|
31 iyul 2012, 16:20
İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olmuşdur
Prezident İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olmuşdur. Dövlət başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxdı, hazır məhsulların nümunələri ilə tanış oldu. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, müəssisənin yenidən qurulması işlərinə 2010-cu ilin dekabrında başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır. Cəlilabad şəhərində 45 hektar ərazidə köhnə tikililərdən ibarət quşçuluq fabrikinin yenidən qurulması Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcəkdir. Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait sərf olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yenidənqurma işlərinə iki milyon manat güzəştli kredit verilmişdir. Azərbaycan Prezidenti “Cəlilabad Broyler” ASC-nin yeni inşa olunan yem istehsalat sahəsini işə saldı və yem zavodunun istehsal prosesini əks etdirən filmi izlədi. Dövlət başçısına məlumat verildi ki, müasir avadanlıqla təchiz edilən bu istehsal sahəsi saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Quşçuluq təsərrüfatları üçün burada qırma və pelet yemləri hazırlanacaqdır. Yem zavodu tam avtomatlaşdırılmışdır. Müəssisədə ümumi tutumu 500 kubmetr xammal, 5 min litr vitamin və minerallar olan 18 yem anbarı vardır. Müəssisədə 220 nəfər işlə təmin olunmuşdur. Bildirildi ki, bir çox yeni sənaye müəssisələri kimi, Cəlilabad quşçuluq fabrikinin fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Fabrikin inşasına 1967-ci ildə başlanılsa da 1968-ci ildə tikinti işləri dayandırılmışdır. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müəssisənin tikintisi sürətləndirilmişdir. Ulu öndər 1972-ci ildə quşçuluq fabrikində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Nəhayət, 1976-cı ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəlilabad quşçuluq fabrikinin açılışı olmuşdur. Məlumat verildi ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin illik istehsal gücü 6 min ton quş əti məhsullarıdır. Bu müəssisənin fəaliyyətə başlaması respublikamızda quş əti məhsullarının istehsalının artırılmasına, idxalı əvəz edən məhsul hazırlanmasına şərait yaradacaq, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir. Müəssisədə hər birinin sahəsi 1512 kvadratmetr olan 34 quş fermasından 28-də yenidənqurma işləri aparılmışdır. Müəssisə, əsasən, Türkiyə texnologiyaları əsasında qurulmuşdur. Quş fermaları Türkiyənin “TAVSAN”, İranın “Pars” şirkətlərinin yemləmə, havalandırma avadanlığı ilə təchiz edilmişdir. Həmçinin müəssisədə kəsim sexi yerli “ASENA” şirkəti tərəfindən Türkiyə texnologiyası əsasında qurulmuşdur. Sexdə saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Yeni inşa olunan sex isə hər birinin tutumu 177 min yumurta olan iki inkubator avadanlığı ilə təchiz edilmişdir. İnkubator sexində istehsal olunan bir günlük cücələr müəssisənin daxili tələbatının ödənilməsi üçün nəzərdə tutulmuşdur. Müəssisədə yem sexi, soyuducu və şoklama kameraları da inşa edilmişdir. Dövlət başçısı respublikada mövcud və tikilməkdə olan quşçuluq təsərrüfatlarını əks etdirən stendlə də tanış oldu. Bildirildi ki, respublikada 43 quşçuluq təsərrüfatı vardır. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Dövlətin güzəştli krediti hesabına tikilmiş və tikilən 30 quşçuluq təsərrüfatına 55 milyon manat vəsait ayrılmışdır. Bunlardan 10-u istifadəyə verilmiş, digər 20-sinin cari ildə açılması planlaşdırılır. Aparılan araşdırmalara əsasən, respublikada əlavə olaraq, sənaye üsulu ilə 11,2 min ton quş əti istehsal edəcək təsərrüfatların yaradılması təklif olunur. Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.