Yalçın Əfəndiyevdən, Bakı, Azərbaycan
10 avqust 2012, 16:00
Möhtərəm cənab Prezident!
Dünya kinosunun həmyaşıdı olan Azərbaycan milli kinosu tarixin müxtəlif mərhələlərində gah eniş, gah da yüksəliş dövrləri ilə dolu bir zaman yaşayıb. Azərbaycan mədəniyyətinin təmsilçilərindən olan biz kinematoqrafçılar Azərbaycan kinosunun yükünü daima çiyinlərimizdə daşımağa çalışmış, tariximizin salnaməsini lentə köçürməyi, onun ən şərəfli anlarını yaşatmaqla həm də sənətimizi yaşatmağı qarşımıza məqsəd qoymuşuq.
Milli kino günü ərəfəsində aldığımız xoş xəbər biz kinematoqrafçıların Sizin və Sizin simanızda Azərbaycan dövlətinin dəstəyindən kənarda qalmadığını bir daha sübut etdi. Sizin 2012-ci il 30 iyul tarixli Sərəncamlarınızla respublika kino xadimlərinin böyük bir qrupu Prezident təqaüdünə, fəxri adlara və “Tərəqqi” medalına layiq görülmüşdür. Prezident təqaüdünə layiq gördüyünüz iki nəfərdən biri mən oldum və bununla mənə böyük sevinc bəxş etdiniz.
Hörmətli cənab Prezident!
Məhz Azərbaycan kinosuna və kino xadimlərinə verdiyiniz yüksək qiymətə, o cümlədən mənə göstərdiyiniz diqqət və qayğıya görə öz adımdan və doğmalarım adından Sizə sonsuz təşəkkür və ehtiramımı bildirirəm. Azərbaycan mədəniyyətinin daha da yüksəlməsi və inkişafı üçün gördüyünüz misilsiz işlərinizdə Sizə, eləcə də bu işdə Sizə yaxından kömək göstərən hörmətli Mehriban xanım Əliyevaya böyük uğurlar arzulayıram.
Tanrı daim Sizinlə olsun!
Hörmətlə,
Yalçın Əfəndiyev, Xalq artisti, Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Bakı şəhəri.