Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

07 fevral 2013, 18:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674) aşağıdakı dəyişikliklər edilsin:

1. 41.2-ci maddədə “, o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin” sözləri “, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin” sözləri ilə əvəz edilsin.

2. 43.3-cü maddədən “39.1.5,” rəqəmləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 43.3-1-ci maddə əlavə edilsin:

“43.3-1. Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir.”.

4. Aşağıdakı məzmunda 44.2.1-1-ci maddə əlavə edilsin:

“44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə;”.

5.  92.3.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 92.3.14-cü və 92.3.15-ci maddələr əlavə edilsin:

“92.3.14. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə;
92.3.15. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə.”.

6. 93.4.13-cü maddədə “şikayət” sözü “apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 106-1-ci maddə əlavə edilsin:

“Maddə 106-1. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi
106-1.1. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur.
106-1.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 
106-1.4. Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir.
106-1.5. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması barədə müraciət etmiş bir neçə yaxın qohum arasından hüquqi varisin seçilməsində mübahisə olduqda, həmin məsələni məhkəmə həll edir. Müraciət edilən anda şəxsin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.
106-1.6. Şəxs təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.
106-1.7. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
106-1.8. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
106-1.8.1. ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək;
106-1.8.2. təqsirləndirilən (şübhəli) şəxsin verdiyi şikayətdən imtina etmək.
106-1.9. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.”.

8. 119.4-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“119.4. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər.”.

9. 281.1-ci maddədə “nümayəndələrinə” sözündən sonra “, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına” sözləri əlavə edilsin.

10. Aşağıdakı məzmunda 282.1-1-ci maddə əlavə edilsin:

“282.1-1. Bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir.”.

11. 383.1.5-ci maddədə “tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər daxilində” sözləri çıxarılsın.

12. 409.4-cü maddənin ikinci cümləsi çıxarılsın.

13. 422.3-cü maddədə “mülki iddiaçı” sözlərindən sonra “, mülki cavabdeh” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10