Gerb

13 fevral 2013, 19:00

Çox hörmətli cənab Prezident!

Fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması tariximizin Sizin adınızla bağlı olan əlamətdar hadisəsidir. Eləcə də, yürütdüyünüz uğurlu idarəetmə sisteminin nəticəsi olaraq, “Əsrin müqaviləsi”ndən, Bakı-Tbilisi-Ceyhan kimi neft kəmərinin inşasından, inanılmaz iqtisadi sıçrayışların, qeyri-adi infrastruktur layihələrinin gerçəkləşdirilməsindən sonra, belə bir kontinental uğura imza atmaq Azərbaycanın nəinki regionun, hətta Avropanın, Afrikanın, Mərkəzi Asiyanın və Yaxın Şərqin 50 ölkəsinə də yardımçı ola bilmək gücünün bariz nümunəsidir.

Cənab Prezident!

“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi Sizin elmə göstərdiyiniz qayğının təzahürü kimi meydana çıxmışdır və fərman və sərəncamlarınızdan irəli gələn taleyüklü məsələlərin həllində öz potensialı ilə yardımçı olmağa səy göstərir, bunun da nəticə etibarilə Azərbaycanın dünyada daha sanballı şəkildə tanınmasına xidmət etdiyini hesab edir. Çünki “AqRa” EİDİB-nin prioritet saydığı fəaliyyət devizi “Elm elmdədir. Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət elm əhatəsində, elmdədir”. Sizin də məhz bu istiqamətdə atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi ürəkdən sevindirir.

Biz “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi olaraq, Sizə xalqımıza yaşatdığınız qürurlu anlara və fəxarətli tarixə görə minnətdarlıq edir, təbriklərimizi çatdırır və əmin edirik ki, hər zaman Sizinləyik.

Dərin hörmətlə,

Seyidov Mirələkbər, “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi İdarə heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.