İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir

14 avqust 2012, 16:40
İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsinə dəvət edilən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini və türkdilli ölkələrdən olan qonaqları dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi və ən xoş arzularını çatdırdı.

Sonra şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına yeni iqamətgah barədə məlumat verdi.

Qeyd olundu ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilmişdir. Tikinti işləri zamanı dünya, Şərq və Azərbaycan memarlığının, müxtəlif nəqqaşlıq məktəblərinin nadir nümunələrinə geniş yer verilmişdir. Yeni iqamətgah, eləcə də ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir.

Prezident İlham Əliyevə bildirildi ki, yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. İqamətgahda dindarların namaz qılmaları və digər dini ayinləri yerinə yetirmələri üçün də müvafiq şərait yaradılmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu, cənnətin qapılarının açıldığı, on bir ayın sultanı Ramazan ayında istifadəyə verilən yeni iqamətgah Azərbaycan müsəlmanlarına dəyərli töhfədir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu bildirdi. Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırdı. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin durmadan artan beynəlxalq nüfuzunun daha bir əyani nümunəsi kimi dəyərləndirdi.

Respublikamızda milli mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətlərini vurğulayan şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpası istiqamətində dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. O, qeyd etdi ki, əgər sovet dövründə respublikamızda cəmi 18 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı iki minədəkdir.

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirdi və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı.

Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev müqəddəs Ramazan bayramı münasibətilə Şimali Qafqaz xalqlarının ən xoş arzularını Prezident İlham Əliyevə və mərasim iştirakçılarına çatdırdılar. Onlar ölkəmizə hər səfərlərində sürətli sosial-iqtisadi inkişafın şahidi olduqlarını qeyd etdilər.

Prezident İlham Əliyev iftar mərasimində çıxış etdi.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Xanımlar və cənablar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir.

Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə davam etdirilir. Mən hər il böyük məmnuniyyətlə şeyx həzrətlərinin iftar süfrəsində iştirak edirəm.

Bugünkü görüşümüzdə Şimali Qafqaz müftilərinin iştirakı xüsusi əhəmiyyət daşıyır. Mən qardaşlarımızı səmimiyyətlə salamlayıram. Onlar Azərbaycana tez-tez gəlirlər. Hər dəfə gələndə çalışırıq ki, görüşək, bir yerdə olaq. Onlar bizim tədbirlərimizdə iştirak etmişlər. Təzəpir məscidinin, Əjdərbəy məscidinin yenidənqurmadan sonra açılışlarında iştirak etmişlər. Gələcəkdə İmamzadə dini-tarixi kompleksinin bərpasından və Azərbaycanın ən qədim məscidi olan Şamaxı məscidinin əsaslı təmirdən sonra açılışında da biz onları görməyə şad olacağıq.

Qafqaz vahid orqanizmdir. Azərbaycan xalqı əsrlər boyu Şimali Qafqaz xalqları ilə bir yerdə olmuşdur. Bu gün bu birlik davam etdirilir. Şimali Qafqaz respublikalarının rəhbərləri dəfələrlə Azərbaycanda olmuşlar. Biz hamımız istəyirik ki, Qafqazda daim sülh, sabitlik, əmin-amanlıq və qarşılıqlı anlaşma olsun. Bu məqsədlərə çatmaq üçün din xadimlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Şimali Qafqaz müftiləri öz respublikalarında çox böyük hörmətə malik olan insanlardır. Onların bizim hörmətli şeyx həzrətləri ilə əlaqələri, dostluq telləri xalqlarımızı daha da sıx birləşdirir.

Eyni zamanda, bu gün məclisimizdə türkdilli dövlətlərin iqtisadiyyat nazirləri də əyləşiblər. Türkiyə, Qazaxıstan, Qırğızıstanın iqtisadiyyat nazirləri də bizim qonaqlarımızdır. Bu tərkibdəki görüş rəmzi xarakter daşıyır. Çünki Azərbaycan Qafqaz ölkəsidir, eyni zamanda, türkdilli dövlətdir. Azərbaycan o ölkədir ki, burada millətlər, xalqlar, dinlər görüşür, birləşir və bir ailə kimi yaşayırlar. Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan həm Xəzər hövzəsində, həm türk dünyasında, həm Qafqazda özünəməxsus yerə malikdir. Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bunun əyani sübutu keçən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdir. Dünyanın 155 ölkəsi Azərbaycanın namizədliyini dəstəkləmişdir, bizə inamını göstərmişdir. Biz bu inamı doğrulduruq. Təhlükəsizlik Şurasındakı fəaliyyətimiz çox ciddidir, səmimidir. Biz bu mötəbər təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə edirik.

Bu gün şeyx həzrətləri din-dövlət münasibətlərinə toxundu. Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev dayanmışdı, şeyx həzrətləri dayanmışdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. Eyni zamanda, dövlət siyasətinin müəllifidir. Bu gün Heydər Əliyev siyasəti bütün istiqamətlərdə davam etdirilir – xarici siyasətdə, daxili siyasətdə, din-dövlət münasibətlərinin tənzimlənməsində, sosial məsələlərin həllində. Sadəcə olaraq, həyat davam edir, Azərbaycan inkişaf edir. Qarşımıza yeni çağırışlar çıxır, yeni məsələlər həll olunur.

Azərbaycan çox dinamik inkişaf edir. Ancaq inkişafımızın əsas istiqamətləri ulu öndər tərəfindən qoyulmuşdur. Hesab edirəm ki, bu gün Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır. Bu münasibətlər nə qədər güclü olarsa, cəmiyyətdə bir o qədər də sülh, əmin-amanlıq və inkişaf olacaqdır. Bu münasibətlərin inkişafında şeyx həzrətlərinin çox böyük rolu vardır. Şeyx həzrətləri həm Azərbaycanda, həm xaricdə - Qafqazda böyük nüfuza malik şəxsiyyətdir. Mən bu barədə keçən görüşümüzdə də qeyd etdim. Müxtəlif dövrlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərimdə şeyx həzrətlərinin fəaliyyətinə çox böyük diqqət və qiymət verilmişdir. Bu, əlbəttə ki, bizi sevindirir. Bu gün Qafqazda müsbətə doğru gedən proseslərdə şeyx həzrətlərinin böyük rolu vardır.

O, Qafqaz respublikalarına mütəmadi qaydada səfərlər edir və bu səfərlər bizim üçün, Qafqaz respublikaları üçün, bütövlükdə Rusiya-Azərbaycan münasibətləri üçün böyük məna daşıyır.

Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Sadəcə olaraq, müstəqillik əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi qeyd edilir.

Milli mənəvi dəyərlərə söykənən, inkişafda olan gənc, müstəqil Azərbaycan həm iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələrində böyük uğurlara nail olmuşdur. Ancaq gələcəyimiz, gələcək inkişaf üçün milli dəyərlər daim diqqət mərkəzində olmalıdır, qorunmalıdır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir, xüsusilə indiki zəmanədə.

Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər görsə, onda əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər.

Biz müstəqil ölkəyik. Müstəqilliyimizin artıq 20 illik yubileyini qeyd etmişik. Müstəqil ölkə kimi müstəqil siyasət aparırıq. Siyasətimiz xoşniyyətli, xoşməramlı siyasətdir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Bütün ölkələrlə yaxşı münasibətlər qurmaq istiqamətində uğurlar əldə etmişik. Daxili siyasətdə islahatlar Azərbaycanı böyük dərəcədə irəliyə aparmışdır. İqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Dünyada iqtisadi və maliyyə böhranının ikinci dalğasının hökm sürdüyü bir vaxtda Azərbaycanda inkişaf davam edir. Bu ilin 7 ayının yekunları artıq bəllidir. İqtisadiyyatımız artır, qeyri-neft iqtisadiyyatımız isə 10 faizdən çox artmışdır.

