İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

06 sentyabr 2010, 15:18
İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Arjen Peter Uijterlinde etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlət başçısı səfir Arjen Peter Uijterlindenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Respublikasının Niderland Krallığı ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu qeyd etdi. Hər iki ölkədə tam həcmdə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsinin önəmini vurğulayan dövlətimizin başçısı ikitərəfli layihələrə biznes ictimaiyyətinin də böyük maraq göstərdiyini dedi. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin ikitərəfli əlaqələrimizin tərkib hissələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev münasibətlərimizin bir çox sahələri əhatə edəcəyinə əminliyini ifadə etdi.

Səfir Arjen Peter Uijterlinde Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Arjen Peter Uijterlinde son illər ikitərəfli münasibətlərimizin inkişafında böyük tərəqqinin müşahidə olunduğunu, qarşılıqlı səfərlərin artdığını dedi.

Dövlət başçısı Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Kraliçaya və ölkəsinin liderlərinə çatdırmağı xahiş etdi.