Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında İlham Əliyevin nitqi

05 iyun 2012, 13:30
Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən Sizin hamınızı ürəkdən salamlayıram.

Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının keçirilməsi ölkəmiz üçün böyük hadisədir. Bu sərgi və konfransın artıq böyük tarixi vardır. Bu sərgi 19-cu dəfə keçirilir. Deyə bilərəm ki, maraq azalmır, artır. Bunun nəticəsidir ki, bu dəfə sərgidə 300-dən artıq şirkət iştirak edir.

Buraya gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi.

Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin kontraktı” imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik.

O vaxt ölkəmiz gələcək inkişaf istiqamətlərini müəyyən edirdi. Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcəkdir?! Əlbəttə ki, bizim əsas potensialımız olan neft ölkənin ümumi inkişafına xidmət göstərməli idi. Bunu etmək üçün mütləq xarici tərəfdaşlar Azərbaycana sərmayə qoymalı idilər. Çünki o vaxt Azərbaycanın maddi imkanları çox məhdud idi. Biz buna nail ola bildik. Qısa müddət ərzində müxtəlif irimiqyaslı, böyük şirkətlər Azərbaycana gəldilər, sərmayə qoymağa başladılar. Beləliklə, Azərbaycanın uğurlu inkişafı başlandı.

Məhz 1994-cü ildə ulu öndər tərəfindən Heydər Əliyev neft strategiyası elan edilmişdir ki, bu gün də bu strategiya davam etdirilir. Əlbəttə, 19 il ərzində bu strategiya inkişafdadır, bu strategiyaya yeni istiqamətlər cəlb edilir. Beləliklə, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir.

1994-cü ildə isə biz bu böyük yolun əvvəlində idik. Mən çox şadam ki, o vaxt qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi. Azərbaycana böyük sərmayə qoyulmuşdur. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar təxminən 50 milyard dollar səviyyəsindədir. Ancaq bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına təxminən 120 milyard dollar sərmayə qoyulmuşdur. Yəni, biz neft amilindən çox məharətlə və böyük səmərə ilə istifadə edə bildik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bildik. Ölkə iqtisadiyyatını çoxşaxəli iqtisadiyyat kimi təşkil edə bildik. Bu gün bu proses davam etdirilir. Ancaq 1990-cı illərin ortalarında həm neft sənayesində, ümumiyyətlə, iqtisadi sahədə köklü islahatlar aparılmağa başlanmışdır. O vaxt həm geosiyasi, həm iqtisadi, həm siyasi baxımdan Azərbaycan indiki kimi güclü dövlət deyildi. Azərbaycana təzyiqlər də, təhdidlər də var idi. Biz gənc ölkə idik. Bizim maddi imkanlarımız çox məhdud idi. Amma buna baxmayaraq, Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində, düzgün təşkil edilmiş strategiya nəticəsində biz bütün hədəflərə çatdıq.

2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə kəmər istifadəyə verilmişdir. Bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bilmişdir. Bu kəmər təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, eyni zamanda, yeni dəhlizin açılması üçün çox vacib, tarixi bir addım idi.

Artıq bu dəhliz işə düşəndən sonra növbəti mərhələdə böyük “Şahdəniz” yatağının qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir.

“Şahdəniz” üzrə kontraktın imzalanması “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanmasından iki il sonra baş vermişdir. O vaxt Azərbaycanın qaz potensialı haqqında dünyada heç bir məlumat yox idi. Çünki sovet dövründə bizim qaz imkanlarımız araşdırılmamışdır. Geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq “Şahdəniz” qaz yatağının kəşfindən sonra, - bu yataq dünya miqyasında ən böyük yataqlardan biridir, - əlbəttə ki, bu sahəyə diqqət daha da çox olmuşdur. Beləliklə, düzgün strategiyanın icra edilməsi nəticəsində dəhlizin açılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik.

Eyni zamanda, bu, bizim üçün böyük təcrübə idi. Çünki bizim Dövlət Neft Şirkətimiz – SOCAR o vaxt sadəcə olaraq daxili bazarda fəaliyyət göstərən adi bir şirkət idi. Başqa dövlət qurumlarından heç nə ilə fərqlənmirdi. Amma bizim məqsədimiz ondan ibarət idi ki, SOCAR-ı dünya miqyaslı nəhəng enerji şirkətinə çevirək. Hazırda biz bu məqsədə də çatmışıq. Bundan sonra SOCAR-ın həm ölkə daxilindəki, həm xaricdəki fəaliyyəti daha da genişmiqyaslı olacaqdır.

Biz təcrübə toplamışıq. Bizim gənc mütəxəssislərimiz xaricdə təhsil almışlar. “Əsrin müqaviləsi”nə əsasən bu əməliyyatlarda iştirak edən insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır. Yəni, burada məşğulluq məsələlərinə də diqqət göstərilmişdir. Bir sözlə, uğurlu neft strategiyamız həm 1990-cı illər üçün, həm bu gün üçün çox əhəmiyyətlidir və bizə imkan verdi ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri uğurla inkişaf etdirək. Əlbəttə, biz bu strategiyanı icra edərkən bir neçə hədəfi qarşımıza qoymuşduq. İlk növbədə, məqsəd Azərbaycanın zəngin neft-qaz potensialını tam şəkildə realizə etmək idi. Digər tərəfdən, neft amilindən sadəcə olaraq istifadə edib qeyri-neft sektorunu inkişaf etdirmək məsələsi gündəlikdə idi. Hələ o illərdə mən demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir - ölkəmizi inkişaf etdirmək, müasir dövlət yaratmaq üçün vasitədir.

Hesab edirəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edə bilmişik. Xüsusilə Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə atılan çox vacib addım idi. Çünki bu qurumun fəaliyyətə başlaması həm şəffaflığı təmin etdi, eyni zamanda, bizə imkan verdi ki, neftdən və indi qazdan əldə edilən gəlirlər əhəmiyyətli şəkildə qorunsun, saxlanılsın və ölkənin qeyri-neft sektoruna investisiya şəklində qoyulsun.

Biz valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq. Hazırda valyuta ehtiyatlarımız 40 milyard dolları ötübdür. Gələcəkdə bu məbləğ daha da böyük olacaqdır. Bu, bizə imkan verir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə aşağı salaq. Buna nail oluruq. Çünki bu ilin birinci rübünün iqtisadi göstəriciləri deməyə əsas verir ki, biz bu yolda artıq uğurlara nail olmuşuq, Qeyri-neft sənayemiz birinci üç ayda 16 faiz artmışdır.

Ölkənin uğurlu inkişafı, iqtisadiyyatın şaxələndirilməsi bizim prioritetlər sırasında idi. Beləliklə, bu məqsəd də qarşıya qoyulmuşdur. Digər məqsəd dünya birliyi ilə əlaqələrimizi daha da möhkəmləndirmək idi. Dost, tərəfdaş ölkələrlə ikitərəfli əsasda əlaqələrimizi gücləndirmək işində də neft-qaz amili öz rolunu oynamışdır.

Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25-30-35 faiz təşkil edir. Bu gün biz dostlarımız üçün, Avropa istehlakçıları üçün etibarlı tərəfdaş qismində çıxış edirik. Bu rol getdikcə artır. Biz, eyni zamanda, neftlə, qazla zəngin olan hər bir ölkə qarşısında duran digər məsələni də icra etdik. Bu da ixrac imkanlarımızın şaxələndirilməsi məsələsidir. Hazırda bizim yeddi neft və qaz kəmərimiz vardır ki, resurslarımızı bütün istiqamətlərə ixrac edir. Biz bir marşrutdan, bir yoldan asılı deyilik.

Hazırda Avropa istehlakçıları da bu məsələ ilə bağlı müəyyən tədbirlər görürlər. Onlar üçün də şaxələndirmə mühüm amildir. Bir mənbədən asılı olmaq, əlbəttə ki, o qədər məqbul variant sayıla bilməz. Ancaq biz Azərbaycan olaraq bu vəzifəni icra etmişik. Bu gün bizim neftimiz və qazımız müxtəlif istiqamətlər üzrə ixrac edilir. Əlbəttə, biz gələcəkdə tərəfdaşlarla bu sahədə işimizi daha da sürətləndirəcəyik.

Neft-qaz sahəsində istehsalçılar, tranzit ölkələr və istehlakçılar bir yerdə olmalıdırlar. Burada rəqabətə, yaxud da ki, qarşıdurmaya yol vermək olmaz. Əksinə, burada maksimum əməkdaşlıq olmalıdır. Çünki əməkdaşlıq olduqda hər üç tərəf öz mənfəətini götürür. Biz bu məsələyə bu fəlsəfə ilə yanaşırıq.

Bütövlükdə bizim enerji siyasətimiz çox açıqdır və xoşniyyətlidir. Biz hesab edirik ki, enerji siyasəti ölkələri birləşdirməlidir, ayırmamalıdır. Enerji amilindən qarşıya hansısa siyasi məqsədlər qoymaq və onlara çatmaq üçün istifadə edilməməlidir. Bizim yanaşmamız bundan ibarətdir. Bizim üçün dost olan ölkələrin enerji təhlükəsizliyi məsələlərinə də töhfəmiz buna dəlalət edir. Biz bəzi hallarda bəzi ölkələrin çətinliklərini nəzərə alaraq onlara yardım etmək üçün əlimizi uzatmışıq. Həm dostluğumuzu möhkəmləndirmişik, həm də iqtisadi və siyasi maraqlarımızı təmin edə bilmişik. Hesab edirəm ki, indiki mərhələdə və gələcək illərdə dünyada enerji siyasətində bu səpkidə meyillər güclənərsə, onda bütün məsələləri proqnozlaşdırmaq daha asan olacaqdır. Bir sözlə, enerji resursları ölkələri ayırmamalıdır, birləşdirməlidir.

Mən hesab edirəm ki, Azərbaycan təcrübəsi bu sahədə çox məqbul ola və öyrənilə bilər. Eyni zamanda, digər sahədə - xarici investorlar, yerli şirkətlər və yerli hakimiyyət orqanları arasında əməkdaşlıq baxımından hesab edirəm ki, Azərbaycanda vəziyyət nümunəvidir.

Biz əsas enerji tərəfdaşımız olan bp şirkəti ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarını təmin edir. bp bizim strateji partnyorumuzdur. Bir nömrəli investordur. Həm “Azəri-Çıraq-Günəşli”də, həm “Şahdəniz”də və digər yataqlarda bizimlə birgə işləyir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərində əsas oyunçudur. Bu, 20 ilə yaxın olan əməkdaşlıq onu sübut edir ki, investorların maraqları və ölkənin, xalqın maraqları üst-üstə düşə bilər. Bu əməkdaşlıq və bu təcrübə hesab edirəm ki, müəyyən mənada dünyada nadir təcrübədir. Bu da öyrənilə bilər və biz hesab edirik ki, bu sahədə də uğurlu əməkdaşlığa nail ola bilmişik.

Bizim üçün dövlət olaraq, ilk növbədə Azərbaycanın milli maraqlarıdır. Biz nail ola bilmişik ki, Azərbaycan zəngin neft yataqlarımızdan artıq nefti, qazı hasil və ixrac edir. Bu, ölkə iqtisadiyyatına əvəzedilməz bir töhfədir. Təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə o cəsarətli addım atılmasaydı, indi bizim vəziyyətimiz necə olacaqdı?!

Enerji təhlükəsizliyi enerji müstəqilliyini şərtləndirir. Enerji müstəqilliyi isə bütövlükdə ölkələrin iqtisadi müstəqilliyinə böyük töhfə verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Mən dəfələrlə qeyd etmişəm və artıq bu, reallıqdır ki, Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasəti aparmaq üçün bizə güc verən əlbəttə ki, xalqla iqtidar arasında olan birlikdir və eyni zamanda, iqtisadi müstəqilliyimizdir. Biz iqtisadi cəhətdən tam müstəqil ölkəyik. Biz enerji resurslarının ixracı məsələlərində tam müstəqilik. Çünki qeyd etdiyim kimi, çoxşaxəli neft-qaz kəmərlərimiz vardır, bir yoldan asılı deyilik. Bu, bizə imkan verir ki, siyasi müstəvidə siyasətimizi inamla və cəsarətlə aparaq. Beləliklə, keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyində qeyd etdiyim kimi, bu gün Azərbaycanda müstəqillik tamdır, şərtsizdir.

Yenə də qayıdıram 1994-cü ilə. Bugünkü uğurların təməli məhz o vaxt qoyulmuşdur. Əlbəttə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə edə bilmişik. Biz elə ölkələr tanıyırıq ki, orada bizdən daha çox neft-qaz yataqları, resurslar vardır. Ancaq orada iqtisadiyyat birtərəflidir, çoxşaxəli deyil, neftdən, qazdan asılılıq mütləqdir. Ancaq bizdə belə deyildir.

Biz qarşıya hədəf qoymuşuq ki, neft-qaz sadəcə olaraq iqtisadi şaxələndirməni təmin edən vasitədir və buna nail olmuşuq. Əgər bizim ümumi iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, dünya miqyasında bu templər ən sürətli templərdir. Son səkkiz il ərzində iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq isə beş dəfə azalmışdır. Artıq yoxsullar təbəqəsi Azərbaycanda getdikcə azalır. Əminəm ki, bir neçə ildən sonra biz bu böyük bəladan canımızı qurtaracağıq. Bu, nəyi göstərir? Onu göstərir ki, vaxtilə Azərbaycanda iqtisadiyyatın birtərəfli şəkildə inkişafı ilə bağlı verilən bəzi mülahizələr özünü doğrultmadı. Vaxtilə bizi “Holland sindromu” ilə hədələyən bəzi təhrikçilər öz səhvlərini etiraf etməlidirlər. Çünki biz iqtisadi şaxələndirməyə nail ola bilmişik.

Neft-qaz sektoru o qədər də böyük sayda iş yerlərinin açılmasına gətirmir. Ancaq Azərbaycanda son səkkiz il ərzində bir milyon yeni iş yeri açılmışdır. Harada? Qeyri-neft sektorunda, kənd təsərrüfatında, xidmət sektorunda. İnfrastruktur layihələrinə böyük həcmdə investisiya qoyulmuşdur. Bütövlükdə neft amili ölkəmizə böyük canlanma gətirdi. Yenə də deyirəm, həm resurslar vacibdir, həm onlardan səmərəli istifadə qaydaları. Mən hesab edirəm ki, biz Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Bu siyasət bu gün də davam etdirilir. Əminəm ki, gələcək illərdə biz yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik.

O ki qaldı gələcək planlarımıza, mən bu gün buraya daxil olarkən sərgini təşkil edənlərlə qısa söhbət əsnasında qeyd etdim ki, hər il sərgidən-sərgiyə Azərbaycanın enerji sektorunda çox vacib hadisələr baş verir. Son bir il ərzində, keçən sərgidən ötən dövrdə bir neçə vacib hadisə baş vermişdir. Onların içində SOCAR-ın yeni neft, kimya, neftayırma kompleksinin yaradılması layihəsi artıq təqdimat şəklində göstərilmişdir. Bu, böyük layihədir. Ölkə iqtisadiyyatı üçün, bundan sonra onilliklər ərzində enerji sahəsində və qeyri-neft sahəsində iqtisadiyyatın inkişafı üçün çox vacib layihədir.

SOCAR, eyni zamanda, xarici bazarlara investisiyaları artırır. Bu investisiyalar milyardlarla dollar səviyyəsindədir.
Son iki il ərzində iki böyük qaz yatağının aşkarlanması qaz potensialımızı böyük dərəcədə artıra bilmişdir. “Ümid” və “Abşeron” qaz yataqlarında ilkin hesablamalara görə 600, bəlkə də 700 milyard kubmetr qaz ehtiyatları vardır. Beləliklə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.

Son bir il ərzində ilk alternativ və bərpa olunan enerji sektorunda böyük dəyişikliklər baş vermişdir. Azərbaycanın yeni hibrid tipli külək-günəş elektrik stansiyasının açılışı olmuşdur. Azərbaycanda artıq günəş panelləri zavodu fəaliyyət göstərir. Mənim göstərişimlə yaxın zamanlarda yüksək texnologiyalar parkının yaradılmasına başlanacaqdır. Mən çox şadam ki, bu sərgidə alternativ və bərpa olunan enerjiyə aid stendlər vardır və bu gün biz onunla tanış olacağıq.

Bu məsuliyyəti biz öz üzərimizə götürmüşük. Ola bilər ki, neftlə, qazla zəngin olan ölkələr üçün bu, o qədər də xas deyildir.

Ancaq mən hesab edirəm ki, bu, bizim məsuliyyətimizdir. Ətraf mühitin qorunmasına verilən töhfədir. Mən hesab edirəm ki, neftlə, qazla zəngin olan, enerji təhlükəsizliyini təmin edə bilən ölkələr, ilk növbədə, bərpa olunan enerji növlərinə investisiya qoymalıdır. Yəni, biz bunu məcburən qoymuruq. Biz bunsuz da yaşaya bilərik. Qeyd etdiyim kimi, qaz yataqlarımız bundan sonra bəlkə də yüz il, neft resurslarımız isə 50 ildən çox bizə xidmət edəcəkdir. Çünki “Azəri-Çıraq-Günəşli” yatağında daha da çox neft ehtiyatları vardır.

Ancaq biz bu addımları, ilk növbədə ona görə atırıq ki, hesab edirik bunu etməliyik. Digər tərəfdən bərpa olunan enerjinin bizim enerji balansında payı artarsa, əlbəttə ki, ənənəvi enerji növlərinə qənaət ediləcək və daha da çox iqtisadi səmərə görəcəyik. Ekoloji tədbirlərin gücləndirilməsi üçün bu addımların böyük əhəmiyyəti vardır.

Çıxışımın sonunda qaz sahəsində gələcək planlarla bağlı bir-iki kəlmə demək istəyirəm. Biz bu sahədə həlledici məqama gəlib çatmışıq. Bu gün, əlbəttə, Azərbaycanın qaz imkanları artıq dünyaya təqdim edilib. Biz qaz resurslarını müxtəlif istiqamətlər üzrə çatdırırıq. Dörd qaz kəmərimiz var, dördü də işlək vəziyyətdədir. Ancaq biz “Şahdəniz-2” layihəsinin işlənilməsinə yaxınlaşırıq. Eyni zamanda, “Ümid”, “Abşeron” və digər yataqlardan çıxarıla biləcək qaz ehtiyatlarını nəzərə almalıyıq. Biz uzunmüddətli qaz strategiyamızı indi hazırlayırıq. Demək olar ki, bu strategiya hazırdır.

Burada əlbəttə ki, qarşılıqlı inam və qarşılıqlı maraqlar ön plana çıxır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Ölkə qarşısında duran bütün vəzifələr icra edilib. Əgər biz bu səviyyədə irəliləsək, neftin və qazın hasilatını indiki səviyyədə saxlasaq və buna imkan vardır, onilliklər bundan sonra da uğurla inkişaf edəcəyik.

Yəni, bir tərəfdən hansısa əlavə təşəbbüslərə bəlkə də ehtiyac yoxdur. Ancaq digər tərəfdən, biz bölgədə, Cənubi Qafqazda aparıcı ölkəyik. Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Belə olan halda biz 10 il, 20 il, 30 il qabağa baxmalıyıq. Elə etməliyik ki, qaz ehtiyatlarımız maksimum şəkildə realizə edilsin. Beləliklə, uzunmüddətli qaz strategiyamız buna yönəlib. Hesab edirəm ki, əgər bu sahədə investorlar, hasilatçılar, tranzit ölkələri, istehlakçılar arasında işbirliyi, əməkdaşlıq olarsa, bu məsələlər öz həllini lazımi səviyyədə tapa bilər. Hər halda, bildiyiniz kimi, keçən ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji-qaz sahəsində bəyannamə imzalanmışdır, işçi qrupu yaradılmışdır. İşçi qrupu işləyir. Biz bu işçi qrupunun işinin nəticələrini gözləyirik.

Bir daha demək istəyirəm, Azərbaycan neft-qaz sahəsində xoşniyyətli, xoşməramlı siyasət aparır. Bu siyasət əməkdaşlığa, qarşılıqlı maraqların nəzərə alınmasına yönəldilib. Nəticə etibarilə bu siyasət hər bir tərəfin marağına xidmət edəcəkdir.

Mən bir daha bugünkü açılış mərasiminə toplaşmış bütün qonaqları ürəkdən salamlayıram, sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, onların fəaliyyəti ölkəmiz üçün çox vacibdir, önəmlidir. Həm işin əvvəlində, 90-cı illərin ortalarında, həm bu gün. Çünki bu gün bir daha demək istəyirəm ki, Azərbaycana maraq daha da böyükdür və nəinki neft-qaz sektoruna, bütün başqa sahələrə. Azərbaycan əməkdaşlığa həmişə olduğu kimi hazırdır. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55