Müstəqil siyasət aparmaq üçün əlbəttə ki, güclü iqtisadi dayaqlar və güclü ideoloji əsaslar olmalıdır. Azərbaycanda bu amillər vardır. Bizim ideoloji əsaslarımızı azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq məfkurəsi təşkil edir. Bizim iqtisadi islahatların təməlində bazar iqtisadiyyatı prinsipləri dayanır. Sosial siyasətin təməlində isə insan amili dayanır. Vaxtilə “nefti insan kapitalına çevirmək lazımdır” siyasəti bəyan edilmişdi. Bu siyasət artıq öz bəhrəsini verməkdədir.

Azərbaycanda çox keyfiyyətli və dəyərli gənc nəsil yetişir. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə alır. Azərbaycan dünya miqyasında idman sahəsində də qabaqcıl yerlərdədir. İdmanın inkişafı ölkənin ümumi inkişafına təsir göstərir və bunu müəyyənləşdirir. Təsadüfi deyildir ki, Olimpiya Oyunlarında ölkələr bir növ bir-biri ilə yarışa girirlər. Kim nə qədər çox medal qazanırsa, o ölkənin imici bir o qədər də çox artır.

Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan güclü dövlətdir, o cümlədən idman sahəsində də güclüdür. Ən sevindirici hal ondan ibarətdir ki, medallar - qızıl, gümüş və bürünc medallar qazanan idmançılar müstəqillik dövründə yetişmiş gənc insanlardır. Azərbaycan idmanına son illər ərzində göstərilən diqqətin hesabına onlar artıq peşəkar idmançılardır. Onlar Azərbaycanın milli bayrağını on dəfə qaldırdılar və dövlət himnimizi iki dəfə səsləndirdilər.

Hər bir sahədə olduğu kimi, idmanda da inkişaf özünü göstərmişdir. O ki qaldı mənəviyyatla bağlı olan məsələlərə, qeyd etməliyəm ki, Azərbaycanda bu məsələlərə xüsusi diqqət göstərilir. Bütün dini abidələr təmir edilir, bərpa olunur. Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, İmamzadə, Şamaxı məscidi və digər məscidlər bərpa olunur, təmir edilir. Digər dinlərə mənsub olan məbədlər təmir edilir.

Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir.

Hörmətli arxiyepiskop Aleksandr ulu öndərin kəlamlarını yada saldı ki, Azərbaycan çoxmillətli dövlətdir və bu, bizim böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Bu sahədə də dövlət siyasətimiz dəyişməz olaraq qalır. Hesab edirəm ki, son illər ərzində Azərbaycanın bu sahədəki uğurları dünya ictimaiyyətinə daha da dolğun şəkildə çatdırılır. Çünki ölkəmizdə keçirilən müxtəlif forumlar, dini konfranslar, dünya dini liderlərinin zirvə görüşləri bir daha göstərir ki, Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac vardır. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyildir. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini zəmində münaqişələr, toqquşmalar, qarşıdurmalar hələ də davam edir. Bəzi hallarda bu qarşıdurmalar daha da şiddətli xarakter daşıyır və bu, bizi çox narahat edir. Çünki dini zəmində münaqişələr ən təhlükəli münaqişələrdir. Bunların fəsadları çox ağır və acı ola bilər.

Biz hamımız çalışmalıyıq, dünya ictimaiyyəti, mütərəqqi bəşəriyyət çalışmalıdır ki, dini zəmində münaqişələrin sayı azalsın. Buna nail olmaq üçün biz çox diqqətli və məsuliyyətli olmalıyıq. Hamımız - dövlət, hökumət başçıları, media nümayəndələri, din xadimləri, ictimai xadimlər diqqətli, məsuliyyətli olmalıyıq. Çünki bəzi hallarda deyilən yanlış, təhqiramiz bir ifadə böyük fəsadlara gətirib çıxarır. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox sözlər deyilir, amma əslində bu dialoqu pozmaq üçün addımlar atılır. Buna yol vermək və göz yummaq olmaz. Bu hadisələr - haradasa müqəddəs Qurani–Şərifin yandırılması, məscidə od vurulması, məscidin gülləbaran edilməsi beynəlxalq ictimaiyyətin qınağına çevrilməlidir. Biz bu hallara biganə qala bilmərik. Nəinki müsəlmanlar, bütün dinlərin nümayəndələri, dünya liderləri öz səsini ucaltmalıdırlar. Hesab edirəm ki, bu məsələlərlə bağlı ciddi düşünməyə böyük ehtiyac vardır. Konkret addımların atılması üçün dünyanın tanınmış siyasi xadimlərinin ciddi sözlərinə ehtiyac vardır.

