Gerb

09 sentyabr 2010, 12:28

Möhtərəm Prezident!

Bu gün sürətlə inkişaf edən Azərbaycanda təhsilə göstərdiyiniz yüksək diqqət və qayğı təkcə bu sahədə çalışanlar yox, bütün cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Cənab Prezident, məhz Sizin xüsusi diqqətiniz sayəsində Azərbaycanın hər bir bölgəsində müasir standartlara cavab verən, ən yeni avadanlıqla təmin edilən təhsil müəssisələri tikilir, mövcud məktəblərin binaları əsaslı təmir olunur. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti də misilsizdir. Bütün bunlar ölkəmizdə təhsilin səviyyəsinin və keyfiyyətinin ildən-ilə yüksəlməsində müstəsna rol oynayır. Ərazisinin böyük hissəsi işğal altında olan Ağdama göstərdiyiniz diqqət nəticəsində rayonumuzun düşməndən azad edilmiş kənd və qəsəbələrinin siması tamamilə dəyişmişdir. Bu ərazilərdə məcburi köçkünlər üçün müasir standartlara cavab verən şəhərciklər salınmışdır. Belə şəhərcik və qəsəbələrdə gözəl, yaraşıqlı məktəb binalarının, uşaq bağçalarının, musiqi və digər təmayüllü məktəblərin inşası təhsilə diqqətinizin bariz nümunəsidir. Təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin daim gücləndirilməsi də Zati-alinizin həmişə xüsusi diqqətində yer almışdır. Bu il sentyabrın 6-da təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqlarının yenidən artırılması barədə verdiyiniz növbəti Sərəncam da bunun əyani təsdiqidir. Daha bir sevindirici məqam isə dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələrinə və şairdlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzaladığınız yeni Sərəncam olmuşdur.

Cənab Prezident, əlbəttə ki, təhsilə göstərdiyiniz belə yüksək himayədarlıq və qayğı biz pedaqoqlar qarşısında yeni və daha böyük məsuliyyət tələb edən vəzifələr qoyur, hər zaman dövrün tələblərinə cavab verən tədrisi ön plana çıxarır. Sizi əmin edirik ki, Ağdam rayonunun təhsil işçiləri bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə, bizə göstərdiyiniz etimadı tam doğrultmağa çalışacaqlar. Həyata keçirdiyiniz siyasət nəticəsində təhsil verdiyimiz gənclərin Azərbaycan bayrağını Sizin qeyd etdiyiniz kimi, işğal altında olan ərazilərimizdə də zirvələrə sancacağına tam əminlik ifadə edirik.

Ağdam rayonunun təhsil işçiləri adından dərin hörmətlə,

Elmira Şükürova
Təhsil şöbəsinin müdiri, əməkdar müəllim

Azərbaycan Respublikası, Ağdam rayonu.