İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olmuşdur

03 sentyabr 2010, 18:18
İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olmuşdur

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək görüşü olmuşdur. 

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV Rusiya Prezidentinə müraciət edərək dedi:

- Hörmətli Dmitri Anatolyeviç, bir daha Sizi Azərbaycanda salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Biz Sizi görməyə həmişə şadıq.

Bu, görüşmək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Münasibətlərimizin vəziyyəti bizi çox sevindirir. Bizim bir-birimizə tez-tez qonaq getməyimiz münasibətlərimizin yaxşı göstəricisidir.

Münasibətlərimizin gündəliyi çox genişdir. Biz müxtəlif istiqamətlərdə çox səmərəli işləyirik. Münasibətlərimiz səmimiliyi ilə fərqlənir. Bu, mehriban qonşular, dostlar, strateji tərəfdaşlar arasındakı münasibətlərdir.

Əminəm ki, ölkəmizə səfəriniz əlaqələrimizin gələcək inkişafı və uğurla irəliləməyimiz işində çox əhəmiyyətli olacaqdır. Xüsusən ona görə ki, müzakirə edilməli məsələlər və qəbul edilməli vacib qərarlar vardır.

Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!

Rusiya Prezidenti Dmitri MEDVEDEV təşəkkürünü bildirərək dedi:

- İlham Heydər oğlu, çox sağ olun! Xoş sözlərə, nümayəndə heyətimizin artıq dünən hiss etdiyi qonaqpərvərliyə görə çox sağ olun!

Həqiqətən, münasibətlərimiz mehriban qonşuluq, dostluq və strateji münasibətlərdir. Ümidvaram ki, bu səfər zamanı cari məsələləri, ikitərəfli münasibətlərimizi, regional gündəliyi, beynəlxalq məsələləri müzakirə edə biləcək və əlbəttə, Sizinlə yetərincə uzun müddət müzakirə etdiyimiz və komandalarımızın üzərində işlədiyi çox mühüm sənədləri imzalayacağıq. Odur ki, bu gün bu baxımdan çox əhəmiyyətli gündür.

Gələcəklə bağlı mən tamamilə razıyam ki, bizim həm burada, Azərbaycanda, həm də Rusiya Federasiyasında, digər yerlərdə, müxtəlif sammitlərdə müntəzəm görüşməyimiz, ünsiyyətdə olmağımız uzun illər üçün sıx, möhkəm və dostluq münasibətlərinin təminatıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük.



 

gallery-photogallery-photo