Bizi, eyni zamanda, narahat edən məsələlərdən biri də islamofobiyanın genişlənməsidir. Buna yol vermək olmaz. Çünki bu yanaşmanın axırı yoxdur. Bu, böyük bir qarşıdurmaya gətirib çıxara bilər. İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin güclənməsi, bəzi xarici mətbu orqanlarda İslamın terrorla bərabərləşdirilməsi halları bizi çox hiddətləndirir.

İslam sülh, qardaşlıq, mərhəmət dinidir. Bəzi hallarda terrorçuya islamçı deməklə bütün dinimiz, bütün müsəlman aləmi təhqir olunur. İslamçı terrorist deyildir. İslamçı islam dininə mənsub olan insandır. Bir də ki, terrorun nə milləti, nə də dini vardır. Bu barədə çox danışılır, amma biz gərək artıq praktiki addımlara keçək.

Müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə erməni terrorçuları bizə qarşı 30-dan yuxarı terror aktı törətmişlər.

Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz bu terror aktlarını hər hansı bir dinlə bağlamırıq. Ona görə də burada məsuliyyət məsələləri ön planda olmalıdır. Xüsusilə siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik məsələnin müsbət istiqamətdə deyil, mənfi istiqamətdə getməsinə gətirib çıxarır.

Biz Azərbaycanda bütün bu məsələləri təhlil edərkən bir daha görürük ki, doğrudan da ölkəmizdə nadir bir təcrübə formalaşmışdır. Bu təcrübənin, əlbəttə ki, güclü əsasları vardır. Çünki əsrlər boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nümayiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Baxmayaraq ki, o vaxt multikulturalizm anlayışı yox idi. Ancaq bizim həyat tərzimiz məhz multikulturalizmdir. Bu güclü zəmin üzərində ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqillik dövründə biz bu meyilləri daha da gücləndirdik. Azərbaycan bu siyasəti seçdi. Biz özünü təcridetmə siyasətini deyil, dünyaya açıq olmaq, dünya ilə bir yerdə olmaq və ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq etmək siyasətini aparmışıq. Bu gün isə biz öz həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla təcrübəmizi dünya birliyinə təqdim edirik.

Hesab edirəm ki, müqəddəs Ramazan ayında biz bu məsələlərlə bağlı gərək açıq danışaq, fikirlərimizi açıq bildirək. Bir daha demək istəyirəm ki, Azərbaycanda ölkə daxilində bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur. Məndə Prezident kimi heç bir narahatlıq yoxdur, çünki bütün məsələlər lazımi səviyyədə tənzimlənir. Əminəm ki, bundan sonra - əbədiyyətə qədər Azərbaycanda millətlərarası münasibətlər nümunəvi olacaqdır. Ancaq biz vakuumda yaşamırıq. Biz istəyirik ki, hər yerdə belə olsun. Biz istəyirik ki, heç bir yerdə dini zəmində heç bir qarşıdurma olmasın. Bəzi hallarda biz İslam aləminin içində bu qarşıdurmanın şahidi oluruq. Bu, ümumiyyətlə dözülməzdir.

Beləliklə, deyə bilərəm ki, biz bu məsələlərin müsbət istiqamətdə həlli üçün səylərimizi davam etdirəcəyik. Öz işimizlə, əməllərimizlə beynəlxalq işbirliyini, beynəlxalq həmrəyliyi gücləndirəcəyik, dinlərarası münasibətlərin inkişafına töhfəmizi verəcəyik.

Dünən mən müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. O görüş də ənənəvi xarakter daşıyır. Bu gün də onlar buradadırlar. Bir daha demək istəyirəm ki, Azərbaycan İslam aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, güclənir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini zəmində gedən proseslərə çox yüksək qiymət verir.

Bu, bizi daha da ruhlandırır.

Bu fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edirəm. Sağ olun.

XXX

Sonra iftar süfrəsi açıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32