|
20 yanvar 2013, 10:20
İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmişdir. Qanlı Yanvar hadisələrindən 23 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdir. Düz 23 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Bədnam M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda davam etdilər. Lakin ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. X X X Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi. X X X Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər. X X X Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.