27 dekabr 2011, 16:30

Aybəniz Cəfərovadan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən Cəfərova Aybəniz İldırım qızı Ağdam rayonu Xındırıstan kənd sakiniyəm. Biz ailədə ulu öndər Heydər Əliyevlə bağlı sənədlər vardır. Ağdam rayonu işğal olunanda biz o sənədləri böyük bir sərvətimiz kimi birinci olaraq çıxarmışıq. Bu gün biz onları Ağdamdakı Heydər Əliyev muzeyinə təqdim etmişik.

İndi biz ürəkdən sevinirik və Ulu Yaradana şükür edirik ki, ulu öndərimiz özündən sonra xalqımıza, Vətənimizə Sizin kimi ona layiq bir övlad qoyub getmişdir. Sizin rəhbərliyiniz dövründə doğma Azərbaycanımız daha da güclənmiş, xalqın rifahı yaxşılaşmış, kənd və qəsəbələrimiz abadlaşmışdır. Hər gün Sizin və xanımınızın - hamımızın sevimlisi Mehriban xanımın iştirakı ilə çox yüksək səviyyəli sənaye, sosial və digər obyektlərin açılışına baxdıqca sevincimizin həddi-hüdudu olmur.

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyev demişdir: “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz”. Siz ulu öndərin bu istəyini layiqincə yerinə yetirirsiniz. Hazırda Qarabağ torpağında, o cümlədən Ağdamın işğal olunmamış ərazilərində son illərdə Sizin rəhbərliyinizlə həyata keçirilən işlər bizlərin, ağdamlıların kövrək qəlbini daha da sevindirir. Məcburi köçkünlər üçün yeni abad qəsəbələrin salınması, xəstəxanalar, mədəniyyət və təhsil müəssisələrinin tikilməsi, yolların çəkilməsi, cəbhəyanı kəndlərin qazlaşdırılması, su xətlərinin çəkilməsi və s. işlər son iki ilin nəticəsidir.

Yaşadığım Xındırıstan kəndinin abadlaşdırılması, gözoxşayan xiyabanların salınması, müasir tələblərə cavab verən yolların, qaz xətlərinin çəkilməsi və s. işləri görərkən əcdadlarımızın ruhlarının nə qədər şad olduğunu düşünürəm. Çox sağ olun cənab Prezident. Allah Sizə yar olsun. Xalqımızın gözəl övladı xanımınız əziz Mehriban xanımı Allah qorusun. Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq. Sizi ürəkdən sevirik.

Dərin hörmətlə,

Cəfərova Aybəniz İldırım qızı.

Azərbaycan Respublikası, Adğam rayonu, Xındırıstan kəndi.