İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir

09 sentyabr 2012, 13:30
İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin ədəbiyyat fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır.

Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil ocağında biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün emalatxanalar yaradılmışdır. Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldu.

Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi.

X X X

Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi ürəkdən təbrik edirəm.

Gözəl, yeni məktəbin açılışı münasibətilə Gözbarax kəndinin bütün sakinlərini təbrik edirəm. Gözəl hadisədir. Heç vaxt bu kənddə belə məktəb olmamışdır. Köhnə məktəbin görüntüləri burada əks olunur. Doğrudan da bu məktəbin qısa müddət ərzində tikilməsi Azərbaycan dövlətinin nə qədər güclü olduğunu göstərir.

Biz sizinlə təxminən dörd ay bundan əvvəl görüşmüşdük. Dəhşətli zəlzələ baş verdikdən sonra mən dərhal buraya gəldim, sizinlə görüşdüm. O günü, o həyəcanı xatırlayıram. O da təbii idi. Çünki bir gündə insanlar öz evlərini itirmişdilər, dağıntılar həddindən artıq çox idi. Ancaq onu da xatırlayıram ki, sizə demişdim narahat olmayın, qısa müddət ərzində bütün evlər bərpa ediləcək, daha da gözəl evlər tikiləcəkdir. Hazırda tanış olduğum bir ev onu göstərir ki, doğrudan da əvvəlki vəziyyətdən daha da gözəl vəziyyət yaradılmışdır. Dörd ay ərzində bu qədər işin görülməsi doğrudan da böyük hadisədir. Zəlzələ baş verdikdən sonra görülən bütün işlər, tədbirlər bir məqsədi güdürdü. Məqsəd insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq, onları düşdüyü ağır vəziyyətdən tezliklə çıxarmaq idi.

Müvəqqəti məskunlaşma yerləri müəyyən edilmişdir, çadırlar gətirilmişdir. Əlbəttə ki, çadırda yaşamaq çox çətindir.

Ancaq başqa çarəmiz yox idi. Əsas məsələ ondan ibarət idi ki, bütün bu bərpa işlərini biz qısa müddətdə, maksimum tez bir zamanda təşkil edək. Hazırda evlər tikilir, məktəb tikilib. Burada olarkən sakinlər, eyni zamanda, uşaq bağçasının tikintisi ilə bağlı mənə müraciət etmiş, demişdilər ki, burada uşaq bağçası olmamışdır. Ancaq xahiş edirik ki, uşaq bağçası da tikilsin. Uşaq bağçası da tikilmişdir.

Zəlzələ doğrudan da böyük bir bəla, böyük bir faciə idi. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Xilasedicilər çox operativ şəkildə işləmişlər. Qərargah yaradılmışdır. Təmir-bərpa işləri onu göstərir ki, biz istənilən təbii fəlakət qarşısında sınaqdan da şərəflə çıxa bilərik və çıxmışıq. Əlbəttə ki, təmir-bərpa və yenidənqurma işləri çox böyük vəsait tələb edir. O vaxt parlamentimiz büdcəyə düzəlişlər etdi, əlavə vəsait nəzərdə tutuldu və o vəsait hesabına işlər başladı.

Təkcə Zaqatala rayonunda 3500-dən artıq ev ya dağılmış, ya yararsız vəziyyətə düşmüşdür. Yəni, zəlzələnin ən çox zərər verdiyi rayon Zaqataladır. Digər qonşu rayonlarda da dağıntılar var, amma ən böyük dağıntılar Zaqataladadır. Hazırda üç min evin tikintisi davam edir. Məktəblər tikilir, 36 məktəb yenidən tikiləcəkdir. Onlardan 21-i Zaqatala rayonundadır.

Zəlzələ, əlbəttə böyük bir sınaq, böyük bir faciə, fəlakət idi. Ancaq, eyni zamanda, zəlzələnin fəsadlarının aradan qaldırılması nəticəsində daha da gözəl şərait yaradıldı. İndi bu gün baxdığım ev göz oxşayır. İkimərtəbəli, gözəl arxitektura elementləri ilə seçilən bu ev bu ailənin əvvəlki evindən bəlkə də iki dəfə genişdir.

Onu qeyd etməliyəm ki, bütün bu işləri biz dövlət hesabına görürük. Müxtəlif bölgələrdə, müxtəlif ölkələrdə təbii fəlakətlər, daşqınlar, zəlzələlər baş verir. Adətən dövlət, - yəni inkişaf etmiş ölkələrdə, - bu təmir-bərpa işləri ilə məşğul olmur.

İnsanlar özləri, - onların evləri sığortalıdır, - sığorta şirkətlərinə müraciət edir və kompensasiya yolu ilə öz evlərini bərpa edirlər. Bizdə isə belə deyildir. Bizdə, xüsusilə kənd yerlərində heç bir ev sığortalanmayıb. Əslində gələcəkdə bu məsələ ilə bağlı da fikirləşməliyik. Bakı şəhərində artıq bu proses başlamışdır. Bölgələrdə də bunu etmək lazımdır. Ona görə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni bütün binalar, evlər dövlət vəsaiti hesabına tikilir və sakinlərə hədiyyə olaraq verilir. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətin aparılmasında israrlı olduğunu bir daha göstərir.

Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun həyatıdır, təhlükəsizliyidir və rifahıdır. Bu ağır hadisə, bu zəlzələ bir daha göstərdi ki, Azərbaycan istənilən sınaqla üz-üzə qalaraq bütün sınaqlardan öz gücü hesabına üzüağ çıxacaq və çıxır.

Bütövlükdə Zaqatala rayonunda işlər yaxşı gedir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Həm şəhərdə, həm kəndlərdə böyük quruculuq işləri aparılır. Bu Proqram bizə imkan verəcək ki, yaxın zamanlarda bütün əsas sosial və iqtisadi məsələlər öz həllini tapsın. Hazırda isə bu kənddə gördüyüm mənzərə məni sevindirir. Tikinti işləri davam edir, sakinlər bu işlərdə fəal iştirak edirlər. Dörd ay ərzində belə gözəl məktəbin tikilməsi, evlərin bərpası, yolların çəkilişi doğrudan da Azərbaycan dövlətinin gücünü və Azərbaycan hakimiyyətinin niyyətini göstərir.

Mən sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulamaq istəyirəm. Arzu etmək istəyirəm ki, yaxın aylarda bütün bu kənddə yerləşən digər evlər də bərpa edilsin və insanlar rahat yaşasınlar.

X X X

Mərasim iştirakçıları adından dövlətimizin başçısına minnətdarlıq edən kənd sakini Əhməd QURBANOV dedi:

- Möhtərəm Prezident, icazə verin Zaqatala rayonunun bütün ağsaqqalları, Gözbarax camaatı adından Sizi salamlayım və “Xoş gəlmişsiniz!” deyim.

Siz Gözbaraxa birinci dəfə gələndə gördüyünüz kədərli üzlər bu gün gülür. Böyüklərin və uşaqların o vaxtkı dalğın baxışlarında bu gün sevinc, şadlıq vardır. Bu sevinci, şadlığı insanlara Siz bəxş etdiniz. Siz onlara havadar durdunuz. Siz onların harayına yetişdiniz. Bu münasibətlə Sizə bütün zaqatalalılar, bütün Gözbarax camaatı adından ürəkdən minnətdarlıq edirik. Sizə “Çox sağ olun!” deyirik.

Siz bu gün çox böyük zəhmət çəkib, vaxt tapıb Gözbarax kəndinə gəlmisiniz. Sizin bu gəlişinizi alqışlayırıq. Çox sağ olun ki, gəldiniz. Gəldiyiniz üçün, bu tədbirdə iştirak etdiyiniz üçün, Sizin göstərişinizlə tikilən bu gözəl məktəb üçün və bərpa edilməkdə olan Gözbarax kəndi üçün Sizə minnətdarlığımızı bildiririk. Gözbarax camaatı Sizə uzun ömür, cansağlığı arzulayır.

