İlham Əliyev Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olmuşdur

07 oktyabr 2012, 22:00
İlham Əliyev Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Küllülü-Zərdab magistral su kəmərinin açılışında iştirak etmişdir.

Dövlət başçısı su kəmərinin planı və tikintisi prosesini əks etdirən stendlə tanış oldu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin və xəttin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ASC-nin sifarişi ilə kəmərin tikinti işlərinə cari ilin sentyabrında başlanılmışdır. Bütövlükdə bu kəmərin suyundan Ağsu, Kürdəmir, Ucar və Zərdab rayonlarının müxtəlif yaşayış məntəqələrinin 157 min sakini istifadə edəcəkdir.

Qeyd olundu ki, kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən istifadə edəcəkdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulmuşdur. Hazırda Heydər Əliyev parkında tikilən şəlalə rəmzi olaraq suyun artıq Zərdaba gəlib çatmasını bildirir.

Dövlət başçısı suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.

Diqqətə çatdırıldı ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsində içməli su mənbəyi kimi Kür çayı qəbul edilsə də, aparılan araşdırmalardan və texniki iqtisadi əsaslandırmadan sonra rayon mərkəzi ilə yanaşı, kəndlərin də içməli su ilə təmin olunması üçün keyfiyyətli və bol ehtiyatlara malik Küllülü mənbəyinə üstünlük verilmişdir. Layihəyə uyğun olaraq Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsinin yaxınlığındakı Küllülüdə sugötürücü drenaj sistemi tikilmiş və buradan Zərdab şəhərinə magistral su kəməri çəkilmişdir. Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir. Hazırda Zərdab şəhərinə verilən suyun yeni şəbəkə hazır olana qədər mövcud şəbəkəyə birləşdirilməsi istiqamətində tədbirlər görülür.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri və kəmərin çəkilməsində iştirak edən inşaatçılarla görüşən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, əziz zərdablılar! Bu gün Zərdab rayonunun tarixində çox əlamətdar bir gündür. Bu gün Zərdabda böyük su layihəsinin başlamasını qeyd edirik. Bu layihənin icrası imkan verəcək ki, zərdablılar təmiz içməli su ilə təmin olunsunlar.

Əlbəttə, bu, rayonun inkişafı, insanların sağlamlığı üçün çox böyük məna daşıyır. İçməli su həyat deməkdir. Təmiz içməli su isə sağlam həyat deməkdir. Bir neçə gündən sonra 72 kilometr uzunluğunda kəmər vasitəsilə verilən su daxili şəbəkəyə birləşdiriləcək və beləliklə, su evlərə paylanacaqdır.

Hazırda zərdablılar suyu fasilələrlə alırlar. Şəhərin yarısı demək olar ki, bu problemlə üzləşir və su qıtlığı müşahidə olunur. Bu layihə başa çatandan sonra artıq Zərdabda vətəndaşlar 24 saat içməli su alacaqlar.

Bu, doğrudan da böyük tarixi layihədir. Çünki uzun illər ərzində, onilliklər ərzində su problemi demək olar ki, bütün rayonlar üçün xas idi. Hazırda bütün rayonlarda su-kanalizasiya layihələri icra edilir və çalışırıq ki, gələn ilin sonuna qədər bütün rayonlarda, rayon mərkəzlərində içməli su layihələri başa çatsın.

Bu layihə çox böyük maliyyə vəsaiti tələb edir və Azərbaycan dövləti maliyyə yükünün əsas hissəsini öz üzərinə götürmüşdür.

Bəzi rayonlarda bəzi layihələr xarici maliyyə qurumlarının kreditləri ilə icra edilir. Ancaq əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bu, belə də olmalıdır. Çünki bizim sosial siyasətimiz insanların rahatlığını təmin etmək üçün aparılır. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır və Azərbaycan vətəndaşının rahat, firavan yaşaması bizim əsas məqsədimizdir.

