İlham Əliyev Naxçıvan sement zavodunun açılışında iştirak etmişdir

30 may 2012, 16:00
İlham Əliyev Naxçıvan sement zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan sement zavodunun açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Azərbaycan Prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxdı.

Məlumat verildi ki, son illər Naxçıvan Muxtar Respublikasında yenidənqurma və tikinti işləri geniş vüsət aldığından inşaat materiallarına da tələbat getdikcə artır. Bu baxımdan yeni sement zavoduna kəskin ehtiyac yaranmışdır. Müəssisənin inşası məqsədilə mütəxəssislər əvvəlcə təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işlərinə başlamışlar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonunda 150,6 hektar ərazidə yeni sement zavodu tikilmişdir. Nəticədə son 20 ildə muxtar respublikada investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri reallaşdırılmışdır.

Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı.

Sonra dövlətimizin başçısı avtobusla zavodun ərazisini gəzdi.

Məlumat verildi ki, müəssisədə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə verilmişdir. Burada kompleks abadlıq və yaşıllaşdırma tədbirləri reallaşdırılmışdır. Müasirliyi ilə diqqəti cəlb edən yeməkxanada hər cür şərait yaradılmışdır. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılmışdır. Naxçıvan-Sədərək magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilmişdir. Naxçıvan sement zavodu Azərbaycanın sənaye potensialının daha da möhkəmləndirilməsinə böyük töhfədir.

Qeyd edildi ki, zavod ən müasir standartlara cavab verir. “Naxçıvan Sement” MMC-nin məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaqdır. Tezliklə bu müəssisə regionun sement bazarında əhəmiyyətli yer tutacaqdır.

Bildirildi ki, zavodun ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, 12 hektar ərazidə 18 mindən çox müxtəlif növ ağac əkilmişdir. Müəssisənin ətraf mühitə mənfi təsirinin azaldılması da diqqət mərkəzində saxlanılmış, burada dünya standartlarına cavab verən müvafiq avadanlıq quraşdırılmışdır.

Dövlətimizin başçısına zavodun istehsal prosesi barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, 18 əsas istehsal sahəsindən ibarət olan müəssisədə ən müasir avadanlıq quraşdırılmışdır. Tam gücü ilə işlədiyi zaman müəssisədə üç növbədə 210 nəfər daimi işlə təmin olunacaqdır. Müəssisənin gündəlik sement istehsalı gücü 800 tondur. Zavodun işçilərinin əksəriyyətini muxtar respublikanın gənc sakinləri təşkil edir və onların peşə bacarıqlarının təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlər görülür.

Konveyer üsulu ilə işləyən zavodda texnoloji proseslərə ciddi əməl olunur. Burada sement quru üsulla istehsal edilir.

Regionda bu son texnologiya çox az müəssisədə tətbiq olunur. Burada istehsal edilən sement keyfiyyətinə görə muxtar respublikaya idxal olunan müvafiq məhsuldan dəfələrlə üstündür. Quru üsulla sement istehsalı zavodda yanacaq sərfini də minimuma endirir. Müəssisədə istifadə edilən bütün xammal növləri və qatqılar, o cümlədən əhəng daşı, dəmirli gil, kvars, gips muxtar respublikanın Kəngərli, Şərur və Babək rayonlarındakı mədənlərdən əldə edilir. Zavoda daxil olan xammal müxtəlif mərhələlərdən keçərək kiçik ölçülərdə doğranır və qarışıqlarla birlikdə 1400–1600 dərəcə istidə bişirilir.

Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq satışa çıxarılır.

Prezident İlham Əliyevə bildirildi ki, yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq zavodun məhsulları Avropa tələblərinə uyğun “CE” keyfiyyət nişanına layiq görülmüşdür. Beynəlxalq ekspertlər qiymətləndirmə zamanı zavodda quraşdırılan avadanlığın və keyfiyyətə nəzarət cihazlarının müasirliyi, əməyin və ətraf mühitin mühafizəsinə maksimum həssaslıqla yanaşılmasını əsas götürmüşlər. Zavodda istehsal xəttinə daxil olan xammal, qatqı maddələri, istehsal edilən klinkerin, sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir avadanlıqla təchiz olunmuş laboratoriyada həyata keçirilir. Bununla yanaşı, saatda bir dəfə istehsal xəttindən nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Həmin analizlərin nəticələri zavodun arxivində saxlanılmaqla yanaşı, istehlakçılara da təqdim olunur. Zavodun yüksək keyfiyyəti ilə seçilən məhsulları Bakıda, ölkəmizin rayonlarında və Gürcüstanda artıq satışa çıxarılmışdır. Yaxın vaxtlarda müəssisədə yeni növ məhsulların istehsalı, eləcə də yerli və beynəlxalq keyfiyyət sertifikatlarının alınması nəzərdə tutulmuşdur.

Bildirildi ki, insan amili və keyfiyyətin başlıca meyar kimi götürüldüyü müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına xüsusi diqqət yetirilir.

Naxçıvan sement zavodu ilə yaxından tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivinə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo