Gerb

23 iyul 2010, 11:11

Möhtərəm cənab Prezident,

Sizin 2010-cu il 10 iyul tarixli Sərəncamınıza müvafiq olaraq milli mətbuatımızın yaranmasının 135 illiyinə həsr olunmuş silsilə tədbirlərə dünən yekun vuruldu. Azərbaycan Mətbuat Şurası inkişaf etmiş ölkələrin mətbuat şuralarının həsəd apara biləcəyi müasir tələblərə cavab verən yeni inzibati binaya köçdü. Mətbuatımızın yubileyi “Gülüstan” Sarayında təntənəli şəkildə qeyd edildi. Sizin Sərəncamlarınızla həmkarlarımızın böyük bir qrupu mətbuat sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, “Tərəqqi” medalına layiq görüldü. Müntəzəm nəşr olunan 32 gündəlik qəzetin hər birinə 20 min, 8 informasiya agentliyinin hərəsinə 10 min manat məbləğində birdəfəlik maliyyə yardımı ayrıldı.

Mətbuat Şurasının yeni binasının açılışında iştirakınız zamanı mətbuatımızın digər aktual problemləri ilə yanaşı, jurnalistlərimizin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fikir və təkliflər səslənəndə, məsələnin tezliklə həllini tapacağını bildirdiniz. Çox gözləməyə ehtiyac qalmadı. Sizin imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncam Azərbaycan jurbalistlərinə misilsiz hədiyyə oldu.

Bu, bir daha göstərir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatımızın inkişafına dövlət qayğısı siyasəti davamlı və məqsədyönlü xarakter daşıyır. Milli iqtisadiyyatımızın yüksəlişindən bütün sahələr kimi, mətbuatımızın da bəhrələnməsi sevindirici haldır.

Möhtərəm cənab Prezident,

İcazə verin, Azərbaycan mətbuatının 135 illik yubileyinin bütün ölkə miqyasında yüksək səviyyədə keçirildiyinə, kütləvi informasiya vasitələrinin müasir dövrün tələbləri səviyyəsində inkişafına, jurnalistlərimizin mənzil şəraitinin yaxşılaşdırılmasına göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bütün mətbuat nümayəndələrinin dərin minnətdarlığını çatdırım. Bizə olan həssas münasibətiniz, ölkədə söz və mətbuat azadlığına yaradılan geniş imkanlar hər bir qələm sahibində ruh yüksəkliyini artırır, yaradıcılıq axtarışlarına mənəvi stimul verir. 

Dərin hörmətlə,

Azərbaycan Mətbuat Şurası adından
Əflatun Amaşov