İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

14 oktyabr 2012, 15:00
İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tarek Hosni Ahmed Abu Sennanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Tarek Hosni Ahmed Abu Sennan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Misir Ərəb Respublikasının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu dedi. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu söyləyən dövlət başçısı ikitərəfli münasibətləri siyasi, iqtisadi və digər sahələrdə genişləndirməyin zəruriliyini qeyd etdi və bu işdə misirli diplomata uğurlar arzuladı.

Misirin respublikamızdakı səfiri Tarek Hosni Ahmed Abu Sennan ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi və əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.