|
24 dekabr 2011, 17:00
İlham Əliyev Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşdur
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşlar. Dövlət başçısı əvvəlcə məhəllənin baş planını əks etdirən stendə baxdı. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, dövlətimizin başçısının doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğısı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunmuş, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülmüşdür. Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif yerlərində bütün infrastruktura malik 70 qəsəbə salınmışdır. Bu qəsəbələrdə 20 min mənzil tikilmiş, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilmiş, su, elektrik, qaz xətləri, yollar çəkilmişdir. Diqqətə çatdırıldı ki, son yeddi ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Prezidenti 27 Fərman və Sərəncam imzalamış, bir Dövlət Proqramı və ona əlavələri təsdiqləmişdir. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilmiş, Milli Məclisdə qanun qəbul olunmuşdur. Hazırda qaçqınlara və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Yeni yaşayış massivinin əsas texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verilərkən bildirildi ki, bu məhəllənin salınmasına dövlətimizin başçısının 2004-cü ildə təsdiq etdiyi Dövlət Proqramına əlavələr edilməsi haqqında 2007-ci ildə imzaladığı Sərəncama əsasən bu ilin iyununda başlanılmışdır. İnşaat işlərinə ölkənin 14 tikinti şirkəti cəlb olunmuşdur. Yeni məhəllə gələn ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Məlumat verildi ki, ümumi sahəsi on hektar olan yaşayış massivində inşa olunmuş binalara Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış 560 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hazır mənzilə baxdılar. Bildirildi ki, bu binalardakı mənzillərdə yaşayış üçün maksimum şərait yaradılmışdır. Məhəllədə 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Burada, həmçinin klub-icma mərkəzi, inzibati bina da tikilmişdir. Məhəlləni daimi elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformator yarımstansiyası quraşdırılmış, sakinlərin içməli su tələbatını ödəmək üçün hər biri 500 kubmetr olan iki su anbarı inşa edilmiş, yeni su xətləri çəkilmişdir. Məhəllədə qazlaşdırma işləri aparılmış, qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulmuşdur. Məhəllə ilə tanış olan dövlətimizin başçısı işlərin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.