|
11 sentyabr 2012, 20:15
İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir
Qəbələdə Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV iclasın iştirakçılarını salamlayaraq dedi: -Hörmətli cənab Baş nazir, əziz qardaşım! Mən Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını biz Azərbaycanda, Qəbələdə keçiririk. Birinci iclası İzmirdə keçirdik, çox uğurlu keçdi, indi isə burada. Keçən dövr ərzində əlaqələrimiz sürətlə inkişaf etmişdir. İzmir görüşümüzdən sonra çox önəmli hadisələr baş vermişdir. Biz Sizinlə dəfələrlə görüşmüşdük, TANAP layihəsinə imza atdıq. Bir sözlə, İzmirdə qəbul olunmuş qərarlar icra edilir. Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir və hər iki tərəfdən bakanlar təmsil olunur, onlar da öz sözlərini deyəcəklər. Bakanlarımız da bir-biri ilə sıx təmasdadır, əlaqədədir, mən Bakıda onlarla tez-tez görüşürəm, bizimkilər də sizi ziyarət edir. Bir sözlə, iki qardaş ölkə inamla və uğurla işbirliyini davam etdirir və bugünkü toplantı əminəm ki, gələcək fəaliyyətimiz üçün də bir yol xəritəsi olacaqdır. Əminəm ki, bu toplantı da uğurlu olacaq və ölkələrimizin inkişafı, birliyi üçün yeni imkanlar yaradılacaqdır. Bir daha xoş gəlmisiniz, Sizi ürəkdən salamlayıram! X X X Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN dedi: -Mən də şəxsən öz adımdan, bütün heyətim adından çox təşəkkür edirəm. Dəyərli qardaşım, Prezidentimiz və hörmətli bakanlar, heyət üzvləri, hər dəfə Azərbaycana səfər edəndə özümüzü təbii ki, fərqli bir ölkədə deyil, evimizdə görürük. Bu evimizdəki məhəbbət də hər iki ölkənin, hər iki millətin daha da güclənərək yoluna davam etməsinə gətirib çıxarır. Bundan on il əvvəl bir milyard dollara yaxın ticarət dövriyyəsi ilə bu yola çıxmışdıq, amma indi 3,5 milyard dollarlıq səviyyəyə çatmışıq. Təbii ki, bununla kifayətlənmirik. İnşallah, bunu sürətlə ən qısa zamanda beş milyard dollara çatdıracağıq. Bu yaxınlarda iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanda idi, Sizinlə görüşüb. Bu hədəfi qarşıya qoyduq və Qarışıq Komissiyanın toplantısı ilə bağlı da bir az əvvəl hörmətli qardaşımla söhbət apardıq, bunları da müzakirə etdik. Bu ilin sonuna qədər Qarışıq Komissiyanın toplantılarını da keçirmək istəyirik ki, bu işi sürətlə davam etdirək. Təbii ki, bizim istər hərbi, istər siyasi, istər mədəni əməkdaşlığımız bütün beynəlxalq aləmdə də çox ciddi bir həmrəylik içərisində davam edir. Bununla bərabər, enerji sahəsindəki həmrəyliyimiz bu an artıq zirvəyə çatdı. Üstəlik TANAP addımı ilə İstanbulda imzalar atıldı. İndi bundan sonra da, inşallah, artıq mexanizmləri işə salmağa başlayacağıq. İnşallah, TANAP sürətlə Azərbaycan qazını alıb Avropaya daşımaq imkanını, fürsətini tapacaqdır. Bu da təbii ki, fərqli dəyişikliklərə, fərqli inkişafa səbəb olacaqdır. Biz bunu bilərək bu addımları atırıq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdən sonrakı bu ikinci toplantısının da çox səmərəli olacağına inanıram. Nazir yoldaşlarımız artıq öz aralarında lazımi görüşləri keçirdilər. Mən bugünkü toplantının xeyirlərə, bərəkətə səbəb olmasını diləyirəm. Mən də təkrar bütün yoldaşlarım adından Sizlərə salam, sevgi və hörmətimi çatdırıram. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.