İlham Əliyev Zimbabvenin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

09 noyabr 2012, 17:30
İlham Əliyev Zimbabvenin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Zimbabve Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bonifes Quva Çidyausikunun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Bonifes Quva Çidyausiku etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Bonifes Quva Çidyausiku Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycanla siyasi, enerji, sərmayə qoyuluşu, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi və digər sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Ölkələrimizin BMT, “Qoşulmayanlar hərəkatı” və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini vurğulayan diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasının önəmini qeyd etdi.

Dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən verdiyi dəstəyə görə Zimbabve hökumətinə minnətdarlığını ifadə etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev ikitərəfli münasibətləri müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu dedi.

Dövlət başçısı Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabvenin dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo