25 aprel 2012, 14:30

Fikrət Nuriyev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bizə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verdiyinizə görə, Sizə dərin təşəkkürümüzü bildiririk. Hələ ötən əsrin 20-ci illərində fəaliyyətə başlamış Azərbaycan turizminin tarixində ilk dəfə olaraq bu sahənin işçiləri belə yüksək fəxri ada layiq görülüblər. Bu ilk növbədə ümumilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi şəxsən Sizin Azərbaycan cəmiyyətinin çoxşaxəli inkişafına göstərdiyiniz qayğının təzahürüdür. Həyata keçirdiyiniz siyasət sayəsində ölkəmizdə iqtisadiyyatın bütün sahələri, o cümlədən turizm, sosial həyat tərzi, mədəniyyət inkişaf etməkdədir.

Artıq dünyanın ən nüfuzlu ekspertləri etiraf edirlər ki, Azərbaycan regionun ən qüdrətli, lider dövlətidir. İqtisadi artım tempinə görə Respublikamız Avropa dövlətlərinin bir çoxunu geridə qoymaqdadır. İqtisadi yüksəliş turizm sektorunda genişmiqyaslı islahatların, layihələrin reallaşmasına böyük imkanlar açmışdır. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizm inkişafına dair Dövlət Proqramı”nı imzalamaqla, Siz respublikamızda bu sahənin görünməmiş vüsətlə inkişaf etməsinə əvəzsiz xidmətlər göstərmiş oldunuz.

Cənab Prezident!

2011-ci ilin “Turizm ili” elan edilməsi barədə imzaladığınız Sərəncamla bir daha bu sektora dövlət qayğısının olduğunu nümayiş etdirdiniz. Turizm sektorunun bütün işçiləri kimi biz bu Sərəncamı böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıq.

Möhtərəm Prezident!

Sizin fədakar, çoxşaxəli, yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın turizm mərkəzlərindən birinə çevrilməkdədir. Paytaxtımıza, regionlarımıza əcnəbi vətəndaşların marağı getdikcə artır. Füsünkar təbiətə malik bölgələrimizdə müasir turizm kompleksləri dünya standartlarına uyğunlaşdırılmaqdadır.

Dövlətimizin dəstəyi ilə turizm mərkəzlərində çalışan kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi prioritet vəzifələrdən biri kimi diqqətdə saxlanılır. Azərbaycanı ünvan seçən turistlərin sayının faizlə deyil, dəfələrlə artması məqsədyönlü siyasətinizin bəhrəsidir.

Siz, kadrların stimullaşdırılmasını turizm sektorunun inkişafının vacib şərtlərindən biri hesab edirsiniz. Özümüzü xoşbəxt sayırıq ki, əməyi dəyərləndirənlər sırasında bizim də adımız var. Biz bu fəxri adı təkcə 3 nəfərin deyil, bütövlükdə turizm sektorunda çalışan çoxsaylı əməkdaşlarımızın gərgin, şərəfli əməyinə verilən qiymət kimi qəbul edirik.

Cənab Prezident!

Şəxsi diqqətinizə görə, Sizə bir daha minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, bundan sonra da turizm sahəsində həyata keçirdiyiniz siyasətin reallaşması naminə var qüvvəmizlə çalışacağıq.

Dərin hörmətlə,

Aleksandr Quliyev, Fikrət Nuriyev, Sabir Rəhimov.
Azərbaycan Respublikası, Bakı şəhəri.