17 dekabr 2012, 12:35

Qüdrət Şirəliyevdən, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident!

2010-cu ildə Kür çayının daşmasından zərər çəkmiş yaşayış məntəqələri sırasında bizim kəndimiz də var idi. O vaxt daşqın nəticəsində uçulub-dağılmış 22 evlə yanaşı, uçmaq təhlükəsində olan onlarla bina var idi ki, həmin binalardan biri də bizim bina idi.

Sizin məsələyə operativ müdaxilənizlə cəmi üç ay ərzində kəndimizdə 22 yeni yaşayış binası tikildi və Siz onların istifadəyə verilməsində iştirak etdiniz.

Siz ağır günlərdə hamıya arxa-dayaq oldunuz. Evsiz qalan yüzlərlə insanın qəlbində işıq yandırdınız. Bu inam, bu işıq mənə qüvvə verdi ki, iki il sonra Sizə müraciət edərək təbii fəlakətdən bərbad vəziyyətə düşən evimizin yerində bizə yeni ev tikilməsini xahiş edim.

Sizin tapşırığınızdan dərhal sonra bu günlərdə istifadəyə verilən yeni binada bizim ailəmiz də üçotaqlı mənzillə təmin olundu. Sizə minnətdarlıq hislərimi yazmaqda çətinlik çəkirəm. Sıravi bir kənd adamının işlətdiyi sözlər Sizə olan sevgimizi olduğu kimi göstərməkdə gücsüzdür. Əslində, Siz bizə yenidən yaşayıb işləmək üçün imkan yaratdınız, açıq havada qalan ailəmizə yeni, rahat mənzil bəxş etməklə xalqın Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Bütün bunlara görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Tanrı həmişə Sizə yar olsun!

Hörmətlə,

Şirəliyev Qüdrət Tapdım oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Meyniman kəndi.

5 dekabr 2012-ci il.