Gerb

08 fevral 2013, 14:05

Hörmətli cənab Prezident!

Öz adımdan və ailəm adından Sizi salamlayıram. Ölkəmizdə ordu quruculuğuna və təhsil sisteminin inkişafına, səhiyyəyə göstərdiyiniz diqqətə, milli mədəni irsimizin qorunub saxlanmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın və dövlətimizin müsbət imicinin möhkəmlənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə gördüyünüz işlərə, idman sahəsindəki əvəzsiz fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, Siz ulu öndərimiz Heydər Əliyev strategiyasının layiqli davamçısı olaraq, elimizə, obamıza, xalqımıza gözəl, firavan həyat bəxş etmisiniz. Əkrəm Naibov haqqındakı Sərəncamınız bizim hər birimizin qəlbini riqqətə gətirdi. Sevincimizin həddi-hüdudu yoxdur. Sizin Azərbaycan millətinə, onun tarixinə verdiyiniz qiymət Vətənə hədsiz məhəbbətinizin nəticəsidir. Siz bir daha bütün dünyaya bəyan etdiniz ki, Azərbaycan heç vaxt öz vətəndaşını, öz köçkününü arxa-dayaqsız qoymayacaqdır.

Xalqımızda qələbə əzmini artırdığınıza, göstərdiyiniz qətiyyət və cəsarətə görə istefada olan zabit kimi Sizə məhəbbətim birə-min artdı.

Cənab Ali Baş Komandan!

Hər zaman Sizin əmrinizlə yenidən hərbi qulluğa qayıdaraq vətənimizin keşiyində durmağa və uğrunda şəhid olmağa hazıram. Ömrümün sonuna qədər bu gözəl günü gözləyəcəyəm. Uca Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Kərimov Kamran Fətəli oğlu.

Azərbaycan Respublikası, Ağdaş rayonu Ləki qəsəbəsi.