|
19 dekabr 2012, 13:25
İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış oldu. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. Müasir avadanlıq əsasında qurulan zavodun illik istehsal gücü 200 min tondur. Yeni müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verir. Bildirildi ki, müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılacaq, tullantıların ümumi həcmi azalacaq, bu da ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal sahəsinin genişlənməsinə imkan yaradacaqdır. Dövlət başçısına tullantıların idarə edilməsi sahəsində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, 2009-cu ilin sonlarında Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verildikdən sonra ərazidə yanma və tüstülənmənin qarşısı qısa vaxtda alınmış, tullantıların torpaqla örtülməsi və hamarlama işləri aparılmış, zəruri infrastruktur yaradılmışdır. Görülən işlər nəticəsində tullantıların ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalmışdır. Aparılan monitorinqlərin nəticələri suda və torpağın səthində ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azaldığını göstərir. Dörd il ərzində görülən və görülməsi nəzərdə tutulan işlərin məqsədi Balaxanı poliqonunu beynəlxalq standartlara uyğun, sanitariya və gigiyena normalarına tam cavab verən poliqona çevirməkdir. Diqqətə çatdırıldı ki, 2012-ci ilin əvvəlində Balaxanı poliqonu ərazisinə daxil olan tullantıdaşıyan maşınların təmizlənməsi və dezinfeksiyası məqsədilə gün ərzində 400-dən çox maşına xidmət göstərən 4 kabinədən ibarət yuma və dezinfeksiya məntəqəsi istifadəyə verilmişdir. Qeyd edildi ki, Bakı və ətraf qəsəbələrdə yaranan bərk məişət tullantılarının qeyri-rəsmi tullantı sahələrinə atılmasının qarşısının alınması məqsədilə Xəzər, Qaradağ və Suraxanı rayonlarında yükləmə-boşaltma məntəqələrinin qurulması nəzərdə tutulur. Bu məntəqələrdən nəql ediləcək tullantı kütləsi çeşidlənəcək və təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq emal müəssisələrinə, digər tullantılar isə sıxılaraq iri həcmli konteyner maşınları ilə bu zavoda daşınacaqdır. Bu da nəqliyyat xərclərinə, yanacağa qənaət edilməsinə, ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılmasına imkan yaradacaqdır. Bildirildi ki, Dünya Bankı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə işlər davam etdirilir. Layihəyə uyğun olaraq, Bakıda bərk məişət tullantılarının idarə olunmasına dair 20 illik strategiya hazırlanmışdır. Layihə çərçivəsində 41 qeyri-qanuni tullantı sahəsindən 360 min tondan çox tullantı təmizlənərək Balaxanı poliqonunda zərərsizləşdirilmişdir. Prezident İlham Əliyev Balaxanı məişət tullantılarının çeşidlənməsi zavodunun inzibati binasında yaradılan şəraitlə də tanış oldu. Diqqətə çatdırıldı ki, zavod üç növbədə fəaliyyət göstərəcək və burada 172 nəfər işlə təmin olunacaqdır. Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.