Gerb

13 iyul 2010, 19:30

Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı – Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində addımlarımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.

Çoxşaxəli əlaqələrimizin geniş spektrində humanitar sahə mühüm yer tutur. Bu mənada, heç şübhəsiz ki, ölkənizdə keçirmək niyyətində olduğumuz “Azərbaycanın mədəniyyət fəsli” çərçivəsində tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasına töhfə olacaq, onların milli-mədəni irsinin ümumbəşəri əhəmiyyət daşıdığını bir daha təsdiq edəcəkdir.

Cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmaması bizim ən ağrılı problemimiz olaraq qalır. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik.

Sizinlə görüşlərimizi, söhbətlərimizi ən xoş təəssüratlarla xatırlayıram. Münasib bildiyiniz ən yaxın vaxtlarda Azərbaycana səfərə gələcəyinizə, Sizinlə Bakıda görüşəcəyimizə ümidvar olduğumu bildirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyul 2010-cu il.