Gerb

26 dekabr 2012, 15:00

Möhtərəm cənab Prezident!

AMEA-nın Gəncə bölməsinin təsis edilməsi haqqında imzaladığınız Sərəncam Gəncə ictimaiyyəti, alimləri, ziyalıları, gəncləri tərəfindən son dərəcə sevinc və fərəh hissi ilə qarşılanmışdır.

İki min nəfərdən çox elmi potensialı, kifayət qədər elmi bazası və imkanları olan qədim Gəncə Sizin bilavasitə diqqət və qayğınızla müasirləşir və inkişaf edir. Gəncənin çoxtərəfli dinamik inkişaf etdiyi bir vaxtda şəhərdə elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə imzalanmış Sərəncam dövlət başçısı kimi Sizin elmimizin inkişafına yeni, bacarıqlı, yüksək ixtisaslı kadrların yetişdirilməsinə göstərdiyiniz böyük, dəyərli qayğının təzahürüdür.

Biz Gəncə ziyalıları, ulu öndər Heydər Əliyevin yaratdığı YAP-ın 26 mindən çox üzvü şəhərimizə göstərdiyiniz sonsuz diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin qayğınız biz alimləri daha da məsuliyyətli, məhsuldar işləməyə, elmin dərinliklərini tədqiq etməyə ruhlandırır və ulu öndər Heydər Əliyev ideyaları ətrafında daha sıx birləşməyə səfərbər edir.

YAP Gəncə şəhər təşkilatının sədri adından dərin hörmətlə,

İsmayılov İsrafil, professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri.