böyük müddət deyildir. Bu gün artıq həmkarlarım 1980-1990-cı illər arasında baş verən prosesləri qiymətləndirdilər. Bəziləri dəyişikliklərdə özləri də iştirak edərək ölkələrinin dövlətçiliyinin bünövrəsini qoyublar. Əlbəttə, mən də razıyam ki, 1990-cı illərin əvvəllərində baş verənlərin əsas yekunu bu oldu ki, yeni dövlətlərin yaranması nisbətən dinc yolla həll edildi. Əlbəttə, bu, hamı üçün dinc keçmədi. Bizim ölkəmizə gəlincə, hələ Sovet İttifaqının dağılması ərəfəsində torpaqlarımız işğala məruz qaldı. Amma bütövlükdə MDB-nin üzvü olan əksər ölkələr arasındakı bugünkü münasibətlər - dostluq, tərəfdaşlıq münasibətləridir. 20 il ərzində biz büsbütün dəyişmişik. İqtisadi sistemi tamamilə dəyişmişik. Siyasi sistem də dəyişdi. Xaos, qarşıdurma, qarşılıqlı ittihamlar şəraitində bütün bunlar mümkün olmaya bilərdi, yaxud çox çətin başa gələrdi. Bu gün 20 il ötəndən sonra keçmiş Sovet İttifaqı respublikalarının əksəriyyətinin iştirak etdiyi bu tərkibdə biz irəliyə necə getmək barədə danışırıq. Bu da çox mühümdür. Mən həmkarlarımın tarixi keçmiş barədə fikirləri ilə tam razıyam. Müxtəlif, ziddiyyətli fikirlər mövcuddur. Yəqin ki, bu cür ziddiyyətli fikirlərin mövcud olmağa haqqı vardır. Yaxşı işlər də olub, narahatlıq doğuran məsələlər də. Ən başlıcası necə irəliləməkdir. Bu gün ölkəmizin MDB-nin üzvü olan demək olar ki, bütün ölkələrlə çox gözəl ikitərəfli, etimad doğuran dostluq münasibətləri mövcuddur.
Müstəqillik illərində Azərbaycan müasir ölkəyə çevrildikdən sonra da Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bizim üçün həmişə xüsusi əhəmiyyət kəsb edib. Bu gün mənim üçün qeyd etmək xoşdur ki, ikitərəfli planda heç bir həll edilməmiş problem qalmayıb. MDB-nin gələcəyi ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan bütün proseslərdə konstruktiv, fəal iştirak edəcəkdir. Gələcək üçün mühüm məsələlərdən danışarkən hesab edirəm ki, informasiya-kommunikasiya texnologiyaları mövzusuna müraciət indi tamamilə yerinə düşərdi. Bir daha demək istərdim ki, Azərbaycan MDB çərçivəsində öz iştirakına və fəal əməkdaşlığa sadiqdir, gələcəkdə də münasibətlərimizi möhkəmləndirmək üçün səy göstərəcəkdir. Sağ olun. X X X İclasın digər iştirakçıları çıxışlarında bəyan etdilər ki, MDB-nin üzvü olan hər bir dövlətin milli mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafı üçün şəraitin yaradılması Birliyin 20 ildə fəaliyyətinin başlıca vəzifəsi olmuşdur. Gələcəyə nikbinliklə baxdıqlarını təsdiq edən iclas iştirakçıları Birliyin nüfuzlu regional dövlətlərarası təşkilat kimi səmərəliliyinin artırılmasına və gələcək inkişafına səy göstərəcəklərini bildirdilər. İclasda rabitə və informasiya-kommunikasiya texnologiyaları istiqamətində işbirliyi MDB-nin üzvü olan ölkələrin 2012-ci ildə iqtisadi sahədə əməkdaşlığının əsas prioriteti kimi müəyyənləşdirildi. İştirakçılar tərəfindən birlik ölkələrində prezident və parlament seçkiləri, eləcə də referendumlarda iştirak edən MDB-nin müşahidə missiyalarının rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında qərar və iclasın yekunlarına dair Birgə Bəyanat qəbul olundu. Sonda iclas iştirakçıları xatirə şəkli çəkdirdilər. X X X Dekabrın 20-də Böyük Kreml sarayında MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının iştirakçıları birgə nahar etdilər. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi. ![]() Böyük ölçüdə AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.