İlham Əliyev Parisdə MEDEF-in üzvü olan iş adamları ilə görüşmüşdür

19 sentyabr 2012, 18:00
İlham Əliyev Parisdə MEDEF-in üzvü olan iş adamları ilə görüşmüşdür

Prezident İlham Əliyev Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşmüşdür.

Dövlət başçısını “MEDEF International”ın rəhbəri Jan Bürel qarşıladı.

MEDEF-in rəhbəri Jan BÜREL dedi:

-Cənab Prezident, bu görüşdə aparıcılıq etmək mənim və dostum, həmkarım Kristian Mons üçün şərəfdir. Bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Bilirik ki, sevdiyiniz Paris şəhərində səfər proqramınız olduqca gərgindir.

Burada Azərbaycanın iqtisadi inkişafı, fransız şirkətlərinin bu tərəqqiyə verə biləcəyi töhfə, onların Sizin ölkədə oynaya biləcəyi rol ilə bağlı düşüncələrinizi dinləmək üçün müxtəlif şirkətləri təmsil edən 60-a yaxın nümayəndə iştirak edir. Sizi dinləmək bizim üçün olduqca maraqlıdır.

Həmkarım Kristian Mons sual-cavab sessiyasını keçirəcəkdir. Mənim qısa giriş sözümdən sonra, etiraz etmirsinizsə, biz Sizi dinləyəcəyik, daha sonra isə Kristian Mons sual-cavab sessiyasına başlayacaqdır. Fikirlərinizi bizimlə bölüşün. Bir daha bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Dünən Sizin Prezident Olland ilə görüşünüz oldu. Eyni zamanda, Luvr Muzeyində İslam incəsənətinə həsr olunmuş zalların açılışı mərasimində iştirak etmisiniz. İqtisadiyyatdan, ümumi daxili məhsuldan başqa, bilirik ki, dostluq və mədəniyyət bizim ölkələrin böyük sərvətidir. Bizə qarşı xoş münasibət vardır. Sizin Fransanı sevdiyinizi bilirik.

Bir daha bizə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Biz bir saat ərzində birlikdə olacağıq.

Cənab Prezident sözü Sizə veririk. Təşəkkürlər.

X X X

Dövlət başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Çox minnətdaram. Əvvəlcə dəvətə görə sizə təşəkkürümü bildirirəm. Burada, Parisdə köhnə dostları görmək çox xoşdur.

Mən MEDEF-də bizim əvvəlki görüşlərimizi xatırlayıram. Bu təmaslar Azərbaycan və Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaradılmasına çox kömək etmişdir. Parisə yenidən gəlməyimə çox şadam.

Sizin də qeyd etdiyiniz kimi, dünən mənim Prezident Olland ilə görüşüm oldu. Biz bir çox məsələlər ətrafında, əlbəttə ki, çox uğurla inkişaf etməkdə olan ikitərəfli siyasi əlaqələrə dair səmimi və açıq müzakirələr apardıq. Bizim görüşümüz siyasi əlaqələrimizin strateji xarakter daşıdığını bir daha sübut etdi.

Biz dostuq, tərəfdaşıq və həm ikitərəfli münasibətlər səviyyəsində, həm də beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq edirik. Xüsusilə də Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndən sonra həm beynəlxalq məsələlərlə, həm də regionda və dünyada qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ölkələrimiz arasında əlaqələr daha da fəallaşmışdır.

Qeyd etdiyiniz kimi, siyasi əlaqələrlə yanaşı, biz həm də ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələri müzakirə etdik.

Bu əlaqələr də çox uğurla inkişaf edir. Sizin də qeyd etdiyiniz kimi, dünən mən Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışında iştirak etmişəm. Bu gün biz Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcəyik. Bu, Azərbaycandan kənarda açılan ilk mədəniyyət mərkəzidir. Ötən il biz Bakıda yeni fransız məktəbinin təməlini qoyduq. Mən bir çox başqa tədbirləri, sərgiləri, mədəniyyət sahəsində mübadilə, konsertlər və digər mühüm tədbirləri qeyd edə bilərəm ki, bunlar da işbirliyi həyata keçirmək üçün gözəl şərait yaradır.

Ümumilikdə siyasi əlaqələr və açıq, səmimi münasibətlər iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Ona görə də biz çox şadıq ki, təkcə siyasi sahədə deyil, xalqlar arasında əlaqələr, mədəniyyət sahəsində də möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəlincə, qarşılıqlı ticarətdə dinamik inkişaf qeydə alınır, hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır. Gələcəkdə biz ticarət əlaqələrinin daha da şaxələndirilməsinin şahidi olmaq istərdik. Hesab edirəm ki, enerji sektorundan kənar əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Azərbaycanın yürütdüyü enerji siyasəti region hüdudlarını aşır. Bu gün biz Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlı Avropadan olan tərəfdaşlarımızla birgə fəaliyyət göstəririk və Fransanın “Total” və “GDF-Suez” kimi şirkətləri bizim uzunmüddətli tərəfdaşlarımızdır. Biz qarşıdakı planları və layihələri həyata keçirmək üçün birgə çalışırıq.

Azərbaycanın böyük neft və qaz ehtiyatları, artıq şaxələndirilmiş boru kəməri infrastrukturu vardır. Biz yeni kəmər sistemi üzərində işləyirik. Bu kəmər bizdə olan və gələcəkdə olacaq qazı müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcəkdir.

İqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, enerji təchizatı marşrutlarının şaxələndirilməsi bizim üçün son dərəcə vacibdir. Şadıq ki, enerji siyasətində də maraqlarımız avropalı tərəfdaşlarımızla üst-üstə düşür. Təbii qaz məsələsinə gəlincə, Azərbaycan Avropanın əsas tərəfdaşlarından birinə çevriləcəkdir. Neft məsələsinə gəldikdə, Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Onun əsas hissəsi nisbətən yeni mənbədən əldə olunur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Artıq qeyd etdiyim kimi, biz yeni boru kəməri sistemi üzərində iş aparırıq. Bu layihədə, xüsusilə də regionun və Avropanın enerji xəritəsini əhəmiyyətli şəkildə dəyişəcək TANAP layihəsində Fransa şirkətlərini tərəfdaş kimi görməyə şad olardıq.

İqtisadi göstəricilərə nəzər saldıqda, düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinə nail ola bilmişik. Bu, bir sıra rəqəmlərdə də özünü göstərmiş, xüsusilə də bu ilin altı ayının göstəricilərində öz əksini tapmışdır. Qeyri-enerji sektorunda ümumi daxili məhsulun həcmi 10 faizdən çox artmışdır. Ümumilikdə son 8 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıbdır. Yaşayış səviyyəsi yaxşılaşıb, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 7 faizə düşüb, işsizlik səviyyəsi 5,4 faiz təşkil edir. Xarici borc ümumi daxili məhsulun təxminən 7 faizi həcmindədir. Biz 9,3 milyon əhalisi olan ölkədə bir milyondan artıq yeni iş yeri açmışıq, işsizlik 5-10 il bundan əvvəl olduğu kimi, ciddi problem deyildir. Beynəlxalq maliyyə institutları da nailiyyətlərimizi və problemlərimizi yaxından izləyir. Şadıq ki, maliyyə böhranı dövründə üç aparıcı reytinq agentliyi - “Standard & Poors”, “Fitch” və “Moody’s” Azərbaycanın kredit reytinqini qaldırıbdır. Davos İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlilik göstəricisi üzrə sonuncu siyahısında Azərbaycan 46-cı yerdədir. Bu da region ölkələri, bütün qonşularımız arasında ən yüksək göstəricidir.

