Gerb

12 oktyabr 2012, 22:00
W1siziisijiwmtuvmdyvmtuvnwfjywhnenzimf8xntewni5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=09b6497d083634e4

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun şərəfinə rəsmi ziyafət verilmişdir.

Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov ziyafətdə çıxış etmişlər.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli İslam Abduqəniyeviç!

Hörmətli qonaqlar!

Əziz dostlar!

İslam Abduqəniyeviç, Sizi bir daha Azərbaycanda salamlamaq istəyirəm. Dəvətimi qəbul edib rəsmi səfərə gəldiyinizə görə minnətdarlığımı bildirirəm. Biz bu səfərə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha güclü təkan verəcəkdir. Xalqlarımızı ümumi tarix, çoxəsrlik dostluq və qarşılıqlı dəstək, qarşılıqlı rəğbət birləşdirir. Biz artıq bu möhkəm əsas üzərində dostluğumuzu və əməkdaşlığımızı qurmuşuq.

Münasibətlərimizin dərin kökləri Azərbaycan ilə Özbəkistan arasında bugünkü inkişafımız üçün münbit mənbədir. Müstəqil dövlətlər kimi ölkələrimiz uğurla inkişaf edir, öz regionlarında aparıcı rol oynayır. Bu prosesləri təhlil edərkən görürük ki, münasibətlərimizin bünövrəsini İslam Abduqəniyeviç, Siz və Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Məhz Sizin müdrikliyiniz, dostluğunuz, uzaqgörənliyiniz və siyasi məharətiniz Özbəkistan ilə Azərbaycan arasında bugünkü gerçəklikləri yaradır. Biz bu ənənələrə sadiqik və mən öz tərəfimdən əlaqələrimizi inkişaf etdirmək və möhkəmləndirmək, qarşılıqlı fəaliyyət zonasını genişləndirmək üçün əlimdən gələni edirəm. Bu gün keçirilən ikitərəfli görüşlər və dünya siyasəti üzrə aparılan danışıqlar münasibətlərimizin strateji xarakterini təsdiq edir.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın dərinləşməsi üçün yaxşı potensialın olduğunu, bunun Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə də xidmət etdiyini bildirdi.

Prezident İlham Əliyev Özbəkistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə toxunaraq dedi:

- Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində şəxsən Sizə və Özbəkistan xalqına prinsipial mövqeyə görə minnətdarıq. Azərbaycanda bunu bilirlər və yüksək qiymətləndirirlər. Münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll olunması ilə bağlı Sizin dəstəyiniz Azərbaycanda çox müsbət qəbul olunur. Bu cür münasibətlər ədalətlidir, beynəlxalq hüququn normalarına əsaslanır, həmçinin bu münasibət qardaşlığın sübutudur. Mən əminəm ki, bu münaqişənin ərazi bütövlüyü prinsipi əsasında nizamlanmasının geniş beynəlxalq dairələr tərəfindən dəstəklənməsi Azərbaycan ərazilərində işğala son qoyulmasının və sülhün bərpa edilməsinin başlanğıcı olacaqdır.

Prezident İlham Əliyev İslam Kərimovun rəhbərliyi altında Özbəkistanın siyasi, iqtisadi, sənaye, ölkənin ixrac imkanlarının artırılması və digər sahələrdə əsaslı inkişaf yolu keçdiyini, böyük uğurlar qazandığını vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində xalqlarımızın milli mənəvi dəyərlərimizə söykənən əlaqələrinin mühüm rol oynadığını vurğulayaraq bildirdi:

- Biz, həmçinin çox bəyənirik ki, Özbəkistanın müasir inkişafı milli mənəvi dəyərlərə əsaslanır. Siz bu gün bu barədə çox dəqiq və aydın danışdınız. Mən əvvəlki görüşlərimizi də xatırlayıram, biz həmişə bu mövzuya toxunmuşuq. Ölkələrimizin və xalqlarımızın dünya xəritəsində rolu və yeri barədə söhbət açmışıq. Məhz bizim milli ənənələrimizin qorunması, möhkəmləndirilməsi, bu ənənələrin gənc nəslə çatdırılması və xalqlarımızın mənəvi dəyərlərinin qorunması məsələsini tam qarşılıqlı anlaşma ruhunda müzakirə etmişik.

X X X

Sonra Özbəkistan Prezidenti İslam KƏRİMOV çıxış edərək dedi:

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli azərbaycanlı dostlarımız!

Mən nümayəndə heyəti adından, burada iştirak edənlərin adından Sizə dediyiniz xoş sözlərə görə, ilk növbədə bizim, hansı ki, bir il deyil, bir əsr deyil davam edən əməkdaşlığımıza, səmimi dostluğumuza verdiyiniz qiymətə görə ürəkdən təşəkkür etmək istəyirəm.

2008-ci ildə ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İslam Kərimov respublikamıza indiki səfəri zamanı Azərbaycanda daha böyük inkişafın şahidi olduğunu dedi.

Özbəkistan dövlətinin başçısı respublikamızın paytaxtında sürətli inkişafın getdiyini, nəhəng tikinti, yenidənqurma və abadlıq işlərinin aparıldığını, Bakının daha da gözəlləşdiyini vurğulayaraq bildirdi:

- Mən Sizi, Azərbaycanın liderini, bütün Azərbaycan rəhbərliyini və hamınızı, əziz dostlar, - Siz bu cür müraciəti qəbul edirsinizsə, Sizə başqa cür müraciət edə bilmirəm, - məncə, hələ Heydər Əliyev dövründə başlayan quruculuq prosesinin nəinki davam etməsi, artıq həm də yeni mərhələyə qədəm qoymuş inkişaf dinamikası münasibətilə təbrik etmək istəyirəm.

Prezident İslam Kərimov Özbəkistanda yaşayan azərbaycanlıların da bu ölkənin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfələrini verdiklərini vurğulayaraq dedi:

- Mən ötən əsrin 30-cu illərini xatırlamaq istəyirəm. Həmin dövrdə kütləvi repressiyalar, terror, ədalətsizlik vaxtı 10 minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapdı. Qonaqpərvər və dost özbək xalqı deportasiya olunanları özlərinin doğmaları kimi qəbul etdilər, bir tikə çörəklərini onlarla bölüşdülər. Bu gün onların övladları olan 40 mindən çox azərbaycanlı ölkəmizin bir çox xalqları və millətləri ilə dinc yanaşı yaşayır, suveren Özbəkistanın inkişafına layiqli töhfələrini verirlər. Bu gün təkcə son illər ölkəmizin 27 azərbaycanlı nümayəndəsinin - alimlərin, müəllimlərin, inşaatçıların, hərbi xidmətçilərin, ümumxalq məhəbbəti qazanmış mədəniyyət və incəsənət xadimlərinin yüksək dövlət mükafatlarına və adlarına layiq görülməsi onların bizim cəmiyyətdə layiqli rol oynadıqlarına əyani sübutdur.

Özbəkistan dövlətinin başçısı Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayaraq bildirdi:

- Bu gün ildən-ilə yeni görkəm alan gözəl, bənzərsiz Bakını gəzərkən mən Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevə onun sadəcə insani keyfiyyətlərinə, müdrikliyinə, uzaqgörənliyinə və güclü siyasi iradəsinə görə dərin ehtiramımı bildirmək istəyirəm. O, böyük həyat yolu keçmiş insan idi.

Prezident İslam Kərimov Azərbaycan ilə Özbəkistan arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensial imkanlara malik olduğunu dedi. Özbəkistan dövlətinin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı perspektivin olduğunu bildirdi və bundan sonra da əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.


Böyük ölçüdə



Böyük ölçüdə