22 noyabr 2012, 16:20

Alim Qurbanlıdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın hərtərəfli inkişafı, dünyanın aparıcı dövlətləri ilə çiyin-çiyinə dayanması bu gün hamımızın qəbul etdiyi reallıqdır. İstər iqtisadi qüdrətimiz, ictimai-siyasi fəallığımız istərsə də, beynəlxalq aləmdə müstəqil siyasətimiz Sizin rəhbərliyiniz ilə vətənimizin şöhrətini artırmışdır.

Gəncə şəhərinin Nətavan qəsəbəsində aparılan tikinti, quruculuq və abadlıq işləri hamımızın qəlbini riqqətə gətirir. Qəsəbəmiz gündən-günə gözəlləşir, inkişaf edir.

Hazırda qəsəbənin küçələri genişləndirilir. İctimai və yaşayış binaları əsaslı təmir edilir, yollar asfaltlaşdırılır, kanalizasiya, su, işıq, qaz xətləri yenilənir.

Möhtərəm cənab Prezident göstərdiyiniz yüksək diqqət və qayğıya görə mən Alim Qurbanlı ahıska türkü olaraq öz adımdan, ailəmizin adından, Nətavan qəsəbə sakinləri adından Sizə səmimi minnətdarlığımı bildirirəm.

Siz “Biz xalq üçün yaşayır, xalq üçün çalışırıq” kəlamınızı işlərinizlə sübut edirsiniz. Sizin kimi müdrik Prezidentimiz olduğuna görə fəxr edirik.

Sizə Allahdan uzun ömür və möhkəm cansağlığı arzulayırıq. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Alim Qurbanlı

Azərbaycan Respublikası, Gəncə şəhəri, Nətavan qəsəbəsinin sakini