Bütün infrastruktur layihələrinin içərisində içməli su layihəsi xüsusi məna daşıyır. Düzdür, son illər ərzində bütün bölgələrdə digər vacib infrastruktur layihələri həyata keçirilmişdir, magistral yollar, kənd yolları çəkilir, o cümlədən Zərdab rayonunda bir neçə kəndi birləşdirən yeni yollar çəkilmişdir, elektrik enerjisinin verilməsi böyük dərəcədə yaxşılaşdırılmışdır. Demək olar ki, ölkə üzrə bu ciddi problem artıq aradan götürülüb. Əlbəttə, təkmilləşdirmə işləri aparılmalıdır və aparılır. Amma biz bu problemi köklü şəkildə həll etmişik. Qazlaşdırma prosesi gedir. Zərdab şəhərinin qazla təminatı artıq reallaşıb və ətraf kəndlərə də qaz xətləri çəkilir. Bu layihələrin içində içməli su layihəsi xüsusi məna daşıyır. Çünki insan susuz yaşaya bilməz. Keyfiyyətsiz su insanın sağlamlığına birbaşa ziyan vurur. Biz çalışmalıyıq və çalışırıq ki, bütün bölgələrdə əhaliyə verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab versin. Əminəm ki, buna nail olacağıq. Zərdab rayonuna verilən içməli su çox gözəl, təmiz mənbədən gələn sudur, keyfiyyətli sudur və bir neçə gündən sonra zərdablılar bunu görəcəklər.

Bu layihənin böyük mənası, böyük əhəmiyyəti vardır. Çünki bir daha demək istəyirəm ki, bizdə içməli su problemi həmişə, bütün dövrlərdə olub. Tədricən bu məsələ öz həllini tapmaqdadır və hər bir bölgə üçün konkret investisiya proqramı, konkret proqramlar, planlar vardır. Bu işlər plan üzrə gedir və qarşıya məqsəd qoyulmuşdur ki, gələn ilin sonuna qədər əksər layihələr icra edilsin. Yəni, biz bütün rayon mərkəzlərini gələn ilin sonuna qədər içməli su ilə təmin etməliyik. Bununla paralel olaraq, ətraf kəndlərə də təmiz içməli su verilməlidir. Ondan sonrakı mərhələdə daha da geniş miqyasda bu layihələr icra ediləcəkdir.

Eyni zamanda, kanalizasiya layihələri də icra ediləcəkdir.

Biz bu məsələni həll etdikdən sonra demək olar ki, infrastruktur layihələri arasında həllini gözləyən məsələ qalmayacaqdır. Bu məsələ ilə bağlı bir neçə il bundan əvvəl konkret tapşırıqlar verilmişdir. Dövlət İnvestisiya Proqramında su layihələri nəzərdə tutulur. Bu, bir daha Azərbaycan hökumətinin, dövlətinin siyasətini əks etdirir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və indi ölkə iqtisadiyyatı uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, sosial məsələlərin həllinə lazımi səviyyədə maliyyə vəsaiti ayıraq və bunu edirik.

Su layihəsi sırf sosialyönümlü layihədir. Çünki bu layihənin dövlət üçün heç bir kommersiya önəmi yoxdur. Azərbaycanda su tarifləri çox aşağıdır və bu layihələrə qoyulan vəsait heç vaxt, yəni, su tariflərinin ödənilməsi hesabına qaytarıla bilməz. Bu, bir daha Azərbaycan dövlətinin nə qədər güclü sosial siyasət apardığını göstərir.

Bu, belə də olmalıdır. Çünki ölkəmiz inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir və biz çalışırıq, çalışmalıyıq ki, Azərbaycan vətəndaşları üçün daha da yaxşı şərait yaradaq. Hər bir vətəndaş üçün yaşadığı yerdən asılı olmayaraq, gözəl şərait yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin edilməlidir, səhiyyə, təhsil ocaqları tikilməlidir.

İnfrastruktur layihələrinin icrası, əlbəttə ki, ümumi işlərdə mühüm yer tutur. Son illər ərzində ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, artıq öz gözəl nəticəsini verir.

Bu gün həm Zərdab, həm də ümumiyyətlə ölkə üçün çox əlamətdar bir gündür. Çünki qeyd etdiyim kimi, bütün bölgələrdə içməli su layihələri artıq icra edilir, yaxud da ki, onların icrasına hazırlıq işləri aparılır. Onların içində birinci layihə məhz Zərdabda reallaşır. Ona görə bu gün tarixdə qalacaqdır. Bu gün yeni layihələr əsasında Azərbaycan bölgələrinə verilən suyun ilkin mərhələsidir. Təsadüfi deyildir ki, birinci layihə Zərdabda reallaşır. Zərdabın inkişafına böyük diqqət göstərilir. Əvvəlki dövrdə rayonun inkişafı üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Zərdabda quruculuq, abadlıq işləri aparılır. Eyni zamanda, əvvəlki dövrlərdə Kür boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular da quraşdırılıb və insanlar təmiz sudan istifadə edirlər. Digər layihələrin icrası, əminəm ki, Zərdabın gələcək inkişafını təmin edəcəkdir.

Ümumiyyətlə, ölkə miqyasında işlər çox müsbət istiqamətdə gedir. Artıq bir neçə gündən sonra biz üçüncü rübün yekunlarını müzakirə edəcəyik. Birinci altı ayın yekunları çox müsbət olmuşdur – iqtisadiyyat, qeyri-neft iqtisadiyyatı artır, sosial məsələlər həll olunur, sovet dövründən qalan əmanətlərin qaytarılması prosesi başlamışdır və deyə bilərəm ki, MDB məkanında ən qısa müddət ərzində qaytarılacaq vəsait məhz Azərbaycanda olacaqdır. Azərbaycanda bu vəsaitlər ən yüksək əmsalla insanlara veriləcəkdir. Digər sosial layihələr icra edilir. Yəni, ölkənin ümumi inkişaf dinamikası onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bu yolla gedirik, gedəcəyik və elə etməliyik ki, hər bir vətəndaş, hər bir vəzifəli şəxs öz vətəndaşlıq borcunu dərk etsin və ümumi işimizə töhfəsini versin.

Mən əminəm ki, ilin sonuna qədər iqtisadi və sosial göstəricilərimiz müsbət olacaq və 2012-ci ili də biz uğurla başa vuracağıq.

Ondan sonrakı dövr üçün də bizim konkret proqramlarımız vardır. 2004-cü ildə birinci regionların sosial-iqtisadi inkişafı proqramının icrası nəticəsində böyük işlər görülmüşdür. Artıq ikinci proqram icra edilir, o da gələn ilin sonuna qədər başa çatacaqdır. Bu proqramın icrası nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Ondan sonrakı dövr üçün də bizim konkret konsepsiyamız, baxışlarımız vardır. “Azərbaycan-2020” strateji inkişaf planımız vardır. 2020-ci ilə qədər görüləsi işlər haqqında bizdə çox dəqiq təəssürat vardır və bu proqram üzərində işlər gedir. Biz öz işimizi planlaşdırırıq, proqnozlaşdırırıq. Hər şey plan üzrə gedir – istər xarici siyasətlə, istər daxili siyasətlə bağlı. İqtisadi və infrastruktur layihələrinin icrası bizim işimizin mühüm hissəsidir.

Mən bir daha sizi ürəkdən təbrik edirəm. Biz sizinlə keçən il görüşmüşdük. O vaxt Heydər Əliyev Mərkəzində tamamlanma işləri gedirdi, çox səmimi görüş idi. Mən o vaxt da dedim ki, Zərdabda gedən proseslər daim diqqət mərkəzində olacaqdır. Bir il keçdi, gözəl hadisə münasibətilə yenə də görüşürük. Yenə də deyirəm, bu gün tarixdə qalacaqdır. Onilliklər, bəlkə də yüzilliklər ərzində ilk dəfə olaraq Zərdaba 24 saat təmiz içməli su veriləcəkdir. Əminəm ki, siz hamınız bu gün eyni hissləri keçirirsiniz. Mən də bu hissləri keçirirəm, mən çox sevinirəm, sizi ürəkdən salamlayıram, təbrik edirəm və sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz HÜSEYNOV hazırda Bakıda və regionlarda su xətlərinin çəkilişi və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verərək dedi:

- Möhtərəm Prezident, hörmətli tədbir iştirakçıları.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Sizin rəhbərliyinizlə uğurla davam edir.

Ölkəmizin sosial-iqtisadi həyatında inkişaf daha da sürətlənmiş və infrastruktur layihələrinin icrasında böyük uğurlar əldə olunmuşdur. Sizin qayğı və diqqətinizin nəticəsidir ki, içməli su təchizatı sektorunda həyata keçirilən layihələr artıq bütün ölkəni əhatə edir və əsas diqqət Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına yönəldilmişdir.

Möhtərəm cənab Prezident, bu gün açılışına toplaşdığımız Küllülü-Zərdab magistral su kəməri Sizin “Azərbaycan əhalisi 24 saat keyfiyyətli su almalıdır” tapşırığınızın icrası istiqamətində atılmış növbəti uğurlu addımdır.

Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, Zərdab şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1980-ci illərin əvvəllərində yaradılmışdır. Şəhərin təxminən yarısını əhatə edən şəbəkə artıq istismar müddətini başa vurmuşdur.

Mərkəzləşdirilmiş şəbəkə olmadığından Zərdab şəhərinin əhalisinin yarısı suya olan tələbatını fərdi qaydada ödəyir. Şəhərdə kanalizasiya şəbəkəsi, ümumiyyətlə, yoxdur.

Möhtərəm cənab Prezident, diqqətinizə çatdırım ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə tikinti işlərinə təxminən bir il əvvəl başlanılmışdır. Layihə çərçivəsində Küllülü mənbəyində sugötürücü qurğu tikilmiş və buradan Zərdab şəhərinə 72 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Bu müddətdə magistral kəmərlə yanaşı, şəhərdaxili şəbəkənin tikintisi də aparılmışdır. İndiyə qədər Zərdab şəhərində 28 kilometr su xətləri, 12 kilometr kanalizasiya xətləri tikilmişdir. Layihənin icrası nəticəsində Zərdab şəhəri və rayonun 15 kəndində yaşayan 36 min əhalinin içməli su problemi birdəfəlik həll olunacaqdır.

Qeyd edim ki, ilkin layihədə çirkab sularının kənarlaşdırılması üçün 7 nasos stansiyasının inşası nəzərdə tutulmuşdu. İntensiv yağıntılar zamanı nasosxanalar şəbəkəyə toplanan suları kənarlaşdıra bilmir və nəticədə kanalizasiya sisteminin işi pozula bilərdi. Bu amilləri nəzərə alaraq çirkab, yağış və yeraltı suların birgə idarə olunması əsas götürülməklə layihəyə dəyişikliklər edilmişdir. Zərdab şəhərinin kanalizasiya şəbəkəsi layihəsində nasos stansiyaları ləğv edilmiş, əvəzində özüaxımlı mikrotunellərin tikintisi variantına üstünlük verilmişdir. Bu sistem çirkab suların optimal idarəolunması ilə yanaşı, gələcəkdə yağış və drenaj şəbəkəsinin tikintisi üçün də etibarlı kommunikasiya rolunu oynayacaqdır.

Möhtərəm cənab Prezident, icazənizlə, paytaxt Bakıda və Abşeron yarımadasında, eləcə də regionlarda həyata keçirdiyimiz digər layihələr haqında qısaca məlumat verim. 2011-ci ilin may ayında təsdiqlədiyiniz “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su kəmərinin, anbar komplekslərinin inşası uğurla davam etdirilir. Qəsəbə və kəndlərin içməli su və kanalizasiya şəbəkəsinin tikintisinə başlanılmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində isə 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tikinti işləri sürətlə davam etdirilir. Bu layihələr çərçivəsində 250-dən artıq kəndə də suyun verilməsi nəzərdə tutulur.

Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə 22 rayonda həyata keçirilən layihələr çərçivəsində bu ilin 9 ayı ərzində 140 kilometr magistral su kəməri, 430 kilometr su şəbəkəsi, 55 kilometr kanalizasiya kollektoru və 230 kilometr kanalizasiya xətti tikilmişdir.

Cənab Prezident, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə ərazisində qeyri-bərabər paylanmış su ehtiyatlarından səmərəli istifadə, içməli su, kanalizasiya xidmətləri və yağış sularının idarəolunmasını özündə əks etdirən layihələr hazırlanır.

Bakı şəhəri və Abşeron yarımadası üzrə “Master plan” yekunlaşmaq üzrədir. Bu konsepsiyanın davamı olaraq bütün ölkə ərazisini əhatə edəcək “Master plan”ın işlənməsinə hazırlıq görülür. Bu “Master plan”da qlobal iqlim dəyişikliyi nəzərə alınmaqla respublika ərazisindəki yeraltı və yerüstü su ehtiyatları yenidən qiymətləndiriləcəkdir. Layihədə bu ehtiyatlardan əhalinin su təchizatında optimal istifadə variantları da öz əksini tapacaqdır. Artıq bununla bağlı müəyyən tədqiqatlar aparılmış və ilkin təkliflər hazırlanmışdır. Hazırlanmış təkliflər yaxın vaxtlarda Sizə təqdim olunacaqdır.

Möhtərəm cənab Prezident, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə əhalisini fasiləsiz keyfiyyətli içməli su ilə təmin etmək, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması barədə tapşırıqlarınızı, eləcə də təsdiq etdiyiniz Dövlət proqramlarını vaxtında və keyfiyyətlə icra etmək üçün bütün qüvvələrini səfərbər etmişdir. Daim Sizin diqqət və qayğınızı hiss edən çoxminli kollektivimiz etimadınızı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Zərdab şəhər 1 nömrəli məktəb-liseyin müəllimi, “Tərəqqi” medalı ilə təltif olunmuş Firuzə QOCAYEVA respublikanın bütün regionları kimi, Zərdaba da göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına zərdablıların adından minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, bu gün biz zərdablılar üçün çox sevimli bir gündür. Siz bu gün zərdablılara insan həyatı üçün əvəzsiz olan bir nemət – təmiz su bəxş edirsiniz. İcazə verin rayonumuzun bütün sakinlərinin dərin minnətdarlığını və səmimi təşəkkürlərini Sizə çatdırım.

Həyatımızda təmiz suyun necə böyük əhəmiyyət kəsb etdiyini hamımız yaxşı bilirik. Biz zərdablılar həmişə təmiz sudan korluq çəkmişik. Daim Kür çayının bulanıq və çirkli suyundan istifadə etməyə məcbur olmuşuq. Bu da bizim sağlamlığımıza, həyat şəraitimizə öz mənfi təsirini göstərirdi. Uzun illər idi ki, biz təmiz su həsrəti ilə yaşayırdıq. Bu gün isə Siz bizi çoxdan gözlədiyimiz arzumuza çatdırmısınız. Tapşırığınızla qısa müddətdə Ağsu rayonundan, uzaq məsafədən Zərdaba bulaq suyu çəkilmişdir. Bu, zərdablılar üçün son 100 ildə ən böyük bir hadisədir. İndi təmiz sudan rayon əhalisinin yarısından çoxu istifadə edəcəkdir. Yeni çəkilmiş bu su xətti Sizin zərdablılara verdiyiniz böyük bir töhfədir. Bu Sizin sakinlərimizin sağlam yaşamasına, ümumiyyətlə, insan amilinə necə yüksək diqqət yetirməyinizin və önəm verməyinizin bariz bir nümunəsidir.

Möhtərəm cənab Prezident, Siz həmişə insanların qayğıları ilə yaşayırsınız. Harada bir problem, çətinlik görürsünüzsə, həmin anda onu aradan qaldırırsınız. Sizin həyata keçirdiyiniz bütün tədbirlər bizim yaxşı, firavan yaşamağımıza, rifah halımızın yüksəlməsinə xidmət edir. Siz həm də bizim təhlükəsizliyimizin qarantısınız. Bütün Azərbaycan xalqı kimi, biz zərdablılar da bunu hər zaman hiss edir və daim Sizə arxalanırıq.

Mən şahidi olduğum bir məsələni demək istəyirəm ki, 1978-ci ildə ulu öndərimiz Heydər Əliyev, 2010-cu ildə isə Siz Zərdabı və zərdablıları Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən xilas etmisiniz. Sakinlərimiz o çətin günlərdə dövlətin gücünü və onun rəhbərinin qayğısını bir daha gördülər. Sizin bir çağırışınızla bütün ölkə ayağa qalxmışdı. Doğrudan da heç bir neçə ay keçmədi ki, bütün fəlakət bölgəsində olduğu kimi, Zərdabda da zərər çəkmiş ailələr üçün yeni qəsəbə salındı, sosial obyektlər inşa edildi, insanlara maddi kömək göstərildi. Zərdablılar bütün bunlara görə bir daha Sizə öz dərin minnətdarlıqlarını bildirirlər.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində bu gün Zərdab rayonunda çoxlu işlər görülür, insanları narahat edən problemlər aradan qaldırılır. Şəhərimiz tamamilə qazlaşdırılıb, kəndlərimizə yeni qaz xətləri çəkilir, yollarımız asfaltlanır, yeni təhsil obyektləri tikilib istifadəyə verilir. Yeri gəlmişkən, mən burada bir məsələni də qeyd etmək istərdim ki, son illərdə təhsilimizə göstərdiyiniz qayğı xüsusilə yaddaqalandır. Rayonumuzda təkcə son 3 ildə 13 məktəb binası tikilib istifadəyə verilmiş, 3 məktəb binası hazırda inşa edilməkdədir. Məlumat üçün bildirmək istəyirəm ki, ötən əsrin 80-ci illərindən son dövrlərə qədər isə cəmi 3 məktəb binası tikilmişdi.

Cənab Prezident, şəhərimiz də gündən-günə gözəlləşir, hər tərəfdə geniş abadlıq-quruculuq işləri aparılır, sakinlərimizin istirahəti üçün hər cür şərait yaradılır. Bu gün açılışını etdiyiniz Heydər Əliyev və Gənclər mərkəzləri isə bütün rayon sakinlərinə, xüsusən də gənclərimizə ən böyük hədiyyədir.

Bütün bunlar Sizin və Sizinlə çiyin-çiyinə çalışan çox hörmətli Mehriban xanım Əliyevanın rayonumuza, biz zərdablılara göstərdiyiniz yüksək diqqət nəticəsində həyata keçirilən çoxsaylı tədbirlərdəndir.

Cənab Prezident, bizim yaxşı və firavan yaşayışımız üçün gördüyünüz bütün bu həyati əhəmiyyətli işlərə görə Sizə bir daha bütün Zərdab sakinlərinin dərin minnətdarlığını bildirir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ömrünüz su qədər uzun olsun. Allah Sizi qorusun.

Diqqətinizə görə çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Sonra dövlətimizin başçısı veteranlarla görüşdü. 

VETERAN: Cənab Prezident, Zərdaba xoş gəlmisiniz! Siz həm bizim Prezidentimiz, həm də zərdablısınız. Mən bunu səmimi deyirəm. Mən yaxşı xatırlayıram, vaxtilə bura şoran torpaq idi, burada heç nə yox idi. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət etsin! Onun qarşısında baş əyirəm. 1978-ci ildə mən ulu öndərimizlə görüşmüşəm. Mənim əməyimi o, mükafatlandırdı.

Mən xoşbəxtəm. Beşinci dəfədir Sizinlə görüşürəm. Axırıncı dəfə “Bibiheybət” məscidinin açılışında görüşmüşük.

Bu yaxınlarda Mərdəkana getmişdim. Siz oraya açılışa gəlmişdiniz. Nələr yaradılıb orada?! Biz Sizə minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Siz bizim gözəl, sadə Prezidentimizsiniz. Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

VETERAN: Keçən il mayın 6-da Sizin buraya gəlişiniz bizim üçün çox uğurlu, gözəl gün oldu. İnanın, biz Sizi görəndə elə bilirik ki, bütün dünyanı bizə bəxş edirsiniz. Sizin 155 dövlət tərəfindən dəstək almağınız, cənab Prezident, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına verilən qiymətdir. Keçən il öz əllərinizlə mənə verdiyiniz “Tərəqqi” medalına görə Sizə minnətdarlıq edirəm.

Mən əzizimiz Mehriban xanıma, Leyla xanıma da Allahdan cansağlığı arzulayıram. Çünki onlar da Azərbaycanın bütün dünyada tanıdılmasında böyük işlər görürlər.

Veteranlara təşəkkür edən Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51