Gerb

11 fevral 2013, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin ət və süd məhsullarına tələbatını daha dolğun ödəmək, heyvandarlıq məhsulları istehsalını intensiv inkişaf etdirmək və damazlıq işinin səviyyəsini yüksəltmək məqsədi ilə qərara alıram:

1. 2013-cü ildə xaricdən damazlıq heyvanların idxal olunmasının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının təmin edilməsi üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2013-cü il.