Gerb

17 noyabr 2012, 11:00

Möhtərəm cənab Prezident!

1500 nəfərdən artıq üzvü birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının üzvləri adından Sizi - Azərbaycan Respublikasının Prezidentini, Silahlı Qüvvələrin Ali Baş Komandanını ürəkdən salamlayır, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Vətənimizin inkişafı və daha da qüdrətlənməsi istiqamətində gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatı 17 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə təşkilatımızın üzvləri ölkəmizdə gedən bütün ictimai-siyasi poseslərin iştirakçısı olmuş, Sizin həyata keçirdiyiniz siyasi-iqtisadi siyasəti hərtərəfli dəstəkləmişlər. Cəmiyyətimizin müxtəlif təbəqələrini əhatə edən, müxtəlif sahələrdə çalışan üzvlərimiz Bakı şəhərinin mərkəzi rayonu olan Səbailin ictimai-siyasi həyatında da yaxından və fəal iştirak edirlər.

İlk növbədə sosial problemlərimizin həllində bizə böyük kömək göstərilir. Qısa müddət ərzində təkcə Badamdar qəsəbəsində 15 həyətdə əsaslı təmir işləri aparılaraq burada “Abad həyət” yaradılmış, mədəniyyət evi təmir olunmuş, veteranların da müraciətləri nəzərə alınaraq, 2 mərasim evi tikilərək hər cür avadanlıqla təmin olunmuş, 3 yeni park və 2 istirahət guşəsi yaradılmış, qəsəbədəki Heydər Əliyev parkı əsaslı təmir olunmuşdur. Sakinlərin mənafeyinə yönəldilən bu cür abadlıq-quruculuq işləri rayonun mərkəz hissəsində, Bayıl qəsəbəsində, 20-ci Yaşayış sahəsində, Bibiheybət qəsəbəsində də aparılmışdır.

Sizin imzaladığınız Dövlət proqramlarına uyğun olaraq övladlarımızın təhsil aldığı rayondakı bütün orta məktəblər, uşaq bağçaları, 3 poliklinika əsaslı təmir olunmuş, bu il daha 2 məktəbin və 3 uşaq bağçasının, 2 tibb müəssisəsinin təmiri nəzərdə tutulmuşdur. Ümumiyyətlə, rayonda görülən çox böyük miqyaslı abadlıq-quruculuq işləri biz sakinlərin sosial problemlərinin həllinə yönəldilmişdir və buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

İki il bundan əvvəl təşkilatımızın Şəhidlər xiyabanında yerləşən qərargahı rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq lazımi inventarla təmin edilmiş, burada fəaliyyətimiz üçün hər cür şərait yaradılmışdır. Eyni ilə rayon Veteran Təşkilatları Şurasının qərargahı da əsaslı təmir olunmuş, veteranlar üçün 20-ci Yaşayış sahəsindəki “Veteran Neftçilər bağı”nda veteranlar klubu yaradılmışdır.

Hazırda isə Şəhidlər xiyabanı yerləşən ərazinin bir hissəsinin yenidən qurulması işləri çərçivəsində, təşkilatımızın işi nəzərə alınaraq onun üzvlərinin fəaliyyəti üçün burada təşkilatımız və eləcə də 20 Yanvar cəmiyyəti üzvləri üçün yeni qərargah binasının inşası aparılır və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yeni binada yaradılan şərait biz veteranların cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə daha fəal olmasına kömək göstərəcəkdir.

Möhtərəm Prezident!

Qarabağda gedən qanlı döyüşlərin iştirakçıları kimi biz veteranlar hər zaman Sizin həyata keçirdiyiniz işləri bəyənir və apardığınız siyasəti dəstəkləyirik. Bu gün xalqımızın və həmçinin biz veteranların sosial problemlərinin həlli, təqaüd və müavinətlərin artırılması, sosialyönümlü layihələrin həyata keçirilməsi istiqamətində gördüyünüz işlərə, o cümlədən çoxsaylı üzvləri olan təşkilatımızın fəaliyyəti üçün yaradılan şəraitə, bizə göstərilən dəstəyə görə cənab Prezident, möhtərəm Ali Baş Komandan, Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Sizi əmin edirik ki, biz veteranlar Ali Baş Komandanın əmrini gözləyirik və torpaqlarımızı hərb yolu ilə azad etməyə hər zaman hazırıq.

Dərin hörmətlə,
İ.Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri