Gerb

15 iyul 2010, 18:26
W1siziisijiwmtuvmdyvmtuvntbundn2chpyal83mteuanbnil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=dda69e956e0b54ef

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən sizi bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Mavritaniya Prezidentinin Azərbaycana bu ilk rəsmi səfəridir. Əminəm ki, səfər əlaqələrimizin inkişafında mühüm rol oynayacaqdır. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər əlaqələrimizin gələcəyini müəyyən edəcəkdir.

Biz ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət veririk və hesab edirik ki, ikitərəfli formatda çox iş görmək olar. Bu gün biz bir neçə məsələ ətrafında sizinlə fikir mübadiləsi apardıq. Belə bir fikir var ki, biz bütün sahələrdə əlaqələrimizin sürətli inkişafına nail olmalıyıq. Bizim siyasi əlaqələrimiz müsbətdir. Əminəm ki, beynəlxalq təşkilatlarda bizim əməkdaşlığımız uğurla davam etdiriləcəkdir. Xüsusilə BMT-də və İslam Konfransı Təşkilatında bizim əməkdaşlığımızın böyük əhəmiyyəti vardır.

Siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı maraqlar vardır. Bu gün biz iqtisadi sahədə müxtəlif aspektləri sizinlə müzakirə etdik. İnvestisiya layihələrini, birgə fəaliyyət, ticarətin genişlənməsi - bütün bu işlərdə biz çox sürətli inkişafa nail olmalıyıq. Mən hesab edirəm ki, sizin səfəriniz bizi münasibətlərimizin yeni mərhələsinə gətirəcəkdir. Çünki dövlət səviyyəli səfərlərin əlbəttə ki, böyük əhəmiyyəti vardır. Ən önəmlisi ondan ibarət olmalıdır ki, səfərdən sonra real nəticələr, real layihələr olsun ki, biz bu layihələri uğurla icra edək.

Mən əminəm ki, sizin səfəriniz çox uğurlu keçəcək və əlaqələrimizin inkişafı üçün yeni imkanlar açılacaqdır.

X X X

Mavritaniya Prezidenti Məhəmməd Uld ƏBDÜLƏZİZ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

-Bismillahir-rəhmanir-rəhim!

Zati aliləri, cənab Prezident!

Məni rəsmi səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Dost ölkədə olmaqdan fərəh duyuram. Öz adımdan və məni müşayiət edən nümayəndə heyəti adından Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu səfərim iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək və iki xalq arasındakı əlaqələr inkişaf edəcəkdir.

Biz Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindəyik. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, BMT, İslam Konfransı Təşkilatı çərçivəsində sizinlə əlaqələrimizin inkişafında maraqlıyıq.

İqtisadi əlaqələrin inkişaf etdirilməsi başlıca məsələdir. Bu əlaqələr ticarət, iqtisadiyyat və digər sahələri əhatə edir ki, bizim ölkəmizin bu istiqamətdə imkanları çoxdur. Sadəcə olaraq, bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Ölkəmizdə mədən ehtiyatları genişdir. Biz mədən ehtiyatlarının istismarında da məhz sizin təcrübədən istifadə etmək istərdik. Bilirik ki, ölkəniz böyük təcrübəyə malikdir və biz bu təcrübədən yararlanmaq niyyətindəyik. Qeyd etmək istərdim ki, ölkəmizdə qızıl, mis dəmir və digər faydalı qazıntı ehtiyatları vardır. Mən heyvandarlıq sahəsində olan imkanlarımızı da qeyd etmək istərdim. Çünki bu sahədə də əməkdaşlıq imkanları mümkündür. Eyni zamanda, balıq ehtiyatlarına görə regionda çox önəmli yer tutan ölkəmizdə balıq ovu böyük əhəmiyyət daşıyır və bu sahədə də əməkdaşlıq mümkündür.

Hesab edirəm ki, mənim bu səfərim çox əhəmiyyətli olacaq və məhz bunun nəticəsində də ölkələrimizin bir-birinə yaxınlaşması, iqtisadi sahədə əməkdaşlığın qaydasına düşməsi mümkün olacaqdır. Təbii ki, Azərbaycanın neft-qaz imkanları və bu sahədə olan təcrübəsi böyükdür. Biz məhz bu sahədə də Azərbaycanın təcrübəsindən və köməyindən yararlanmaq istərdik. Bütün bu məsələlər müxtəlif layihələrin həyata keçirilməsi ilə reallaşa bilər. Buna görə də ümid edirəm ki, məhz səfərimdən sonra bu sahədə müəyyən səmərəli addımlar atılacaq və səfər gələcəkdə yeni layihələrin həyata keçirilməsi, əlaqələrin inkişafı üçün bir ərəfə olacaqdır.

Təbii ki, hər iki ölkə arasında siyasi baxımdan iradənin mövcud olması iqtisadi əlaqələrin inkişafı üçün əsas yaradar, məhz bizim dostluq əlaqələrimizin inkişafına öz töhfəsini verər. Ölkələrimizin məsafə cəhətdən bir-birindən çox uzaq olmasına baxmayaraq mənə elə gəlir ki, əlaqələri inkişaf etdirmək olar. Bizim niyyətimiz məhz bundan ibarətdir.

Cənab Prezident, biz məhz iqtisadi sahədə əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sizinlə geniş fikir mübadiləsi apardıq. Mənə elə gəlir ki, məhz iki qardaş, dost xalqın mənafeyinə xidmət edən bu səfərim çox səmərəli olacaqdır.

Cənab Prezident, mən Sizi Mavritaniya İslam Respublikasına rəsmi səfərə dəvət edirəm. Təbii ki, burada iştirak edən nazirlərə, səfirlərə də öz minnətdarlığımı bildirirəm.