Gerb

07 aprel 2012, 16:00

Hörmətli cənab Prezident!

Lerik rayonunun əhalisi həmişə Sizin böyük qayğı və diqqətinizin şahidi olmuşdur. İndiyə qədər Lerik rayonunda görülən ən böyük abadlıq və quruculuq işləri Sizin adınızla bağlıdır. Rayonumuzun problemlərinin həllinə göstərdiyiniz qayğı və diqqəti bu günlərdə bir daha yaxından hiss etdik. 28 min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayırmağınız Lerik rayonunun inkişafını daha da sürətləndirəcəkdir.

Buna görə bütün leriklilər adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, Azərbaycanın ən gözəl guşələrindən olan Lerik rayonu daha da abadlaşacaq, yeni yollar bu kəndlərdə həyatı daha da canlandıracaqdır. Çox sevindirici haldır ki, Qoşmalian və Kəlvəz yolunun tikintisi hələ 1970-ci illərdə ulu öndərimiz Heydər Əliyevin göstərişinə əsasən başlanmışdır.

Ötən müddət ərzində bərbad hala düşmüş bu yolları indi Siz yenidən bərpa edir, böyük rəhbərimizin layiqli ənənələrini yaşadırsınız. Bu gün Azərbaycanın hər yerində olduğu kimi Lerik rayonunda da böyük işlər görülür. Həm sənaye müəssisələri, həm də sosial yönümlü obyektlər tikilir, yeni iş və istirahət zonaları yaradılır. Yəqin ki, Lerik rayonu yaxın vaxtlarda ölkənin əsas turizm mərkəzlərindən birinə çevriləcəkdir. Gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edir, cansağlığı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Lerik rayonunun Qoşmalian kənd sakinləri şəhid valideynləri
Xanəli Nuriyev, Xanrza Məmmədov, Şahzadə Məmmədova,
Elmira İbadova, ağsaqqallar adından Heydər Məmmədov, Müslüm Feyziyev, Nəriman Abbasov, Qarabağ əlilləri adından Ramiz Şıxəliyev və başqaları (cəmi – 15 imza).

Azərbaycan Respublikası, Lerik rayonunun Qoşmalian kəndi.