Cənab Prezident, Siz bizə, bizim hamımıza örnək olan ulu öndərimiz Heydər Əliyevin ideyalarını uğurla davam etdirirsiniz. Siz Azərbaycanın inkişafı üçün gecə-gündüz çalışırsınız. Biz bunu bilirik. Siz Azərbaycanı dünyada tanıtmısınız və tanıdırsınız. Siz Azərbaycan xalqının sevimli oğlusunuz. Sizə eşq olsun!

Mən Sizin şəninizə bir bənd şeir də söyləmək istəyirəm:

Yaxşı ki, yerində İlham var, baba,
Millətimiz ondan güc alır bu gün.
Sənin yaratdığın qüdrətli dövlət,
Onun sayəsində ucalır bu gün, ucalır bu gün!

Sizə bu millətlə, bu dövlətlə, bu xalqla birlikdə daim ucalmaq arzulayıram.

Bir arzum da var, Gözbarax kəndi yazda daha füsunkar, daha cəlbedici, cazibədar olur. Xüsusilə may ayında. Mən, əgər vaxtınız olsa may ayında Mehriban xanımla bir yerdə Sizi buraya qonaq çağırıram. Gəlib bu gözəllikləri də görərsiniz, bizə də qonaq olarsınız.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun. Əslində mən keçən dəfə may ayında gəlmişdim. Ancaq o vaxt başqa işlərlə məşğul olmalı idik. Kənd camaatının da ovqatı o qədər də yaxşı deyildi. Ancaq mən keçən dəfə vertolyotla gəldim ki, yuxarıdan seyr edim mənzərəni. Doğrudan da əsas diqqətim dağılmış evlərə yönəlmişdi. Amma, eyni zamanda, bu kəndin gözəl təbiətini də yuxarıdan görərkən, mən sevinc duyğuları keçirdim ki, doğrudan da Azərbaycan nə qədər gözəl ölkədir, nə qədər gözəl, mənzərəli, səfalı yerləri vardır. Bu yerlərdə ancaq inkişaf, quruculuq, abadlıq olmalıdır.

Dörd ay ərzində bu işlərin görülməsi doğrudan da böyük hadisədir. Bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Bütün bu işləri biz öz hesabımıza etmişik. Bizim inşaat şirkətləri, dövlət qurumları, vətəndaşlarımız öz vəsaitimizdən istifadə edərək bütün bu işləri görmüşdür. Əminəm ki, nəinki bərpa işləri, - bərpa işləri yaxın zamanlarda tamamlanacaqdır, - ümumiyyətlə, gələcək inkişafla bağlı, bu şimal-qərb zonasının inkişafı ilə bağlı bizim çox böyük planlarımız vardır. Bu planların bir çoxu artıq reallaşıbdır. İnfrastruktur, aeroportların tikilməsi. Baxın, indi həm Zaqatalada, həm də Qəbələdə aeroport vardır. Yolların çəkilişi, burada su layihəsinin icrası gedir. Gələn ilin sonuna qədər, bəlkə ondan da tez Zaqatala şəhərinin içməli su ilə təmin edilməsi layihəsi başa çatacaqdır. Qazlaşdırma, məktəb tikintisi sürətlə gedir. Rayonda təqribən 70-ə yaxın kənd vardır. Hazırda məktəblərin əksəriyyəti normal vəziyyətdədir, ya yeni tikilmiş, ya da bərpa edilən məktəblərdir. Qəzalı vəziyyətdəki məktəblər də təmir olunacaqdır. Bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmayacaqdır.

Səhiyyə məsələləri həll olunur. Yadımdadır, biz burada Diaqnostika Mərkəzi tikdik. Ondan sonra şəhər xəstəxanası bərpa edildi, idman kompleksi, mədəniyyət ocaqları. Şəhər gözəlləşir, çox abad şəhərə çevrilibdir. Biz bu bölgənin turizm potensialından maksimum dərəcədə istifadə etməliyik. Daxili turizmi də inkişaf etdirmək lazımdır ki, bizim vətəndaşlar gəlsinlər, istirahət etsinlər. Bilirəm indi gəlirlər və daha da çox gəlməlidirlər. Xarici turistlər də gəlməlidirlər. Çünki bu gün Azərbaycan artıq dünyada tanınan bir ölkədir. Buraya gələn, Bakını görən, - yəni, xoş niyyətlə gələnlər, - hər bir xarici qonaq öz təəccübünü, sevincini gizlədə bilmir: Bakı nə qədər inkişaf edib. Dünyanın ən gözəl şəhərlərindən biridir.

Bölgələr də inkişaf etməlidir. Məhz buna görə 2004-cü ildə mənim təşəbbüsümlə regionların inkişaf proqramı qəbul edildi. Təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, əgər biz bölgələrin inkişafına diqqət verməsəydik, indi Azərbaycanın uğurları yarımçıq ola bilərdi və iqtisadi inkişafı da bu qədər sürətlə gedə bilməzdi. Çünki bu ilin altı ayında qeyri-neft iqtisadiyyatımız, yəni, daha çox sənaye istehsalı və kənd təsərrüfatı hesabına formalaşan iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Neft iqtisadiyyatımız isə aşağı düşmüşdür. Çünki neftin hasilatı bir qədər aşağı düşüb. Neftdən asılılığı azaltmaq və aradan götürmək planlarımız həyata keçirilir. İnsanların rifah halı yaxlaşır, pensiyalar, maaşlar artırılır, iş yerləri açılır. Budur inkişaf. Bütün bunları biz dünyanı hələ ki, sarsıdan iqtisadi və maliyyə böhranı zamanı əldə etmişik. Bu günlərdə dünyanın ən mötəbər qurumlarından biri olan Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerə layiq görmüşdür. MDB məkanında birinci Azərbaycandır.

İqtisadi inkişaf templərinə görə yenə də birinci Azərbaycandır. Bölgədə idmanda birinci yenə də Azərbaycandır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olubdur. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Azərbaycanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan mövqeyini dəstəkləmişdir. Yəni, bizim uğurlarımız hər yerdə görünür, hər yerdə də görünməlidir və hər kənddə də bu, olmalıdır. Gözbarax kəndinin timsalında biz bunu görürük. Mən ikinci dəfə bu kəndə gəlirəm. Dəvətə görə minnətdaram. Vaxt olsa bir də gələcəyəm. Bu, onu göstərir ki, hər bir kənd, hər bir kənddə yaşayan sakin bizim diqqətimizin mərkəzindədir. Hər bir kənddə bütün məsələlər həll olunarsa, ölkə miqyasında bir dənə də həll olunmamış məsələ qalmaz.

Təmir-bərpa işləri davam edir. Bu işlərdə bir daha demək istəyirəm ki, kənd sakinləri fəal iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi bu dövr ərzində çox fəal işləyibdir və işləyir. Yerli icra hakimiyyəti fəal işləyir. Ötən dəfə burada olarkən Zaqatalada, qərargahda geniş müşavirə keçirdik. Göstərişlər verildi. Ondan sonra son dörd ay ərzində bu işlərin icrası daim nəzarətdə idi. Bu gün gəlmişəm ki, yeni dərs ilinin ərəfəsində bu məktəbi biz bir yerdə açaq. Bir də ki, vəziyyətlə özüm tanış olum, görüm işlər necə gedir. Məncə, yaxşı gedir.

Ümid edirəm ki, ilin sonuna qədər əsas işlər görüləcəkdir. İşin həcmi həddindən artıq böyükdür. İndi təhlillər aparılır.

Təhlil göstərir ki, qəzalı vəziyyətdə olan yeni evlər vardır, biz onların da təmiri ilə məşğul olmalıyıq. Böyük işdir. Amma biz bu işin öhdəsindən gələcəyik. Bütün evləri bərpa edəcəyik, daha da gözəl şəraiti yaradacağıq.

SAKİN: Çox sağ olun! İnşallah.

Prezident İlham ƏLİYEV: Mən çox şadam ki, bu gün gözbaraxlıları xoş ovqatda görürəm. Bax, bu, bizim ölkəmizə və bizim inkişafımıza yaraşır.

SAKİN: Çox sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ olun! Bir daha təbrik edirəm.

SAKİN: Sağ olun! Çox sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo