Azərbaycan Prezidentinin Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşı orden və medallarla təltif edilmişdir

09 aprel 2012, 19:00

Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrup Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmişdir.

Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli Sərəncamı ilə orden və medallarla təltif olunmuşdur. Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişlər.