Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq şurasının qurulması haqqında bəyannamə imzalanmışdır

15 sentyabr 2010, 21:25
Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq şurasının qurulması haqqında bəyannamə imzalanmışdır

“Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mərasimi olmuşdur.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış etdilər və jurnalistlərin suallarına cavab verdilər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli Prezident, dəyərli qardaşım Əliyev!

Hörmətli iştirakçılar, dəyərli mətbuat nümayəndələri!

Xanımlar və cənablar!

Azərbaycan Prezidenti mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” kimi tərif verdiyi Türkiyə-Azərbaycan əməkdaşlığında arzu edilən və hədəflənən bir nöqtəni, hətta bir zirvəni bu gün həyata keçirir, tarixi bir səhifə yazırıq.

Hörmətli Əliyevin o müdrik ifadəsinin həyat verdiyi anlayış az əvvəl dəyərli qardaşım İlham Əliyevlə birlikdə imzaladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq bəyannaməsi ilə artıq yeni bir məna qazanmışdır. Mən bu dostluğun gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi gördüyümü xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.

Bu sağlam zəmin üzərində qurulan, “bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik.

Əvvəllər də Suriya, İordaniya, Livan, İraq, Rusiya və Yunanıstan kimi ölkələrlə də yaratdığımız bu mexanizmin istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə vermiş olduğu nəzərəçarpacaq faydalarını bu qısa müddətdə belə müşahidə etmək imkanımız oldu. Bu mexanizmin Türkiyə-Azərbaycan əməkdaşlığına da böyük töhfələr verəcəyi şübhəsizdir. Belə ki, Şura çərçivəsində yaradılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm olaraq nəzərdən keçirilməsini təmin edəcək, həm müsbət sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fikirdə formalaşmış bir sıra nöqsanların təcili aradan götürülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası, eyni zamanda, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Atatürklə “bir millət, iki dövlət” deyən mərhum Heydər Əliyevdən aldığımız bayrağı daha da irəliyə aparmaq qətiyyətinin bir təzahürüdür.

Bu əlamətdar gündə mən Şuranın yaradılması mərhələsində göstərdiyi əməkdaşlıq üçün dəyərli qardaşım, hörmətli Prezident İlham Əliyevə xüsusilə təşəkkür etmək istəyirəm.

Bu işdə böyük fədakarlıq və səylə çalışaraq sazişin qısa müddətdə təsdiq olunma mərhələsinə gəlməsini təmin edən rəsmilərimizə, nazir dostlarıma, məmurlarımıza da təşəkkürümü bildirmək istəyirəm.

Çıxışımın əvvəlində də söylədiyim kimi, Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası bu qardaşlığı möhkəmləndirən daimi bir əsər olacaqdır. Bu düşüncələrlə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının istər ikitərəfli əlaqələrimiz, istərsə də regional əməkdaşlıq naminə uğurlu olmasını diləyir, sevgi və hörmətlərimi ifadə edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir!

Əziz qardaşım!

Bu gün doğrudan da tarixi bir gündür və bu gün də bərabər olmağımızdan çox məmnunam. Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam və əminəm ki, bu gün imzalanmış tarixi sənəd Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafını təmin edəcəkdir.

Siz qeyd etdiyiniz kimi, xalqlarımız arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər bu gün zənginləşir, bu münasibətlər bu gün yeni səviyyəyə qalxır. Bu münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Biz bu əlaqələri bu möhkəm təməl üzərində qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, möhkəmlənir. Bu gün bu münasibətlər müttəfiqlik səviyyəsinə qalxmışdır.

Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq edirik. Bu əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün imzalanan sənədin bu əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün çox böyük əhəmiyyəti vardır.

Siz bu gün Azərbaycan xalqının böyük oğlu, mənim atam Heydər Əliyevin kəlamlarını xatırladınız. Bu, bizim üçün çox dəyərlidir, çox əzizdir. Mən çox şadam ki, onun ürəkdən sevdiyi Türkiyədə bu gün, bu tarixi gündə onun kəlamları, əməyi xatırlanır. Mən əminəm ki, onun ruhu bu gün bu salondadır.

Eyni zamanda, bu gün biz türk dünyasının böyük öndəri, Azərbaycan xalqının qəlbində xatirəsi daim yaşayan ulu öndər Mustafa Kamal Atatürkün xatirəsini hörmətlə yad edirik. Onun kəlamları bizim münasibətlərimiz üçün işıqlı bir yoldur. Yəni, münasibətlərimiz bu möhkəm təməllər üzərində qurulur. Mən əminəm ki, indiki nəsil, gələcək nəsillər bu dostluğu, bu qardaşlığı daha da irəliyə aparacaqlar, möhkəmləndirəcəklər. Biz elə etməliyik ki, bundan sonrakı nəsillər də bu bayrağı daim uca tutsunlar. Dostluğumuz, qardaşlığımız hər şeydən üstündür, əbədidir və əbədi olacaqdır.

Bugünkü mərasimin çox böyük əhəmiyyəti vardır. Bu gün imzalanmış sənəd əslində bu günə qədər görülən işlərə bir növ yekun vurur, strateji tərəfdaşlığımızın gələcək inkişafını müəyyən edir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə adi bir müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq. Bu saziş bütün sahələri əhatə edir - siyasi əlaqələri, hansılar ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr - yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da birləşsin, daha da sıx əməkdaşlıq etsin.

Bu tarixi gündə mən, ilk növbədə, qardaşım, hörmətli cənab Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm ki, onun səyləri və təşəbbüsü nəticəsində bu gün bu sənəd artıq imzalanmışdır. Eyni zamanda, hörmətli qardaşımın sözlərinə qatılıram. Bu sənədin üzərində çalışan bütün yoldaşlara, bütün dostlara öz minnətdarlığımı bildirirəm.

Bu sənəd hüquqi sənəddir, amma, eyni zamanda, bu sənəd çox səmimi sənəddir. Bu, sadəcə iki ölkə arasında müqavilə deyildir. Bu, ürəkləri, xalqları birləşdirən, bizim xoş niyyətimizi ifadə edən bir əsərdir. Bu əsər yaşayacaq və bizi daha da zəngin və xoşbəxt edəcəkdir. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.

X X X

- Cənab Prezident, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı köməyi edə bilər? Ümumiyyətlə, biz Azərbaycan olaraq, türkdilli dövlətlərdən hansı köməyi gözləyirik?

İlham ƏLİYEV: Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim Türkiyə ilə Azərbaycan arasındakı danışıqların mövzusudur. Bu gün də bu mövzu ilə bağlı hörmətli cənab Baş nazir ilə geniş fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Türkiyə bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləyir, bütün dövrlərdə, müxtəlif formalarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün böyük səylər göstərir. Bu gün bu məsələ ilə bağlı gedən danışıqlar nəticəyə gətirib çıxarmalıdır. Nəticə də ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Əsrlər boyu xalqımız o ərazidə yaşamışdır, yaratmışdır. Azərbaycanlılar o bölgədən qovuldular. Dağlıq Qarabağda və ətraf bölgələrdə bir nəfər də olsun azərbaycanlı qalmadı. Onların hamısı etnik təmizləmə siyasətinə məruz qaldılar. Bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlikdir. Bu, beynəlxalq hüquq normalarına zidd olan bir addımdır. Əlbəttə ki, bundan sonra da Türkiyə ilə Azərbaycan münasibətlərində bu mövzu daim gündəlikdə olacaqdır.

Hörmətli dostum, qardaşım Baş nazirin sayəsində Türkiyənin güclənməsi, böyük dövlətə çevrilməsi bizi də gücləndirir. Bu gün Türkiyə on il əvvəlki Türkiyə deyildir. Türkiyə böyük, qüdrətli dövlətdir. Türkiyədə xalqla iqtidar arasında birlik vardır və bu amillər bölgəyə müsbət təsir göstərir. Türkiyə ilə hesablaşmamaq mümkün deyildir, nə bölgədə, nə də dünyada. Türkiyənin gücü bizim gücümüzdür. Çünki biz qardaşıq. Bu qardaşlıq bizim qanımızdadır. Bu qardaşlıq nəsildən-nəslə keçən qardaşlıqdır və əminəm ki, bu, əbədi olacaqdır. Ona görə Türkiyənin güclənməsi özlüyündə Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət amil kimi özünü göstərir. Nəzərə alsaq ki, Türkiyə hökuməti bu münaqişə ilə bağlı məsələdə çox fəal və çevik siyasət aparır, əminəm ki, bu siyasətin müsbət nəticələri olacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

- Hörmətli Baş nazir! Türkdilli dövlətlər birliyi başqa ölkələrin ərazisində yığcam yaşayan türklərlə hansı əlaqələri qurmağı planlaşdırır? İkinci sualım. Siz Türkiyə olaraq, Akdamar erməni dini kilsəsində bir mərasim planlaşdırırsınız. Amma Ermənistan bunu boykot etməyə çağırır. Siz bu məsələyə necə münasibət bildirərdiniz?

Rəcəb Tayyib ƏRDOĞAN: Əlbəttə, türk dilində danışan ölkələr arasındakı bu toplantı illərdir həyata keçirilən bir tədbir olaraq davam etməkdədir. Bu il təkrar toplaşmışıq. Bu il bunu, inşallah, daha da möhkəmləndirərək gələcəyə aparmaq üçün qətiyyət göstərəcəyik. Bunu gələcəyə istiqamətlənmiş işlərimizlə, xüsusilə Azərbaycan və Türkiyə arasındakı münasibətləri daha da inkişaf etdirərək davam etdirməyə çalışacağıq. Bildiyiniz kimi, Türkmənistan, Qırğızıstan, Qazaxıstan da burada iştirak edir. Görülən bu işləri gələcək nəsillərə fərqli bir formada çatdırmağı, həqiqətən türk dilini öz aramızda danışa biləcəyimiz səviyyəyə gətirməyi arzu edirik. Doğrusu, mən açıq danışmağı sevirəm. Yəni, biz aramızda fərqli dildə deyil, türk dilində danışaraq bu işi həyata keçirə bilərik, bunun həsrəti içərisindəyik, bunu arzulayırıq. Bir az əvvəl İlham qardaşımla bu barədə danışdıq, buna nail olmalıyıq dedik. Arzu edirəm ki, bunu yalnız sözdə deyil, əməl də icra edək.

Akdamarla əlaqədar suala gəlincə, bu, əslində bizim dünyaya baxışımızın bir ifadəsidir. Yəni, öz ölkələrində onlar bizə necə münasibət göstərir və bizim onlara münasibətimiz necədir? Hazırda ölkəmizdə erməni vətəndaşlarımız vardır. Bizim onların dini abidələrinə münasibətimiz necədir? Onların bizim abidələrə münasibəti necədir? Bizim hakimiyyətimizə qədər belə bir şey yox idi. İlk dəfə biz həmin kilsəni təmir etdik. Təmir edəndən sonra ildə bir dəfə bir mərasim icra edilməsinə icazə verdik. Bu, Trabzon şəhərindəki Sümela kilsəsində olduğu kimidir. Bu, əslində türkün tolerantlığının ifadəsidir. Bu tolerantlığı digər etiqad sahiblərindən gözləmək bizim də haqqımızdır. Arzu edirik ki, onlar da eyni tolerantlığı, eyni davranışı bizə qarşı göstərsinlər. Bizim etdiklərimizə etinasız qalmayacaqlarını düşünürəm və buna inanıram.

Biz də bir məsəl var. Bilmirəm, Azərbaycan dilində bunun qarşılığı var, ya yox? Biz deyirik ki, at dənizə, balıq bilməsə də, xaliq bilər. Biz öz yaxşılığımızı etdik və bu məsələdə tolerantlığımızı göstərdik. İnanıram ki, onlar da bunu başa düşərlər.

- Mən Azərbaycanla əlaqədar mövzuya təkrar qayıtmaq istəyirəm. Vizaların aradan götürülməsi ilə əlaqədar müjdəni nə vaxt verəcəksiniz? Siz hər dəfə görüşərkən biz bununla əlaqədar hər hansı bir xəbəri eşidəcəyimizi gözləyirik. Amma bu məsələ hələ də gündəlikdə yoxdur. Görəsən bu, Azərbaycanın daxilindəki proseslərlə əlaqəli ola bilərmi və ya bu müqavilə ilə bunun təkrar gündəliyə salınmasından danışa bilərikmi?

İlham ƏLİYEV: Bu məsələ ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcəkdir. Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaqdır və əminəm ki, müsbət həllini tapacaqdır.

Rəcəb Tayyib ƏRDOĞAN: Onsuz da bilirsiniz ki, bizdə bir problem yoxdur. Amma qardaşım, inşallah, bu məsələni ən qısa müddətdə həll edəcəkdir. Heç narahat olmayın.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10