|
26 dekabr 2011, 19:00
Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti
Əziz həmvətənlər! Hörmətli soydaşlar! Xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşlik və Vətənə sədaqətinin rəmzi olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayıram. Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. Həmvətənlərimizin milli birliyinə xüsusi əhəmiyyət verən Azərbaycan hökuməti diaspor quruculuğu işini daim diqqət mərkəzində saxlayır. Bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu. Qurultayda diaspor qurumlarının fəaliyyəti qiymətləndirildi, soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin artırılmasına təkan verən mühüm qərarlar qəbul olundu. Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər. Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışmasında - “Eurovision - 2011” mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olmuşdur. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə kifayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil və təsirli cavab verəcəklər. Əziz həmvətənlər! Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd etdik. Azərbaycanın 20 il ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Müstəqilliyin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalmış, yoxsulluq və işsizliyin səviyyəsi minimuma enmişdir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan hörmət və inamının parlaq təzahürüdür. Müasir dövrdə dünyada gedən proseslərin axarı sürətlə dəyişir. Qlobal, regional və lokal səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyillər ağır iqtisadi böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir. Belə şəraitdə qazandığımız nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında Prezident Sərəncamı məhz həmin sahədə perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına yönəlib. Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə çatacağımıza əminlik yaradır. Lakin hələ də qarşımızda həllini tapmayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin təmin edilməsi dayanır. Şübhə etmirəm ki, biz tezliklə bu çətin problemin də öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son qoyacağıq. Əziz bacı və qardaşlar! Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də bizim birliyimiz və həmrəyliyimizdir. Ona görə də bütün azərbaycanlıları daha sıx birliyə, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş haqlarının müdafiəsi, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram.
Bu sevimli bayram münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət, işlərinizdə uğurlar arzulayıram! AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.