“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

17 iyul 2012, 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində, 9.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 9.4-cü, 9.5-ci, 10.2-ci maddələrində, 10.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 21.2-ci maddəsində ikinci halda və 21.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 15.1-ci, 16.1-ci (mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarının sahibi olan fiziki və hüquqi şəxslərin dövlət uçotu sahəsində), 16.2-ci, 17.1-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirir;

1.3. həmin Qanunun 18.1-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini fəaliyyətin müəyyən olunması hissəsində yerli icra hakimiyyəti orqanları, həmin fəaliyyətə məhdudiyyətlər qoyulması hissəsində yabanı bitkilərə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mədəni bitkilərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması qaydasını və şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.5. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının əsasnamələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.6. həmin Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələrini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.7. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.8. həmin Qanunun 21.2-ci maddəsinə uyğun olaraq, ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.9. həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10