Gerb

29 oktyabr 2012, 18:14

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində Saatlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, geniş miqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir. 

Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2012-ci il.