|
19 sentyabr 2012, 23:00
İlham Əliyev Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak etmişdir
Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak etmişlər. Tədbir iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Prezident İlham ƏLİYEV qəbulda çıxış edərək dedi: -Hörmətli xanımlar və cənablar! Bu gün Fransa-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi öz işinə başlayır. Təsadüfi deyildir ki, ölkəmizin xaricdə birinci Mədəniyyət Mərkəzi məhz Fransanın paytaxtında açılır. Fransa-Azərbaycan əlaqələri çox uğurla, sürətlə inkişaf edir. Bu gün səhər bu binanın həyətində Azərbaycan bayrağı qaldırılmışdır. Bu gün biz dostlarımızı qəbul edirik. Bu Mədəniyyət Mərkəzinin fəaliyyəti bizə imkan verəcəkdir ki, Azərbaycan öz zəngin mədəniyyətini, tarixini, incəsənətini fransalılara geniş şəkildə təqdim etsin. Əminəm ki, bu bina qısa bir müddətdə Fransa-Azərbaycan dostluq evinə çevriləcəkdir. Fransa-Azərbaycan əlaqələrinin gözəl tarixi vardır və əminəm ki, bundan da gözəl gələcəyi olacaqdır. Dünən Fransa Prezidenti cənab Fransua Ollandla keçirdiyim görüş bir daha münasibətlərimizin strateji xarakterini təsdiq etdi. Bu gün səhər MEDEF-də Fransanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə iqtisadi sahədə qarşılıqlı marağın nə qədər böyük olmasının bir daha şahidi olduq. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu mədəniyyət ocağında görüşürük və dostlarımızla təmasda oluruq. Bu fürsətdən istifadə edərək Fransa-Azərbaycan əlaqələrinin mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Mehribanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilmişdir. Keçən il Bakıda Fransız Liseyinin təməl daşı qoyulmuşdur. Bakıda möhtəşəm “Plaisirs de France” sərgisi keçirilmişdir. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehribanın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib və Mehribanı “Fəxri Legion” ordeni ilə təltif etmişdir. Bu axşam doğrudan da Fransa-Azərbaycan dostluq axşamıdır. Bizim Fransada dostlarımız çoxdur. Bu binanın qapıları həmişə dostlarımızın üzünə açıq olacaqdır. Bu gün bizimlə bərabər bu sevincli günü qeyd etmək üçün bu ziyafətə gəlmiş bütün dostları bir daha salamlayıram. Bütün fransalı dostlarımıza yeni uğurlar və cansağlığı arzulayıram. Sağ olun. X X X Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdikləri qəbulda milli mətbəximizin ləziz təamları təqdim olundu. Tədbir konsert proqramı ilə davam etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.