Gələcəkdə biz qeyri-enerji sektoruna daha çox diqqət ayıracağıq. Çünki düşünürəm ki, enerji sektorunda qarşımıza qoyduğumuz bütün məqsədlərimizə çatmışıq və hazırda icra edəcəyimiz layihələrə artıq start verilmişdir. Növbəti on il üçün məqsədlərimiz iqtisadiyyatın modernləşdirilməsi, şaxələndirilməsi, sənayeləşdirilməsi, kənd təsərrüfatına, informasiya texnologiyalarına, xüsusilə, kosmik texnologiyaya investisiyaların yatırılmasıdır. Yeri gəlmişkən, fransız şirkətləri bizə bu sahədə yardım edirlər. Bu, növbəti on il üçün hədəfimiz olacaqdır.

Artıq qeyd etdiyim kimi, son 8-9 il ərzində biz ümumi daxili məhsulu üç dəfə artırmağa, ölkədə müasir infrastruktur yaratmağa nail olmuşuq. Növbəti on il ərzində, davamlı inkişaf onilliyində, bizim hədəfimiz qeyri-enerji sektorunda ümumi daxili məhsulu iki dəfə artırmaqdır. Düşünürəm ki, qarşıdakı on ildə bu, mümkün olacaqdır. Zənnimcə, transformasiya sahəsində təcrübəmiz, dünyanın aparıcı şirkətləri ilə güclü əlaqələrimiz sayəsində buna nail ola biləcəyik.

Uzun illərdir Fransa şirkətləri bizim ölkədə uğurla fəaliyyət göstərir. Enerji sektorunda onlar investor, digər sektorlarda iş podratçısı kimi fəaliyyət göstərirlər. Əlbəttə ki, biz Fransa şirkətlərini qeyri-enerji sektorunda investor kimi görmək istərdik.

Düşünürəm ki, bunu etmək üçün yaxşı potensial mövcuddur. Çünki iqtisadiyyat inkişaf edir, yeni imkanlar yaranır, Azərbaycan regional mərkəzə, təkcə siyasi deyil, həm də iqtisadi mərkəzə çevrilir. Azərbaycan regionda tarazlaşdırıcı rol oynayır.

Düşünürəm ki, Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaqdır. Eyni zamanda, biz onları podratçı kimi də görmək istərdik. Mən bizimlə fəal şəkildə çalışan bir çox Fransa şirkətinin adını çəkə bilərəm. Dünən Prezident Olland ilə görüşdə bildirdim ki, səfərdən əvvəl köməkçim mənə Azərbaycandakı Fransa şirkətlərinin fəaliyyəti ilə bağlı broşür təqdim etdi. Güman edirəm ki, bir neçə ilə şirkətlərin adları olan kitab nəşr ediləcəkdir. Bunlar bizim planlarımızdır. Mən həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığımızın səviyyəsindən məmnunam. Əməkdaşlığımız çox mehriban, gözlənilən və möhkəmdir.

Azərbaycan açıq ölkədir. Bu ölkədə bizneslə məşğul olmaq cəlbedicidir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun 80 faizi özəl sektorun payına düşür. Burada çox liberal iqtisadi nizamlama mövcuddur. Biz Dünya Bankının “Doing Business” proqramında aparıcı ölkələr sırasındayıq. Ölkədə çox əlverişli investisiya mühiti mövcuddur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan keçmiş sovet ölkələri arasında birinci yerdədir. Bu il biz Azərbaycana, iqtisadiyyatımıza 20 milyard dollar həcmində birbaşa sərmayələrin yatırılacağını gözləyirik. Hazırda xarici və yerli investisiyalar arasında nisbət dəyişib. Sərmayələrin 70 faizi yerli yatırımlardır. Bu, o deməkdir ki, şirkətlərimizin rəqabətliliyi artır.

Yeri gəlmişkən, Azərbaycan xaricdə böyük investisiya layihələrinə start verib. Regionda biz ilk növbədə Türkiyə iqtisadiyyatına milyardlar yatırırıq. Növbəti beş il ərzində bu, təxminən 20 milyard dollara çatacaqdır. Biz Gürcüstanda bir nömrəli investoruq.

Dövlət Neft Şirkəti Gürcüstanda ən böyük vergi ödəyicisidir. Bundan əlavə, biz Avropa İttifaqına üzv ölkələrə, keçmiş Sovet İttifaqı ölkələrinə investisiya yatırmağı planlaşdırırıq. Biz, həmçinin maliyyə resurslarımızı da şaxələndiririk, bu da çox mühümdür.

Azərbaycan və Fransa şirkətləri arasındakı əlaqələrin tarixini nəzərə alaraq, qarşıdakı illərdə biz üçüncü ölkələrdə hətta müştərək investor kimi fəaliyyət göstərə bilərik.

Mən Azərbaycan haqqında danışaraq daha çox vaxtınızı almaq istəmirəm. Bilirəm ki, əksəriyyətiniz bizim ölkədə olub, ölkəmizlə bağlı öz təəssüratlarınız vardır. Azərbaycanda olmayanları mən bizneslə məşğul olmaq imkanlarını öyrənmək və tərəfdaşlığımızı möhkəmləndirmək üçün ölkəmizə dəvət edirəm. Təşəkkür edirəm.

X X X

Jan BÜREL:

-Cənab Prezident. Sizi bu gün burada, Parisdə dinləmək, nailiyyətləriniz, Azərbaycanın iqtisadi durumu barədə təqdimatlarınızı, fikirlərinizi eşitmək bizim tərəfdən və borcla mübarizə aparan Qərbi Avropanın hər bir ölkəsi tərəfindən təqdir edilir. Bir neçə dəqiqə öncə ölkənizin dövlət borcunun ümumi daxili məhsulun 7 faizini təşkil etdiyini eşitdikdə bunun Fransa üçün də belə olmasını arzuladım.

Bizim Sizdən soruşmaq istədiyimiz bəzi suallar vardır. İndi mənim həmkarım Kristian Mons sual-cavab sessiyasına başlayacaqdır. Kristian buyurun.

Kristian MONS: Cənab Prezident, iştirakınız üçün Sizə təşəkkür edirik. Burada masa ətrafında Fransa şirkətlərini təmsil edən 50-dən çox baş icraçı direktor və baş menecer əyləşibdir. Onlar, yəni biz, tərəqqiniz və ölkəniz haqqında daha çox sual vermək məqsədilə burada toplanmışıq. Bizim şirkətlər enerji, nəqliyyat, infrastruktur, su idarəçiliyi, xidmət, turizm, bankçılıq və digər sahələri təmsil edir. Onlar Sizə çox qısa və konkret, eyni zamanda, həmişə olduğu kimi, dəqiq suallar vermək istəyərdilər. Əgər razısınızsa, mən sual-cavaba “Total” şirkətindən olan cənab Borrell ilə başlayıram. O, Sizə sual vermək istərdi.

Mişel BORREL: Çox sağ olun. Cənab Prezident, mənim vermək istədiyim xüsusi bir sual yoxdur. Sadəcə həmkarlarımın qarşısında Sizin bazar ertəsi keçirdiyiniz görüşdə müzakirə etdiyiniz bir neçə məsələ haqqında şərh vermək istərdim.

İlk növbədə, qaz sektoru haqqında. Siz öz çıxışınızda enerji sektorundakı nailiyyətlərinizi və qarşıda duran hədəflərinizi qeyd etmişdiniz. Düşünürəm ki, bunlar Sizin də qeyd etdiyiniz kimi, ölkədəki investisiya mühitinin yaxşı göstəricisidir. Öz adımızdan deyə bilərəm ki, biz Azərbaycanın neft və qaz sektorunda iştirak etməkdən məmnunuq və bununla fəxr edirik.

Yenicə uğurlu şəkildə tamamladığımız və aşkarlanmasını keçən ilin sentyabr ayında Sizinlə birgə elan etdiyimiz “Abşeron” yatağı barədə müzakirə aparmaq imkanımız oldu. Burada iştirak edən tərəfdaşlarımız “GDF-Suez” şirkəti və SOCAR ilə birlikdə “Abşeron” yatağındakı quyunun maliyyə dəyəri barədə açıqlama vermişdik. Bildiyiniz kimi, onun Sizin arzuladığınız miqyasda və zaman çərçivəsində işlənməsinin əsas şərti Xəzər dənizində qazma imkanlarını artırmaqdır. Quyunun istismarında biz SOCAR ilə birlikdə yaxından işləyirik. Ümid edirəm, istehsalatda yeni qazma qurğuları tətbiq ediləcəkdir.

Biz, həmçinin Sizin də qeyd etdiyiniz məsələ, yəni regionda istehsal edilən qaz və onun Avropa bazarına necə çıxarılması barədə danışdıq. Düşünürəm, “Şahdəniz” yatağındakı 10 faizlik payımız nümayiş etdirir ki, bizim rolumuz böyükdür. Biz CP, onun genişləndirilməsi və Türkiyədən keçməklə Avropa bazarlarına gedəcək TANAP layihəsi üçün Sizin də qeyd etdiyiniz kimi, strateji cəhətdən əhəmiyyətli infrastrukturun qurulmasında həm operator və yenə də SOCAR-la birgə işləmişik. Sonra bu iki rəqib boru kəməri qazı ya İtaliya, ya da daha yuxarı, Avstriyaya - Avropa qaz bazarının bir hissəsinə çatdıracaqdır. Bu sahədə tərəfdaşlıq əsas şərtdir.

Bizim həm də SOCAR ilə tərəfdaşlığımızı daha da inkişaf etdirmək potensialını, quruda və dənizdə gələcək fəaliyyətimizi müzakirə etmək imkanımız oldu. Hesab edirəm ki, bu danışıqlarda daha tez irəliləyiş etmək üçün Siz bizi ruhlandırdınız və bununla da biz Sizin neft və qaz sahəsində qarşıya qoyduğunuz məqsədlərə nail olmağa davam edirik. Hesab edirəm ki, şərhimin üç əsas elementində də qeyd etdiyim kimi, SOCAR ilə və Azərbaycandakı digər şirkətlərlə tərəfdaşlıq bizim uğurumuzun açarıdır. “Total”ın Azərbaycandakı sərmayə payı ölkənizin investisiya mühitinin cəlbediciliyi, sabitlik və bizə layihələrimizə uzun müddətə milyardlarla dollar investisiya yatırmaq imkanı verən güvənlik haqqında söylədiklərinizin aydın şəkildə nümayişidir. Siz bundan sonra da insanları SOCAR ilə, Azərbaycan ilə işləmək səylərini davam etdirməyə, etibarlı tərəfdaş olmağa, istər bizim, istərsə də Sizin öz mütəxəssislərinizlə və şirkətlərinizlə birgə gəlirləri artırmağa əmin edə bilərsiniz. Təşəkkür edirəm.

Kristian MONS: Təşəkkür edirəm. “Bouygues Travaux Publics” şirkətindən cənab Kristian Qazen.

Kristian QAZEN: Cənab Prezident, mən “Bouygues Travaux Publics” şirkətinin tikinti bölməsini təmsil edirəm. Biz müxtəlif növ binaların, eləcə də infrastruktur, dəmir yolu və mülki obyektlərin tikintisi ilə məşğul oluruq. Biz xüsusilə Bakı metrosunun inkişafı ilə maraqlanırıq. Biz yerli şirkət olan “Akkord” ilə əməkdaşlıq edirik. Biz hazırda metronun mavi xətti üzərində çalışırıq.

Həmçinin demək istərdim ki, Fransada bizim daha iri tərəfdaşımız və hərdən rəqibimiz olan şirkət vardır. Biz Azərbaycanda həmin bu şirkətlə, yerli şirkətlərin də daxil olacağı fransız qrupu yaratmağı qərara almışıq. Xatırladım ki, bizim şirkətin Misirin paytaxtı Qahirədə metro tikintisində 30 illik bir uğuru var və hazırda bir sıra digər layihələrdə də iştirak edirik.

Sualım belədir: Bakı metrosunun, xüsusilə mavi xəttin gələcəyi haqqında nə deyə bilərsiniz?

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Bizim Bakı metrosu üçün böyük inkişaf planımız vardır. Bir müddət öncə mənim sədrliyim ilə məsələ ilə bağlı böyük konfrans keçirdik və Bakı metrosunun inkişafı üzrə Dövlət Proqramı qəbul edildi. Hələlik bizim, daha dəqiq desək, hazırda 23 metro stansiyamız vardır. Onların əksəriyyəti sovet dövründə tikilib. Amma son bir neçə ildə biz hər il bir yeni metro stansiyası açırıq. Amma planlar daha genişdir.

Metronun böyük inkişaf planı 2030-cu ilə qədər əlavə 50 stansiyanın tikintisini nəzərdə tutur. Bu, o deməkdir ki, biz çox işləməli olacağıq və bizə yaxşı tərəfdaşlar lazım olacaqdır. Yeri gəlmişkən, Fransanın “SYSTRA” şirkəti Bakı metrosunun böyük inkişaf planı üzərində işləyir. Bu layihə bütövlüklə dövlət tərəfindən, dövlət büdcəsi hesabına maliyyələşdiriləcəkdir. Hər il biz bu məqsədlə əsaslı maliyyə vəsaiti ayırırıq. Yeganə məsələ onunla bağlıdır ki, bizə yaxşı podratçılar lazımdır. Bizim öz şirkətimiz var ki, hələlik Azərbaycan üçün metro tikir və onlar işi yüngülləşdirən yeni qazma qurğusu alıblar. Amma işin miqyasını, sürətini və 2030-cu ilə qədər çatmalı olduğumuz məqsədi nəzərə alaraq, bizim beynəlxalq podratçı şirkətlərə ehtiyacımız olacaqdır. Mən şadam ki, siz yerli şirkətlərlə birgə işləməyi planlaşdırırsınız, bu da bizim üçün çox vacibdir. Çünki biz, eyni zamanda, iqtisadi transformasiya prosesində xarici şirkətlərlə işləyirik və yerli şirkətlərimizin də beynəlxalq şirkətlərə çevrilməsini istəyirik.

“Bouygues Travaux Publics” kimi şirkətlə işləmək yerli şirkətlər üçün yaxşı təcrübə və peşəkar fəaliyyətlərində yaxşı tarixçə olacaqdır. Əgər bir gün onlar Azərbaycandan kənarda işləmək qərarına gəlsələr, onlar “Bouygues Travaux Publics”lə birgə layihə həyata keçirdiklərini tarixçələrində göstərə bilərlər. Mən bu yanaşmanı bütövlüklə dəstəkləyirəm və sizə uğurlar arzulayıram.

Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır. Təşəkkürlər.

Kristian MONS: Cavabınız üçün təşəkkür edirik, cənab Prezident. “Vinci Construction” şirkətindən olan cənab Bonno Sizin şərhinizə bəzi şeylər əlavə etmək istəyir.

“Vinci Construction” şirkətinin sədri və icraçı direktoru Alen BONNO: Sabahınız xeyir, cənab Prezident. Mən metro layihəsi haqda indicə eşitdim. Mən Dünya Tunel Konqresində iştirak etmək üçün Bakıya gəlmişdim. Metro sahəsində çalışan bir çox insanlarla, xüsusilə Bakı Metropoliteninin rəisi ilə görüşdüm. Mən cənab Qazenin dediklərini təsdiqləmək istərdim. Yəni, əgər Siz razısınızsa, yaxşı bir fransız tikinti qrupu yeni metro xətlərinin tikintisində maraqlı ola bilərdi və biz bu barədə çox danışmışıq. Bizim üçün vacib olan məsələ yaxşı razılıq əldə etməkdir və düşünürəm ki, biz yerli şirkətlərlə, yaxşı təcrübəsi olan Azərbaycan şirkətləri ilə birgə işləməliyik. Qeyd etdiyiniz kimi, Azərbaycanda uzun metro xətləri artıq var və biz onların müasirləşdirilməsində və digər layihələrdə Sizə kömək etməyə hazırıq. Təşəkkür edirəm.

Kristian MONS: Burada iki aparıcı su təsərrüfatı şirkətinin təmsilçiləri vardır. Etiraz etmirsinizsə onlar Sizə iki sual vermək istərdilər. Əvvəlcə, “Veolia Eau” şirkətinin Avropa üzrə direktoru Jan-Luk Debran və “Suez”dən beynəlxalq inkişaf üzrə icraçı vitse-prezident cənab Erik Gebal.

Jan-Luk DEBRAN: Cənab Prezident, su və kanalizasiya sistemlərinə bizim şirkət də iştirak etdiyi böyük maliyyə vəsaitlərinin qoyulması üzrə proqramları nəzərə alsaq, bu sahənin ixtisaslı kadrlara və idarəetmə mütəxəssislərinə ehtiyacı yaranır.

Mənim ilk sualım belədir: Azərbaycan Respublikası Hökuməti ilə belə bir məktəbin və ya treninq mərkəzinin yaradılması üzrə tərəfdaşlıq mümkündürmü? İkinci sualım: Su təsərrüfatı və kanalizasiya infrastrukturunun idarə olunmasına rəhbərlik edən nazirlik belə ehtiyacların ödənilməsi üçün ixtisaslaşmış fransız şirkətlərinə müraciət edəcəkmi?

Prezident İlham ƏLİYEV: Bizim su və kanalizasiya layihələri ilə bağlı böyük planlarımız vardır. Bu problem bizdə hər zaman mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın digər şəhərlərinin heç vaxt kifayət qədər su təchizatı olmayıb. Sovet dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, bu sistem köhnəlib və bir çox çətinliklər yaradır. Bu məqsədlə biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək qərarına gəlmişik. Suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı və bütün şəhərlərimiz su ilə təchiz edilməlidir. Əlbəttə, Bakı birinci sıradadır, çünki o nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən böyük şəhəridir.

Proqram çox genişdir və bizim dövlət şirkətimiz “Azərsu” buna görə məsuliyyət daşıyır. Onlar “GDF-Suez” ilə işləyirlər, yenicə müzakirələr aparıblar. Ümid edirəm ki, tezliklə layihənin reallaşdırılması istiqamətində praktik addımlar atılacaqdır. Hədəfimiz 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini su ilə tam təchiz etməkdir. Paralel olaraq müasir kanalizasiya sisteminin qurulması da həyata keçiriləcəkdir. Amma yəqin ki, bunu gələn ilin sonuna qədər etmək mümkün deyil, bəlkə də bu, daha bir neçə ilə başa gələcəkdir.

Bakı ilə əlaqədar məsələ daha mürəkkəbdir. Çünki biz təkcə maliyyə baxımından deyil, texniki nöqteyi-nəzərdən də çox şey etməliyik. İşin böyük hissəsi yenə də dövlət büdcəsindən maliyyələşəcəkdir. Bizim banklardan kreditlərimiz də var, hansı ki, layihəni daha tez həyata keçirməyə kömək edəcəkdir. Bu, növbəti illərin ən vacib infrastruktur layihələrindən biri olacaqdır.

Ona görə ki, bütün digər infrastruktur layihələrinin bəziləri ya tamamilə yerinə yetirilib, ya da yeni elektrik stansiyalarının tikintisi, Azərbaycanın qazlaşdırılması, magistral və hətta kənd yollarının tikintisi kimi layihələr hazırda reallaşmaq mərhələsindədir.

Gələn beş il üçün su və kanalizasiya yüksək prioritet məsələ olacaqdır. Çünki biz bu layihəni mərhələlərlə reallaşdıracağıq.

Qeyd etdiyim kimi, ilk mərhələ 2013-cü ilin, ikinci mərhələ 2016-cı ilin sonuna qədərdir. Buna görə də biz Fransa şirkətləri ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Biz artıq “GDF-Suez” şirkətinin nümayəndələri ilə onların digər ölkələrdəki təcrübəsini, onların bu layihələri necə həyata keçirmələrini müzakirə etdik. Bildiyimə görə, sizin şirkət də Azərbaycan ilə işləyir, həm də uğurlu şəkildə. Mən sizə uğurlar arzu edirəm. Biz bu layihə üzərində işləməyə davam edəcəyik. Ümid edirəm ki, növbəti illərdə bu problem daha olmayacaqdır. Çox sağ olun.

Kristian MONS: Təşəkkür edirik, cənab Prezident. Cənab Gebal, əlavə etmək istədiyiniz bir şey varmı?

Erik GEBAL: Xeyr, yalnız istərdim Sizi əmin edim ki, biz “Azərsu”nu mümkün qədər tez bir zamanda dünya səviyyəli müəssisəyə çevirmək fikrimizdə qətiyyətliyik. Biz artıq 2-3 ildir “Azərsu” ilə əməkdaşlıq edirik və Bakının tarixi su təchizatının təkmilləşdirilməsinə nail olmuş ilk şirkət olmağa yaxınıq. Bu, bizim üçün ciddi məsələdir və biz əminik ki, 2-3 ilə rəqabətə davamlı şərait yaranacaqdır.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Sadəcə əlavə etmək istərdim ki, bizim görüşümüzdən sonra mən “Azərsu”ya sizin şirkətlə daha da yaxından işləmələri və layihənin icrasına başlamaları üçün tapşırıqlar verdim. Eyni zamanda, bütün dostlarımıza xatırlatmaq istərdim ki, bizim iki gün əvvəlki görüşümüzdə mən dedim ki, su təchizatı məsələsinə gəldikdə qarşımızda çox asan hədəflər durur: bizə 24 saat su təchizatı, 100 faiz əhatə dairəsi və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su lazımdır. Üç əsas, sadə məqsəd. Həmin məqsədlərə çatmaqla, düşünürəm, bu problem həmişəlik həll olunacaqdır. Bunun da insanların yaşayış şəraitinə, onların səhhətinə, ölkəmizin ümumi inkişafına çox ciddi təsiri olacaqdır. Çünki Azərbaycan çox sürətlə inkişaf edir. Müasirləşmə prosesi elə tez gedir ki, biz mövcud su təchizatının hazırkı vəziyyəti ilə barışa bilmərik. Lakin bir daha demək istərdim ki, bu problem bizim ölkədə həmişə olub.

Müstəqilliyimizin ilk illərində həll olunası digər daha ciddi məsələlər var idi və ola bilsin, buna görə də bu məsələ prioritet deyildi, üstəlik bu, çox baha idi. Biz özümüz-özümüzə sərmayə qoymağa başlamamışdan öncə, on ildən çox bir müddət ərzində beynəlxalq maliyyə təsisatları ilə aparılan danışıqlar əsaslı nəticə vermirdi. Su layihələrini büdcəmizə, dövlət sərmayə proqramlarımıza daxil etdikdən sonra beynəlxalq maliyyə təsisatları da buna maraq göstərdilər və daha fəal oldular. İndi dövlətin, bankların maliyyələşdirdiyi layihələrin yaxşı əlaqələndirilməsi mövcuddur və bu da sıx əməkdaşlıq əhval-ruhiyyəsi yaradır.

Kristian MONS: Çox sağ olun, cənab Prezident. Burada iştirak edən fransız şirkətlərinin əksəriyyətinin adından Sizə sual verə bilərəmmi? Bu, daha çox siyasi sualdır, amma iqtisadiyyatla əlaqəsi var. Çox maraqlı olardı ki, bizə ölkənizin Dünya Ticarət Təşkilatına daxil olmasının təqvimi haqqında məlumat verəsiniz. Siz əvvəllər də bu haqda danışmısınız, amma istərdik Sizin planlarınız barədə eşidək.

Prezident İlham ƏLİYEV: Biz bu məsələ üzərində işləyirik. Tərəfdaş ölkələrlə ikitərəfli məsləhətləşmələr prosesindəyik və bu proses uğurla davam edir. Eyni zamanda, bildirmək istərdim ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına nə zaman üzv olmasına dair iki fikir mövcuddur. Birincisi, mümkün qədər tez, - bu fikir də yetərincə əsaslıdır, - çünki bu, bazarda rəqabətə davamlılığı artıracaqdır. Bu isə, ümid edirik ki, istehlakçı qiymətlərinə müsbət təsir edəcəkdir. Hazırda Azərbaycan bir sıra beynəlxalq təsisatlara inteqrasiya edən ölkədir və Dünya Ticarət Təşkilatının bir hissəsi olmağa yaxındır. Digər yanaşma bir az fərqlidir – məzmun nöqteyi-nəzərindən deyil, vaxt etibarilə fərqlənir. Çünki dediyim kimi, indi biz şaxələndirmə istiqamətində ciddi iş görürük. Bizim fərdi sahibkarlığın həvəsləndirilməsi üzrə dövlət proqramımız vardır. Məsələn, gələn il kənd yerlərində kiçik və orta müəssisələr üçün 300 milyon avro məbləğində vəsait nəzərdə tutulub. Onlara dövlət tərəfindən kiçik faizlə kredit ayrılacaqdır. Biz kənd təsərrüfatına böyük subsidiyalar ayırırıq. Bizim fermerlərə yanacaq 50 faiz güzəştlə satılır. Onlar gübrəni də 50-75 faiz arasında güzəştlə alırlar. Onlar torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Onlara taxıl əkdikdə hər bir hektara görə 100 avro verilir. Bu subsidiyalar bizə kənd təsərrüfatı məhsullarının idxalından asılılığı əhəmiyyətli şəkildə azaltmağa kömək edir.

Bu gün biz bəzi mövqelərdə tələbatımızı 80-85 faiz həcmində ödəyə bilirik. Məqsədimiz 2015-ci ilin sonunadək özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Bu, bir milyon iş yerinin açılmasına şərait yaratdı ki, bunların da əksəriyyəti kənd yerlərindədir.

Beləliklə də mən ikinci yanaşmaya toxunmaq istəyirəm. İkinci yanaşma ondan ibarətdir ki, əgər biz Dünya Ticarət Təşkilatına bu gün qoşulsaq, bu, kənd yerində sahibkarlığın inkişafına mənfi təsir göstərə bilər. Bu, məşğulluqla bağlı müəyyən problemlər yarada bilər. Bizim bəzi mallarımız rəqabətə davamlılığını itirə bilər. Beləliklə, əsas fikir, deyərdim, ondan ibarətdir ki, təkmilləşdirmə, şaxələndirmə, sərmayə qoyuluşu prosesini, özəl sektorun həvəsləndirilməsini davam etdirmək, təkcə kənd təsərrüfatında deyil, həmçinin ağır sənayedə və iqtisadiyyatımızın artıq daha yaxşı şəkildə olduğu bir vaxt Dünya Ticarət Təşkilatına üzv olmaq. Biz bu iki yanaşma arasında yolumuzu tapmağa çalışırıq. Beləliklə, biz danışıqlar prosesindəyik. Çox güman ki, bizim üzv qəbul olunmağımız yaxın gələcəkdə baş verməyəcəkdir.

Kristian MONS: Çox aydın izah idi.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm.

Kristian MONS: Çox sağ olun. Elə bilirəm ki, indi isə biz digər suallara keçə bilərik. Bizim hələ bir az da vaxtımız vardır. İstəyirsinizsə, razısınızsa, turizm və idman haqqında danışa bilərik. Hamımız ölkənizin necə gözəl olduğunu bilirik. Turizm və idman infrastrukturu layihələri haqqında daha yaxşı məlumatı olan “Gregory İnternational” şirkəti üçün bu, çox maraqlı olacaqdır.

“Gregory İnternational” şirkətinin nümayəndəsi: Sabahınız xeyir, cənab Prezident. Bizim şirkət qolf və idman meydançalarının inşası üzrə ixtisaslaşıb. Biz yalnız beynəlxalq miqyasda fəaliyyət göstəririk. Biz Sizin ölkənizdə olmuşuq və böyük inkişaf potensialının şahidi olmuşuq. Mənim sualım çox sadədir. Bilmək istərdim, Siz qolf meydançası tikintisi layihəsini təyin

etmisinizmi və gələcəkdə hansı idman meydançalarının tikintisi gözlənilir?

Prezident İlham ƏLİYEV: Bəli, qolf meydançalarının tikintisi layihələri vardır, onlar artıq icra olunur. İkisi tikilir, amma Bakıda deyil, paytaxtdan 150-200 kilometr kənarda, dağlıq və yaşıl ərazidə. İki qolf meydançasının tikintisinə dair planlar vardır. Lakin bunlar özəl sərmayələrdir, dövlət sərmayələri deyildir.

Dövlət sərmayələrinə gəldikdə isə, biz idman infrastrukturuna çoxlu vəsait yatırırıq. Ən iri idman və ya konsert zalı - “Chrystal Hall” yalnız “Eurovision” mahnı müsabiqəsi üçün inşa olunmuşdur. Bizim çox az vaxtımız var idi və beləliklə o, 9 aya tamamlandı. Bu, 17 mindən 20 minədək tutumu olan gözəl idman sarayıdır. Biz stadionlarımızı da müasirləşdiririk. Son on il ərzində Azərbaycanda 34 Olimpiya İdman Kompleksi inşa olunub ki, bu da bizim komandamızın London Olimpiadasında uğurlu çıxışının səbəblərindən biridir.

Bununla da idman bizim üçün sərmayələrin yönəldildiyi və diqqət mərkəzində olan, diqqət göstərilən əsas sahələrdən biri olmağa davam edəcəkdir. Bunun üçün də biz daha çox iş görəcəyik. Hazırda biz Qafqaz dağlarında yeni dağ-xizək istirahət kompleksinin tikintisinin son mərhələsindəyik. Bu da dövlət sərmayələrinin hesabına reallaşır. Çox güman ki, bu mövsümdə kompleks xizək həvəskarları üçün açılacaqdır. Bu, ən gözəl və ən rahat dağ-xizək istirahət komplekslərindən biri olacaqdır.

Çünki bütün dağ-xizək istirahət komplekslərinin, həmçinin sizdə - Fransada, İsveçrədə, Avstriyada olanların da təcrübəsini öyrənmişik və insanlar üçün, idmançılar üçün, bu idman növünə üstünlük verən hər kəs üçün maksimal rahatlıq yaratmaq məqsədilə bütün bunların müsbət tərəflərini uyğunlaşdırmışıq. Bununla da biz bu sahədə daha çox layihələrin şahidi olacağıq və tərəfdaşlarla işləməyə hazırıq. Hazırda biz 60-80 min arasında tamaşaçı tutumu olan Olimpiya stadionunun inşasını planlaşdırırıq və tikinti yəqin ki, çox tezliklə başlayacaqdır.

Bizim çoxlu planlarımız vardır. Dediniz ki, Bakıda olmusunuz və yəqin artıq bizim planlardan xəbərdarsınız. Ümid edirəm ki, bəzi layihələrdə iştirak edəcəksiniz. Sağ olun.

Kristian MONS: Təşəkkür edirik, cənab Prezident. Daha bir sual qanunvericilik haqqında. “Lactalis” şirkətindən cənab Nale Sizə süd məhsulları üçün gömrük qaydaları, gömrük qanunvericiliyi haqda sual vermək istəyir. Sözü ona verirəm.

NALE: Sabahınız xeyir, cənab Prezident. Bu qaydalar haqqında danışmamışdan öncə, deməliyəm ki, ölkənizin kənd təsərrüfatı sahəsi və inkişaf haqqında dedikləriniz məni çox maraqlandırdı. Mən burada “Lactalis Group”u təmsil edirəm. Bu salonda qarşınızda süd sənayesinin iki lideri əyləşib: “Danone” şirkətindən olan həmkarım masanın digər tərəfindədir.

Fransada süd məhsullarının istehsalı üzrə lider bizik. Biz Azərbaycanda 30 nəfərdən ibarət kiçik bir nümayəndəliklə təmsil olunuruq. Biz regiondan və həmçinin Fransadan məhsullar idxal edirik. Bu gün bizim tələbat Sizin ölkənizdə biznes qurmağı tələb edir ki, biz azərbaycanlılarla tərəfdaş olaq, Avropanın digər ölkələrində həyata keçirdiklərimizi burada da edək.

Düşünürük ki, böyük tələbat vardır. Dükanların təklif etdikləri çeşidlər artırılmalıdır. Biz bunu inkişaf etdirmək arzusundayıq və istərdik ki, Siz bizə - buradakı şirkətlərə yardım edəsiniz, təkcə ticarətdə deyil, eyni zamanda, dünyanın başqa ölkələrində etdiyimiz kimi, Sizinlə də uzunmüddətli və davamlı inkişafın əsasını qoymaq üçün.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Mən sizin Azərbaycandakı fəaliyyətinizi tam olaraq dəstəkləyirəm. Mən artıq bu məsələ ilə bağlı fikrimi bildirmişəm və təkrarən demək istəyirəm ki, bizim planımız bütün istehlak məhsulları ilə özümüzü təmin etməkdir. Əlbəttə, bizdə azad bazar iqtisadiyyatıdır. İstehsalın çoxsaylı çeşidi mövcuddur ki, insanlar öz maliyyə vəziyyətindən asılı olaraq onları ala bilirlər. Lakin əsas məhsullar olan gündəlik tələbat məhsullarının ölkə daxilində 100 faiz istehsalına nail olmalıyıq. Bu, həm qiymətləri aşağı səviyyədə saxlamaq, həm də məşğulluğu təmin etmək baxımından faydalı olar.

Süd məhsullarına gəldikdə isə, biz hazırda ölkənin südə olan tələbatının təxminən 80-85 faizini yerli istehsal hesabına təmin edirik. Mən əksər yeni və ən böyük süd istehsalı müəssisələrinin açılışında iştirak etmişəm. Deməliyəm ki, həmin müəssisələrdə istehsal prosesi tamamilə müasir, yeni texnologiyalar əsasında təşkil edilib, məhsullar da çox keyfiyyətlidir.

Tövsiyə vermək çətindir, lakin mən böyük istehsalçı şirkətlərin Azərbaycanda istehsal müəssisələrini yaratmasını istərdim.

Bu, əməkdaşlığı davam etdirmək, biznes əlaqələri və qarşılıqlı faydalılıq baxımından ən yaxşı yoldur. Bizim idxal məhsullarından asılı olduğumuz dövr indi geridə qalıb. Hazırda vəziyyət tamamilə fərqlidir. Bir neçə il sonra vəziyyət yerli istehsal baxımından indikindən də yaxşı olacaqdır. Eyni zamanda, ölkə bazarı da böyüyür. Azərbaycanda istehsal edilən bəzi məhsullar regional bazarlara ixrac edilmək üçün çox yaxşı potensiala malikdir. Çünki bizim qonşularımızdan bəziləri ilə azad ticarət barədə sazişlərimiz var və ona görə də məhsullarımızı ixrac etməklə bağlı problemlərimiz yoxdur.

Bizim ölkə daxilində istehlak edilməyən əksər kənd təsərrüfatı məhsulları təzə və emal olunmuş şəkildə regional bazarlara ixrac edilir. Bu regional bazarlar isə sizin də bildiyiniz kimi, çox böyük və genişdir. Ona görə də mən tərəfdaşlarımıza əminliklə müasir istehsal müəssisələrinin yaradılması imkanlarını dəyərləndirməyi tövsiyə edirəm. Bu, istəyinizdən asılı olaraq tamamilə sizə məxsus müəssisələr ola bilər və ya yerli istehsalçılarla şərikli şəkildə Azərbaycanda müasir, yüksək standartlara cavab verən və keyfiyyətli istehsal müəssisələrinin yaradılması bizim də marağımızda olan bir məsələdir. Təşəkkür edirəm.

Kristian MONS: Çox sağ olun, cənab Prezident. İndi isə kosmik sənaye layihələri üzrə sualını vermək üçün sözü “EADS Astrium” şirkətindən cənab Limuziyə verirəm.

LİMUZİ: Sabahınız xeyir, cənab Prezident. Mən “EADS Astrium” şirkətindənəm. Çox şadam ki, bir az öncə Siz süni peyk və kosmosa aid biznesi qeyd etdiniz. Biz bu yaxınlarda “Azərkosmos”a Yer səthinə nəzarət peyklərinə dair təklif vermişik. Mən bu sahədə Azərbaycan hökumətinin tam dəstəyini arzu edərdim. Çünki bu, əsasən qeyri-ticari və hökumətdən asılı bir məsələdir. İstərdim aydınlaşdırım, bu məsələyə dair sazişlərin imzalanmasına nə zaman başlamaq fikrindəsiniz və bu məsələdə Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

Prezident İlham ƏLİYEV: Azərbaycanda kosmik sənayenin yaradılması və bu sahə ilə bağlı böyük planlarımız vardır. Bu, beynəlxalq səviyyədə hərdən təəccüblə qarşılanırdı, bəziləri bizim bu sahəyə investisiya qoyacağımızı gözləmirdi. Lakin rəqabətə davamlı ölkə olmaq, ölkəmizi inkişaf etdirib müasir ölkəyə çevirmək istəyiriksə yeni texnologiyalarsız, xüsusən kosmik texnologiyalar olmadan bu, çətin məsələdir.

Biz ilk peykimizin tezliklə kosmosa buraxılacağını gözləyirik. Bu məsələdə bir qədər gecikmələr olub. Biz bunu ötən il üçün gözləyirdik, lakin sonradan təxirə salındı. Lakin Fransanın “Arianespace” şirkəti bunu həyata keçirəcəkdir. Biz, eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, yeni peyklərlə bağlı layihələr üzərində də işləyirik. Mən Fransa şirkəti ilə “Azərkosmos” arasındakı əməkdaşlığı tam dəstəkləyirəm. Fransa şirkətləri bu sahədə böyük təcrübəyə malikdir və dünyanın aparıcı şirkətlərindən hesab edilir. Hazırda biz peykin buraxılması sahəsində əməkdaşlıq edirik, daha sonra bu əməkdaşlığın digər sahələri üzrə də birgə işləyə bilərik. Biz bu istiqamətdə fəaliyyətimizi olduqca sürətləndirməyi planlaşdırırıq.

Strateji cəhətdən önəmli olan sahələrdə biz vaxt itkisinə yol vermirik. Bu məqsədlərə nail olmaq istiqamətində fəaliyyət göstəririk. Biz çox zaman qarşımıza ambisiyalı və qısamüddətli planlar, hədəflər qoyuruq. Lakin bunları icra etmək heç də mümkünsüz deyildir. Biz o cür fəal və cəld şəkildə işləməsəydik əks təqdirdə 8 il müddətində ümumi daxili məhsulu üç dəfə artıra bilməzdik. Bu, yaxın gələcək üçün nəzərdə tutulmuş bir layihədir. Mən sizin “Azərkosmos” ilə əməkdaşlığınızı tam dəstəkləyirəm və bu sahədə möhkəm əməkdaşlıq münasibətlərinin yaranacağına əminəm.

Yeri gəlmişkən, Azərbaycan ilə sizin şirkət arasında əməkdaşlıq çox uğurludur - təyyarələrin alınması, “Airbus”lar. Hazırda başqa yeni layihələr nəzərdən keçirilir. Bu əməkdaşlığın çox yaxşı tarixi əsasları vardır. Eyni zamanda, əvvəllər Fransa istehsalçılarından “Eurocopter”lər, ATR təyyarələri alınıb. Bizim hava yolları hazırda əsasən fransız istehsalı olan təyyarələr üzərində qurulub. Təşəkkür edirəm.

Kristian MONS: Təşəkkür edirəm, cənab Prezident. Üzr istəyirəm ki, suallar bu qədər çoxdur. Bilirik ki, Sizin vaxtınız da məhduddur.

Prezident İlham ƏLİYEV: Əgər suallar çoxdursa, biz vaxtı artıra bilərik.

Kristian MONS: Xanım Sizə vacib infrastrukturların təhlükəsizliyi barədə sual vermək istəyir.

“MBDA” şirkətinin nümayəndəsi: Cənab Prezident, mən də “EADS”ın başqa bir şirkətini – “MBDA”nı təmsil edirəm. Bizim şirkət vacib infrastrukturların təhlükəsizliyinin müdafiəsi və qorunması sahəsində ixtisaslaşıb. Bizim Azərbaycana bir neçə səfərimiz olub. Orada müxtəlif nazirliklərin nümayəndələri ilə görüşmüşük. Sualım isə “EADS” qrupunun ölkənizlə əməkdaşlıq imkanlarını necə görməyiniz barədədir. Şirkətlərlə, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə, - çünki həmin şirkət çox vacib infrastruktura malikdir, - həm də “Total” ilə də əməkdaşlığı nəzərdən keçirə bilərik. İkinci sualım həmkarlarımın səsləndirdikləri suallarla bir qədər eyni məzmuna malikdir. Qısa deyəcəyəm. Məni buraya iki səbəb gətirib. Mən, həmçinin kosmik sənaye və aeronavtika sahəsində ixtisaslaşan Fransanın “GIFAS” qrupunun MDB üzrə komissiyasının sədriyəm. Mənim həmkarım kosmik sənaye barədə danışdı, lakin bizim Sizinlə əməkdaşlıq edə biləcəyimiz bir çox sahə vardır, aeronavtika sahəsi. Mən, həmçinin Sizinlə əməkdaşlıqda maraqlı olan bir çox daha kiçik şirkətləri təmsil edirəm. İstərdik bilək, mümkündürmü ki, “GIFAS” səviyyəsində Sizin ölkənizə səfər təşkil olunsun ki, fransız şirkətləri orada yeni tərəfdaşlar tapsınlar?

Kristian MONS: Çox maraqlı təklifdir.

Prezident İlham ƏLİYEV: Bəli, elədir. Onu deyə bilərəm ki, mən bu məsələlərə tam dəstək verirəm. Biz böyük, balaca, orta səviyyəli müxtəlif şirkətlər və investorlarla xüsusən bizim üçün yeni olan kosmos sənayesi kimi sahələrdə işləməyə maraqlıyıq. Bizim hələlik bu sahələrdə böyük təcrübəmiz yoxdur. Buna görə də böyük beynəlxalq əməkdaşlığa ehtiyac hiss edirik. Əminəm ki, bu sənaye sahəsini inkişaf etdirməklə bağlı böyük planlarımız böyük, kiçik və orta səviyyəli əksər şirkətlər üçün imkanlar yaradacaqdır. Buna görə də müxtəlif şirkətlərin böyük komandalar şəklində ölkəmizə səfər edərək bizim planlarımızla tanış olması insanlarla görüşərək öz proqramlarını bizim planlarımızla uyğunlaşdırması baxımından yaxşı fikir olardı.

İnfrastruktur təhlükəsizliyinə gəldikdə isə, bəhs etdiyimiz bu mövzu olduqca vacib məsələdir. Əvvəlki illərdə təhlükəsizlik yetərli səviyyədə deyildi, hətta deyərdim ki, mühafizə ətrafa hasar çəkmək qədər bəsit səviyyədə idi. Lakin vacib infrastrukturlar, təkcə enerji sahəsi ilə bağlı deyil, digər sahələrdə də olduqca vacibdir.

Çünki biz hazırda fəlakətlərin, zəlzələlərin, daşqınların şahidi oluruq. Yeri gəlmişkən, bu il güclü zəlzələ, iki il əvvəl isə güclü daşqın ölkəmizə ciddi zərər vurdu. Eyni zamanda, heç bir ölkə bəzi əhəmiyyətli infrastrukturlara qarşı bu cür təhlükələrdən və fəaliyyətdən sığortalanmayıb. Hazırda biz enerji infrastrukturunun və su anbarlarının mühafizəsi üçün yeni sistemin quraşdırılmasını həyata keçiririk. Bu sistem isə sizin Fransada istifadə etdiyiniz kimi olduqca müasirdir. Hazırda bizdə bu sistemlərin yaradılması prosesi gedir.

Bizim digər bir planımız isə qarşıdakı bir neçə ildə diqqətsizlikdən və mühafizədəki qüsurlardan 100 faiz yayınmağa imkan verən bir sistemin yaradılmasıdır. Ona görə, düşünürəm ki, bu sahədə əməkdaşlıq üçün xeyli imkanlar olacaqdır. Təşəkkür edirəm.

Kristian MONS: Təşəkkür edirəm, cənab Prezident. Cənab Bürel buyurun.

Jan BÜREL: Vaxt bitmək üzrədir. Mənim yanımda əyləşən dostum, həmkarım Erik Frünyenin - Xarici İşlər Nazirliyinin Avropa qitəsinin regionları üzrə nümayəndəsinin Sizə sualı vardır.

Erik FRÜNYE: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin gələcək üçün çox mükəmməl planlarınız vardır. Dünən Siz də bizim Prezidentin Sizin regiona böyük diqqətinin şahidi oldunuz. Biz regionu sabit görmək istərdik, bütün investorlarla regionda əmin-amanlığın yaradılması üçün birgə işləməyi zəruri hesab edirik. Bu gün Sizin buradakı mesajlarınızdan da bəlli oldu ki, fransız şirkətləri regiondakı sabitliyə inanır. Sabitliyə inam olmasaydı, yəqin ki, investisiyalar da olmazdı. Düşünürəm ki, bununla bağlı çox yaxşı planlarımız vardır. Bu planla bağlı Sizin nazirə ilin əvvəlində bildirdiyimiz kimi, xarici işlər naziri Loran Fabius gələn il ölkənizə səfər etmək niyyətindədir. Düşünürəm ki, biz bu cür mükəmməl planlarla birgə işləməyə başlaya bilərik. Dəstəyinizə görə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Mən sizin dediklərinizlə tamamilə razıyam. Ölkəmizin tarixindən də bizə məlumdur ki, bəzi məqamlarda qeyri-sabitlik dövrləri olmuşdur. Sabitlik olmadan isə inkişaf haqda düşünmək mümkün deyildir. Təəssüf ki, sovet dövləti süquta uğradığı vaxt Azərbaycan çox çətin vəziyyətlə üzləşməli oldu. Biz çox mürəkkəb siyasi vəziyyətdə idik - siyasi böhran, Ermənistanın təcavüzü, ərazilərimizin işğal edilməsi, vətəndaş müharibəsi.

İqtisadiyyatımız bütövlükdə tənəzzülə uğramışdı, durğunluq və təxminən 1000 faiz səviyyəsində inflyasiya mövcud idi.

İqtisadiyyat o dərəcədə zəifləmişdi ki, biz hər şeyi sıfırdan deyil, hətta daha aşağı səviyyədən, daha dərindən başlamalı idik.

Lakin siyasi islahatlar və sabitlik vasitəsilə biz həmin çətinlikləri dəf edə bildik. Artıq 1997-ci ildə iqtisadi sabitliyə nail olundu və bundan sonra ölkə iqtisadiyyatı artmağa başladı. Xarici investisiyalar əlbəttə əhəmiyyətli rola malikdir. Lakin investorların sabitlik olmayan ölkədə risk etməsi tamamilə qeyri-mümkündür. Bu səbəbdən tərəfdaşlarımıza, o cümlədən Fransadan olan şirkətlərə bizə inandıqları və çətin vəziyyətdən çıxış yolu tapmaqda dəstəkləri üçün təşəkkürümüzü bildiririk.

Bu gün Azərbaycan təkcə ölkədaxili sabitliyə malik deyil, həmçinin regionda sabitləşdirici amil kimi çıxış edir. Biz çox vacib regional layihələrin hamısında iştirak edirik. Əksər regional, enerji, nəqliyyat, siyasi layihələrin təşəbbüskarı kimi çıxış edirik.

Ötən il 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz onu göstərdi ki, biz özümüzü dünyaya təqdim edə bilmişik.

Bizim gələcəyə baxışımız aydındır. Biz Azərbaycanı gələcəkdə müasir, inkişaf etmiş, beynəlxalq birliyə tam inteqrasiya olunmuş və bütün azadlıqlar, o cümlədən iqtisadi azadlıqlar təmin edilmiş yüksək həyat standartlarına malik ölkə kimi görürük.

Yəqin ki, hər bir ölkə rəhbəri ölkəsi və vətəndaşları üçün bunları arzulayır. Bizim bunlara nail olmaq üçün çox yaxşı imkanlarımız vardır.

Yenidən əvvəldə dediyim sözlərə qayıtmaq istərdim. Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox əhəmiyyətlidir.

Bütün bu illər ərzində biz yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq və anlaşmanın şahidi olmuşuq. Ötən gün Prezident Fransua Olland ilə görüşümüz bir daha təsdiqlədi ki, indiyədək görülmüş işlər yeni əməkdaşlıq üçün qapılar açır. Ona görə də şirkətlərin rolu əvvəlkindən daha çox ola bilər. Çünki indi Azərbaycan 10 il əvvəlkindən daha çox imkanlara malikdir. Biz islahatlar xəttini davam etdirəcəyik və gələcəkdə şirkətlərimiz üçün yeni layihələr daha da artacaqdır.

Jan BÜREL: Cənab Prezident, biz bu səhər yeməyi əsnasında təşkil olunmuş görüşün sonuna çatdıq. Sizin keçmişdə əldə etdiyiniz uğurlar gələcək planlarınızın da uğurlu olacağından xəbər verir. Parisdə və ya Bakıda Kristian Monsun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyəcəyik. Vaxt ayırdığınız üçün və dəyərli cavablarınıza görə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo