Gerb

16 avqust 2010, 22:29
W1siziisijiwmtuvmdyvmtuvnwtjbhjlogu0av8xmji2lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=cd25fe9e047f75d9

“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident, əziz qardaşım! 

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən Sizi, əziz cənab Prezident, Azərbaycanda bir daha ürəkdən salamlayıram. Sizə bir daha “Xoş gəlmisiniz” deyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, dostun, qardaşın səfəridir. Şübhə yoxdur ki, bu səfər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə çox müsbət təsir göstərəcəkdir. Gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün bu səfərin çox böyük əhəmiyyəti vardır.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi xarakter daşıyır. Bu, iki dost, qardaş xalq arasında olan münasibətlərdir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamışlar, yaratmışlar, həmişə bir-birinə dəstək, dayaq olmuşlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil ölkə kimi ilk tanıyan Türkiyə olmuşdur. O gündən bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etmiş, demək olar ki, bütün sahələri əhatə etmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə qalxmışdır.

Bu illərdə həm siyasi, həm iqtisadi sahələrdə, mədəni sahədə, bütün sahələrdə çox gözəl nəticələr vardır. Biz beynəlxalq təşkilatlarda daim bir-birimizə dəstək oluruq. Bütün beynəlxalq təşkilatlarda daim bir mövqedən çıxış edirik. İstər BMT, istər İslam Konfransı Təşkilatı, digər təşkilatlarda həmişə, bütün zamanlarda Türkiyə və Azərbaycan vahid mövqedən çıxış etmişlər. Bölgədə gedən proseslərə də baxışlarımız eynidir, heç bir fikir ayrılığı yoxdur. Daim məsləhətləşmələr aparırıq və regional əməkdaşlığın dərinləşməsi üçün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr həlledici rol oynayır. Məhz bizim irəli sürdüyümüz təşəbbüslər nəticəsində bu gün bölgədə tam yeni və müsbət vəziyyət yaranmışdır.

Regional əməkdaşlıq prosesləri müsbət istiqamətdə davam edir. Bizim tərəfimizdən irəli sürülmüş konkret layihələr öz bəhrəsini verir, bölgəyə rifah və təhlükəsizlik gətirir. Bunların içərisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin xüsusi yeri vardır. Məhz bu kəmər vasitəsilə bu gün bütün bölgədə əməkdaşlıq dərinləşir. Regional çərçivədə bu kəmərin tikintisində iştirak etmiş bütün ölkələr öz xeyrini götürürlər.

Bu kəmərin tikintisi nəticəsində bölgədə geosiyasi və geoiqtisadi vəziyyət müsbət istiqamətə doğru dəyişmişdir. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər layihələr dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirdi. Bu gün bu, artıq mövcud reallıqdır. Bu reallıq bütün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bizim - Türkiyə və Azərbaycanın təsir imkanları genişlənir. Mən əminəm ki, gələcək illərdə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu, artıq bir yoldur, bir dəhlizdir. Bu dəhliz bizə yeni layihələri həyata keçirməyə imkan verir. Bu gün biz Sizinlə bu barədə geniş fikir mübadiləsi apardıq. Gələcək illərdə birgə fəaliyyətlə bağlı bütün planlar nəzərdə tutulub və qarşılıqlı addımlar atılacaqdır.

Mən çox şadam ki, strateji müttəfiqliyimiz, münasibətlərimiz bax, belə uğurla davam edir. Bu gün isə bu əlaqələrin gələcək inkişafı üçün çox mühüm və tarixi sənəd imzalanmışdır. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdır. Bu müqavilənin həyata keçirilməsi nəticəsində, şübhə yoxdur ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir. Bu müqavilənin çox böyük əhəmiyyəti vardır və əminəm ki, hamımız bu gözəl nəticələri görəcəyik.

Bu gün biz, eyni zamanda, türkdilli ölkələrin birgə fəaliyyəti haqqında da geniş fikir mübadiləsi apardıq. Bu məsələ ilə də bağlı mövqeyimiz üst-üstə düşür. Biz bütün məsələlərdə işlərimizi qarşılıqlı anlaşma əsasında qururuq.

Sizi, əziz qardaşım, Bakıda görmək bizim hamımız üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Biz Sizi Azərbaycanın böyük dostu kimi tanıyırıq. Əvvəlki vəzifədə çalışdığınız dövrdə Siz Azərbaycanda dəfələrlə olmusunuz. Prezident kimi bir neçə dəfə səfərə gəlmisiniz. Mənim Türkiyəyə səfərlərim də mütəmadi xarakter daşıyır. Belə də olmalıdır. Biz bir ailənin üzvləriyik. Bizim tariximiz münasibətlərimizin bugünkü və gələcək inkişafı üçün əsas şərtdir. Bu, böyük, möhkəm təməldir. Bizi birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqlar – bütün bu amillər nadir vəziyyət yaradır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada analoqu olmayan münasibətlərdir. Bu münasibətlər nəinki ölkələrimizi gücləndirir, eyni zamanda, bölgədə və dünyada gedən proseslərə də müsbət təsir göstərir.

Bir daha Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı ürəkdən salamlayıram. Sizə və bütün türk xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Türkiyə Prezidenti Abdullah Gülün nitqi

- Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev!

Dəyərli qonaqlar!

Bu gün Azərbaycanda olmaqdan və bu rəsmi səfəri etməkdən böyük məmnunluq duyuram. Gəldiyimiz andan bəri mənə və heyətimə göstərilən yüksək dostluq, qardaşlıq və qonaqpərvərlik üçün Sizin şəxsinizdə bütün azərbaycanlı qardaşlarıma təşəkkür edirəm.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri sözlə ifadə olunandan daha da yüksəkdədir. Çünki hamımız bilirik ki, biz çox böyük bir millətin parçalarıyıq. Yəni, vahid bir millətin iki ayrı dövlətiyik. Bu mənada əlaqələrimiz də bir millətə sahib olan, kökü, dili, dini, soyu bir olan iki dövlətin münasibətlərinə aid edilə biləcək şəkildə olmalıdır.

Azərbaycan müstəqilliyini bərpa etdiyi andan etibarən Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər daim bu səviyyədə, bu anlayışda və ruhda davam etməkdədir. Əvvəlki illərdə də bütün türk gəncliyinin könlündə və qəlbində Bakı və Azərbaycan olmuşdur. Bəlkə o zaman bunları açıq ifadə edə, gedib-gələ bilmirdilər. Bu gün bunu bilirik ki, hər sahədə - siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sahəsində iki ölkə böyük bir həmrəylik içərisindədir. Beynəlxalq platformalarda daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir.

Şübhəsiz ki, Azərbaycanın problemi Türkiyənin problemidir. Türkiyənin dərdi Azərbaycanın dərdi olacaqdır. Sizin uğurunuzla biz daim öyünəcəyik. Bizim uğurlarımız da sadəcə bizim üçün deyil, sizin üçün də qürur mənbəyi olacaqdır.

Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi sadəcə sizin məsələniz deyil, hamımızın məsələsidir. Bu barədə birgə müzakirələr aparır, birgə fəaliyyət göstəririk. Qafqazda sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olması, işğalın sona çatması üçün Türkiyə əlindən gələn bütün səyləri göstərməyə davam edəcəkdir.

Bakıya hər gəlişimdə şəhərin həqiqətən çox dəyişdiyini və sürətli bir yeniləşmə prosesi içərisində olduğunu görmüşəm. Bu səfər də eyni şəkildə oldu. Bu səfər çərçivəsində Sizin yay sarayında günorta toplantılar keçirdik, oradan Fəxri xiyabana, rəhmətlik atanız Heydər Əliyevin məzarını ziyarətə və Milli Məclisə görüşə gedərkən Bakıda gördüklərimiz həqiqətən bizi çox qürurlandırdı. İnşası başa çatmış binalar, yeni salınmış yollar Azərbaycandakı, Bakıdakı tərəqqi və inkişafı açıq-aydın göstərir. Bunun üçün başda Zati-aliləri olmaqla hamınızı təbrik etmək istəyirəm.

Bakının gündüzü gözəldir, amma gecəsi daha çox gözəldir. Qayıdanda təbii ki, bu gözəlliyi daha çox yaşayacağıq, hər tərəf aydınlıq olacaqdır. Bunlar sadəcə sizi deyil, təbii ki, bizi də qürurlandırır. Bütün qardaş respublikaların, böyük millətin bütün dövlətlərinin uğurları hamımız üçün qürur qaynağıdır.

Birlikdə böyük layihələr həyata keçirdik. Bunları bir zamanlar yuxu adlandıranlar, bunlar həyata keçməz deyənlər bu gün bunların iki ölkəni bir-birinə necə birləşdirdiyini heyrətlə görürlər. Enerji sahəsində neft-qaz kəmərləri, nəqliyyat sahəsində dəmir yolu, - artıq Naxçıvanla İğdırı birləşdiririk, - bütün bunlar çox böyük layihələrdir. Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə üç ölkəni bir-birinə bağlamır, əslində Orta Asiyanı, Çini İngiltərəyə bağlayır. “Mərmərə ray” xəttinin başa çatması ilə qatarlar birbaşa Bakıdan çıxacaq, La-Manş boğazını keçərək Londona yetişəcəkdir. Qazaxıstanın, Çinin bu layihəyə nə qədər böyük maraq göstərdiyini hamımız bilirik. Bunun təməlini birlikdə Qarsda atmışdıq, inşallah, 2012-ci ildə də açılışını hamımız birlikdə həyata keçirəcəyik. Avtomobil yolları, avtobanlar, bütün bunlar yenə də ölkələrimizi birləşdirməyə davam etməkdədir.

Sizin Türkiyədə, bizim burada qoyduğumuz sərmayələr hər kəsin gözünü qamaşdırır. Bütün bunlar hər kəsə bölgəni örnək göstərəcək fəaliyyətlərdir. Bunların hamısı ilə qürur duyuram. İnanıram ki, bu həmrəyliyimiz daha çox gözəl layihələrin ortaya çıxmasına səbəb olacaqdır.

Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı nəzərdə tutur. Bu müqavilə bütün bölgə və dünya üçün çox önəmlidir. Bu müqavilədə nəzərdə tutulanlar sülh, sabitlik, əmin-amanlıq gətirəcəkdir və bunlardan da əlavə böyük iqtisadi dirçəlişə səbəb olacaqdır.

Mən bir daha türk xalqının bütün azərbaycanlı qardaşlarına sevgilərini və məhəbbətlərini ifadə edirəm. Ramazan bayramınız mübarək olsun! Bu gözəl, mübarək aylar sadəcə türk respublikalarına və islam ölkələrinə deyil, bütün insanlığa xeyir gətirsin.

Göstərdiyiniz yüksək qonaqpərvərliyə görə dostlarım və heyətim adından bir daha təşəkkür edirəm.