Gerb

12 sentyabr 2012, 09:15

Hörmətli cənab Prezident!

Mən Məmmədov Nazim Rəhim oğlu, 1985-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib təyinatla Tümen vilayətinin Surqut şəhərinə gedib ixtisasım üzrə işləmişəm. 1990-cı il Qanlı Yanvar hadisələrindən sonra işlədiyim Yuğan Neftqaz geologiya ekspedisiyasının geoloji şöbəsinin rəisi vəzifəsindən öz xahişimlə azad olunub Vətənə qayıtmışam. Azərneft İB-nin “28 May” idarəsində geoloq vəzifəsində işə düzəlmişəm. Ailə qurmuşam, iki övlad atasıyam. 1993-cü ilin 31 dekabrında Tər-Tərin Paprəvənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışam. Hazırda II qrup Qarabağ müharibəsi əliliyəm. “28 May” NQÇİ-də aparıcı geoloq vəzifəsində çalışıram.

Oğlum Məmmədli Rəhim Nazim oğlu 2008-ci ildə 160 saylı orta məktəbi bitirib. 655 balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Bu il müvəffəqiyyətlə universiteti bitirib, təhsilini davam etdirmək məqsədi ilə sənədlərini böyük Britaniyanın Edinburq Universitetinə göndərmiş və qəbul olunmağı haqqında müsbət cavab aldıqdan sonra təhsilinin maliyyələşdirilməsi ilə əlaqədar Dövlət Proqamının seçimlərinə qatılmışdır.

Xaricdə təhsillə əlaqədar seçimlər heç bir təmanna umulmadan təmiz və şəffaf keçirilmişdir. Oğlum Rəhim Məmmədlinin Dövlət Proqramı çərçivəsində bütün xərclərinin ödənilməsi xəbəri ailəmizi çox sevindirmişdir. Öz adımdan və ailəm adından bu seçimi həyata keçirən bütün komissiya üzvlərinə öz minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli cənab Prezident, bu siyasətin başında duran şəxs kimi Sizə öz adımdan, ailəm adından və bu siyasətdən bəhrələnən sadə insanlar adından dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu gənclər təhsil alıb, öz ixtisaslarının yüksək səviyyəli mütəxəssisləri kimi Vətənə qayıdacaq və bu siyasətin gözəl bəhrəsi kimi dövlətçiliyimizin qüdrətlənməsinə, millətimizin dünyada sayılıb-seçilməsinə və şöhrətlənməsinə öz töhfəsini verəcəklər.

Dərin hörmətlə,

Məmmədov Nazim Rəhim oğlu,
II qrup Qarabağ Müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri.