|
18 sentyabr 2012, 16:45
İlham Əliyev Parisdə Luvr muzeyinin İslam incəsənətinə həsr olunmuş yeni zallarının açılış mərasimində iştirak etmişdir
Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Olland mərasimdə iştirak etmişlər. Dövlət başçısını və xanımını Fransa Prezidenti Fransua Olland qarşıladı. Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirdi ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır. Fransa Prezidenti Fransua Olland çıxış edərək bildirdi ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı söylədi ki, 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasibətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək dedi: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir”. Fransa Prezidenti diqqətə çatdırdı ki, bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropa və İslam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradır. Sonra qonaqlar Luvr muzeyinin İslam incəsənəti bölməsi ilə tanış oldular. Bildirildi ki, bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanmış müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnmiş yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərə aid sənət əsərləri də saxlanılır. Diqqətə çatdırıldı ki, yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olmuşdur. Muzeyin İslam incəsənəti bölməsində nümayiş etdirilən eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin həyətində xatirə şəkli çəkdirdilər. Dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə Kral sarayının binasında açılmışdır. Parisin mərkəzində yerləşən muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə artmışdır. Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi gəlmişdir. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.