İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin yeni yarımstansiyaları və inzibati binalarının açılışında iştirak etmişdir

31 yanvar 2013, 18:30
İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin yeni yarımstansiyaları və inzibati binalarının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etmiş, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olmuşdur.

Prezident İlham Əliyevin birbaşa göstərişi ilə 2006-cı ildən başlayaraq paytaxtın ötürücü və paylayıcı şəbəkəsi əsaslı şəkildə müasirləşdirilmiş və bu sahəyə 606 milyon manatdan çox investisiya qoyulmuşdur. Ötən müddətdə 110 kilovoltluq 20 yarımstansiya inşa edilmişdir. Bu, paytaxtın və Abşeron yarımadasının fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatında mühüm rol oynamışdır. İndiyə qədər 35 kilovoltluq 51 yarımstansiya tikilmişdir. Kompleks tədbirlər hesabına paytaxtın elektrik şəbəkəsinin güc qəbul etmə və paylama qabiliyyəti 80 faizədək artmışdır. Şəbəkənin qoyuluş gücü 2006-cı ildən bəri 3048 meqavoltamperdən 5245 meqavoltamperə yüksəlmişdir. Texniki itkilər isə 8 faizə qədər azalmışdır. Müasir Dispetçer Mərkəzi və dairəvi təchizat sxemi yaradılmışdır. “Bakıelektrikşəbəkə” ASC balansındakı bütün inzibati binaları yenidən qurur və informasiya-kommunikasiya texnologiyalarının tətbiqini də xüsusi diqqətdə saxlayır. Əgər şəbəkə fəaliyyətə başlayana qədər həmin iqtisadi qurum ölkənin paytaxtının sürətli sosial-iqtisadi inkişafı ilə bağlı tələbatdan əsaslı şəkildə geri qalırdısa, indi bu tarazlıq müsbət istiqamətdə əksinə dəyişmiş, paytaxtın perspektiv inkişafına uyğun əlavə texniki və güc imkanları yaradılmışdır. Ümumilikdə, Bakı şəhəri və ətraf qəsəbələrin elektrik təsərrüfatında həyata keçirilən kompleks tədbirlər Azərbaycanın inkişaf modelinin və dövlət quruculuğu fəlsəfəsinin insan amilindən qaynaqlandığının real göstəriciləridir.

Azərbaycan Prezidenti əvvəlcə Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etdi.
“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi.

O, qeyd etdi ki, bu yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilmişdir.

Ötən müddətdə tamamilə köhnələn həmin energetika qurğusunun yerində perspektiv inkişaf da nəzərə alınmaqla ən müasir standartlara cavab verən yeni yarımstansiya inşa olunmuşdur. Açıq paylayıcı qurğu və yardımçı binaları ilə birlikdə əvvəlki yarımstansiya 16 min kvadratmetrdən çox sahədə yerləşirdisə, qapalı tipli yeni yarımstansiyanın yerləşdiyi ərazi bundan 7 dəfə azdır. Bu yeni energetika qurğusunun qoyuluş gücü 100 meqavoltamperdir. Son illərdə tikilən digər yarımstansiyalarda olduğu kimi, bu qurğunun binası da konstruktiv həlli və memarlıq görünüşü ilə diqqəti çəkir, şəhərin ümumi görünüşünə əlavə çalarlar qatır. Ətrafda böyük bir ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Yarımstansiyanın girişində ulu öndər Heydər Əliyevin barelyefi qoyulmuş, burada ümummilli liderin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, həmçinin paytaxtın ötürücü və paylayıcı şəbəkəsinin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotoguşə yaradılmışdır.

Prezident İlham Əliyev yarımstansiyanın dispetçer idarəetmə mərkəzi ilə tanış oldu. Qeyd edildi ki, bu müasir mərkəz fiber-optik kabel vasitəsilə “Bakıelektrikşəbəkə”nin Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulmuşdur. Bildirildi ki, bu yarımstansiyanın işə düşməsi ilə şəbəkədə 12 faiz güc artımına nail olunmuşdur. Yarımstansiya “Xırdalan” və “Müşfiq” yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib hissəsi olmaqla yanaşı, “Nizami” yarımstansiyası ilə əlaqələndirilmişdir.

Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev adına neftayırma zavodunun, həmçinin bir sıra digər mühüm sənaye obyektlərinin enerji təchizatının etibarlılığını artırır. Avtomatik açılmalar və güc çatışmazlığı zamanı bu yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və digər mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Yarımstansiya işə düşdükdən sonra paytaxtın Nəsimi rayonundakı 117 nömrəli yarımstansiya və Sabunçu rayon Elektrik Təchizatı və Satışı İdarəsinin ofisi ilə canlı bağlantı yaradıldı. Videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılışı oldu.

Yeni yarımstansiyaların və inzibati binaların açılışı münasibətilə “Bakıelektrikşəbəkə”nin kollektivini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sizi təbrik edirəm. Bu gün Bakı şəhərində çox əlamətdar bir gündür. Bakı şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bir neçə yerdə gözəl obyektlər açılır. Bu işlər mütəmadi qaydada aparılır və son illər ərzində Bakı şəhərinin elektrik təchizatı böyük dərəcədə inkişaf etmişdir. Əgər əvvəlki illəri yada salsaq görərik ki, işıqla problem həmişə insanları incidirdi. Ancaq Bakı elektrik şəbəkəsini dövlət sərəncamına qaytarmaqla və işləri yüksək səviyyədə qurmaqla biz bütün xoşagəlməz hallara son qoyduq. Bu gün Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Əksinə, ildən-ilə, gündən-günə elektriklə təchizat yaxşılaşır, maddi-texniki baza möhkəmlənir, yeni xətlər çəkilir, gözəl yarımstansiyalar tikilir və beləliklə, şəhərimizin bundan sonrakı dövrdə inkişaf proqramını həll etmək üçün yeni güclər yaradılır.

Ölkəmiz də, Bakı şəhəri də inkişaf edir. Şəhərimizdə çoxsaylı tikinti işləri aparılır, yeni sənaye müəssisələri, iş mərkəzləri, ticarət obyektləri yaradılır. Əlbəttə ki, bütün bu obyektlər qidalanmalıdır. Dayanıqlı elektrik enerjisi ilə təchizat hər bir ölkə üçün başlıca vəzifədir və bunsuz heç bir inkişaf mümkün deyildir. Bu il də bu işlər görülür. Əminəm ki, növbəti illərdə də bu sahədə böyük işlər görüləcəkdir. Dövlət bu sahəyə çox böyük diqqət, qayğı göstərir. Təkcə Bakıda deyil, ölkəmizin bütün yerlərində, bütün yaşayış məntəqələrində dayanıqlı enerji ilə təchizat bizim başlıca vəzifəmizdir. Hazırda ölkədə elektrik enerjisi ilə bağlı hazırda heç bir problem yoxdur. Ancaq ötürücü, paylayıcı xətlər hələ də lazımi səviyyədə deyildir və yaxın illərdə bu məsələ də öz həllini tapacaqdır.

Bu gözəl hadisə münasibətilə, - bu gün Bakının bir neçə yerində gözəl mərkəzlər açılır, - sizi və Bakı sakinlərini ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

Sonra Prezident İlham Əliyev yarımstansiyanın 110 kilovoltluq qapalı paylayıcı qurğusu ilə tanış oldu. Burada elektroenergetika sahəsində ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq quraşdırılmışdır.

Daha sonra Prezident İlham Əliyev şəbəkənin Tədris Mərkəzinin bu yarımstansiyada yaradılan yeni korpusu ilə tanış oldu. Burada Tədris Mərkəzinin zəngin təcrübəsi əsasında ən müasir tələblərə uyğun hərtərəfli şərait yaradılmışdır. Həmin bazada şəbəkənin əməkdaşları bilik səviyyələrini artıracaq, elektroenergetika sahəsində ən son elmi-texniki yeniliklərlə tanış olacaq, müasir avadanlıq və texnologiyalar üzrə peşə vərdişlərinə yiyələnəcəklər. Həyata keçirilən və perspektiv tədbirlər haqqında stendlər vasitəsilə dövlətimizin başçısına yeni yarımstansiyanın əvvəlki vəziyyəti, istismara buraxılan digər yarımstansiyalar və ofislər, quraşdırılan kabel xətləri, Səngəçal-Xırdalan dairəvi iki şüalı elektrik təchizatı sxemi və sair işlər barədə geniş məlumat verildi. Bütün yarımstansiyalarda olduğu kimi, burada da əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ərazidə inşa olunan yeməkxana da müasir tələblərə cavab verir.

“Bakıelektrikşəbəkə” son illərdə enerji satışı sistemində müştərilərə xidmətin səviyyəsini yüksəltməyi və bu sahədə ən müasir standartların tətbiqini də xüsusi diqqətdə saxlayır. Nərimanov rayonundakı yeni yarımstansiyanın ərazisində inşa olunan Enerji Satışı Departamenti bunun daha bir əyani nümunəsidir. Bu ofis əlavə torpaq sahəsi alınmadan yarımstansiyanın ərazisindən səmərəli istifadə edilməklə tikilmişdir. Həmin inzibati binanın metronun “Bakmil” stansiyası yaxınlığında yerləşməsi abonentlərin, eləcə də işçilərin rahatlığı üçün olduqca əlverişlidir.

Üçmərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Prezident İlham Əliyevin ölkənin energetika sisteminin inkişafı üçün reallaşdırdıqları tədbirlərdən bəhs edən fotoguşə yaradılmışdır.

Binanın ümumi sahəsi 2700 kvadratmetrə yaxındır. Burada abonentlərin qəbulu və müvafiq xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılmışdır. Ofis sürətli internet və rabitə şəbəkəsi ilə təmin olunmuşdur. Enerji Satışı Departamentinin daxili tərtibatı özünəməxsusluğu ilə seçilir. İldən-ilə respublikamızın iqtisadi imkanları artdıqca bu cür yenidənqurma tədbirləri də gücləndirilir, əhaliyə xidmətin səviyyəsi ən müasir standartlara uyğunlaşdırılır, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər daha da gücləndirilir.

Enerji Satışı Departamentinin yeni inzibati binası ilə tanış olan dövlətimizin başçısı “Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşdü.

Kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını çatdıran Baxış BABAYEV ötən illərdə dövlətin hərtərəfli dəstəyi ilə paytaxtın energetika sisteminin tanınmaz dərəcədə dəyişdiyini vurğulayaraq dedi:

- Hörmətli cənab Prezident, mən Sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Bakı şəhərində hazırda 4 milyona yaxın insan yaşayır. Sizin rəhbərliyiniz altında Bakı şəhərinin hava xətləri yer altına keçirilib. Bu cür gözəl binalar, bu cür yarımstansiyalar çoxdur. Hamısını Siz bu xalq üçün yaratmısınız. Biz Sizin arxanızda dayanmışıq. Mən bu yaşda bu sözü deyirəm. Siz respublikamızı yüksək səviyyədə idarə edirsiniz. Şəxsən mən ailəmin adından, öz adımdan, Bakı şəhər elektrik idarəsi adından Sizə cansağlığı, müvəffəqiyyətlər arzulayıram. Həmişə Sizi belə təravətli görüm. Çox sağ olun, zəhmət çəkib bizimlə görüşə gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun, mən də sizi təbrik edirəm. Doğrudan da, bu gün çox əlamətdar bir gündür. Bir gündə Bakı şəhərinin bir neçə yerində gözəl açılışlar etdik. İndi yarımstansiyalar belə, saraylara bənzəyir. Biz əvvəlki illəri yaxşı xatırlayırıq. Bu gün də qeyd etdim, əfsuslar olsun ki, “Bakıelektrikşəbəkə” müəssisəsi idarəçiliyə veriləndən sonra vəziyyət yaxşılığa doğru getmədi, daha da tənəzzülə uğradı. Bir neçə il bundan əvvəl mənim göstərişimlə bu müəssisə, bütün bu infrastruktur dövlətə qaytarıldı. O vaxt təftiş aparılanda gördük ki, onu idarəçiliyə götürən xarici şirkət daşı-daş üstünə qoymayıbdır, olan-qalanı da dağıdıb talayıb. Biz bu obyektləri, bu infrastrukturu faktiki olaraq yenidən qurmağa məcbur olduq. Çox şadam ki, sizin kimi dəyərli, qiymətli insanlar bunları qısa müddətdə yaratmısınız və bu gün Bakı şəhərində elektrik enerjisi ilə heç bir problem yoxdur. Burada stendlərdə göstərilən yeni tikiləcək obyektlərin də potensialı hesablanıb ki, biz inşa olunacaq o obyektlərin fəaliyyətinə hazır olaq.

Baxış BABAYEV: Ulu öndərimiz də bu cür hərəkət edib.

Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, bu işin bünövrəsi ulu öndərin dövründə qoyulmuşdur. O, 1980-ci illərin əvvəllərində Azərbaycandan gedəndən sonra əfsuslar olsun ki, bütün sahələrdə olduğu kimi, bu sahə də yavaş-yavaş tənəzzülə uğramışdır. Amma bu gün Bakıda və ümumiyyətlə Azərbaycanda elektrik enerjisi ilə təchizat yüksək səviyyədədir. Beynəlxalq agentliklər də, beynəlxalq qurumlar da bunu qiymətləndirirlər ki, elektrik enerjisinin keyfiyyəti də, dayanıqlılığı da yüksək səviyyədədir. Çalışmalıyıq ki, daim bu səviyyəni saxlayaq. Görüləsi işlər çoxdur. Ancaq bu günə qədər görülən işlər deməyə əsas verir ki, gələcəkdə də uğurlar qazanacağıq.

Baxış BABAYEV: Cənab Prezident, biz hamımız Sizi çox istəyirik. Mən ulu öndərlə işləmişəm. Nazirlər Sovetində də gedib onu görmüşəm. Naxçıvana İğdırdan xətti tikən bizik. Fəxr edirik ki, bizim sizin kimi Prezidentimiz vardır. Biz Sizə minnətdarıq, sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Yaxşı yadınızdadır, hamımız xatırlayırıq, əvvəlki dövrdə elektrik enerjisi ilə təchizat elə idi ki, bizi təmin edə bilmirdi. Biz məcbur idik enerjini xaricdən alaq. Amma bu gün Azərbaycan qonşu ölkələrə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə, hətta Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir. Budur, bizim gördüyümüz işlərin nəticəsi.

Baxış BABAYEV: Onların hamısı Sizin fəaliyyətinizin nəticəsidir. Sizə uğurlar arzulayırıq. 

Prezident İlham ƏLİYEV: Sağ olun.


X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51