İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış etmişlər

27 fevral 2013, 17:20
İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış etmişlər

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyevin
bəyanatı


- Hörmətli cənab Prezident, hörmətli qonaqlar!

Mən bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Siz Azərbaycanın böyük dostusunuz. Biz Sizinlə son 9 il ərzində dəfələrlə görüşmüşük – həm Gürcüstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bugünkü görüş və Sizin rəsmi səfəriniz əvvəlki görüşlərin məntiqi davamıdır.

Bu illər ərzində Gürcüstan-Azərbaycan əlaqələri böyük və uğurlu yol keçmişdir. Bu əlaqələr çox möhkəm təməl üzərində qurulubdur. Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur, bir-birinə arxa-dayaq olmuşdur və biz müasir münasibətləri bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələr gələcək illərdə də inkişafı həm Gürcüstan, həm Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır. Çünki bizim uğurlu inkişafımız yalnız birlikdə mümkün ola bilər. Bu birliyi, əməkdaşlığı möhkəmləndirmək üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bu gün biz bu barədə Sizinlə fikir mübadiləsi aparmışıq. Müxtəlif layihələr icra edilir. Energetika, nəqliyyat sektorlarında layihələr həm bizim ölkələri gücləndirir, xalqlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət göstərir, eyni zamanda, bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bölgədə sabitliyin, sülhün, əməkdaşlığın dərinləşməsi üçün bizim bərabər icra etdiyimiz layihələr xüsusi məna daşıyır. Bu gün bizim ölkələri və regionu, Avropa qitəsini bizim bərabər icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. Biz Sizinlə bərabər enerji məsələlərinin həlli üçün çox böyük səylər göstərmişik, böyük uğurlara nail olmuşuq. Neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həlli - bütün bunlar bizim birgə səylərimiz nəticəsində mümkün olan məsələlərdir.

Hazırda biz yeni böyük layihənin icrası ilə məşğul olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün yeni böyük imkanlar açacaqdır. Eyni zamanda, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülmüşdür. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaqdır.

Beynəlxalq əməkdaşlığımız da artır. Biz bir-birimizi beynəlxalq təşkilatlarda daim dəstəkləyirik. Xarici siyasət məsələləri ilə bağlı daim müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır və bu da çox uğurlu təşəbbüsdür. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Onlar ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi daim dəstəkləyirik və müdafiə edirik. Bu da ölkələr arasındakı əlaqələrə çox müsbət təsir göstərir.

Bütün digər məsələlərlə bərabər, bu gün bir daha biz bu məsələləri nəzərdən keçirdik. Görürük ki, Gürcüstan və Azərbaycan iki dost, qardaş və tərəfdaş ölkələr kimi irəliyə uğurla gedirlər. Gürcüstanda son illər ərzində Sizin rəhbərliyinizlə çox böyük işlər və islahatlar aparılmışdır. Gürcüstan böyük dərəcədə inkişaf etmişdir. Həm siyasi proseslər müsbət istiqamətdə gedir, həm də infrastruktur layihələrinin icrası ilə bağlı Sizin çox böyük uğurlarınız vardır. Tbilisi şəhəri gündən-günə gözəlləşir. Batumi də, həmçinin gündən-günə gözəlləşir. Bu gün mənə göstərdiyiniz yeni layihələrin fotoşəkilləri bir daha onu göstərir ki, nə qədər böyük işlər görülmüşdür. Son illər ərzində Gürcüstanda müxtəlif istiqamətlərdə aparılan islahatlar nəinki MDB məkanında, eyni zamanda, digər bölgələrdə də öyrənilir və bu islahatların həyata keçirilməsində Sizin xüsusi əməyiniz, zəhmətiniz olubdur. Bu islahatlar Sizin təşəbbüsünüzlə irəliyə aparılıbdır. Əlbəttə ki, bu islahatlar gələcəkdə Gürcüstanın inkişaf etmiş ölkəyə çevrilməsində də öz rolunu oynayacaqdır.

Bir daha demək istəyirəm ki, son illər ərzində biz Sizinlə dəfələrlə görüşmüşük və həmişə çox səmimi fikir mübadiləsi aparılmışdır. Bu görüşlər zamanı qəbul edilmiş qərarlar nəticə etibarilə həm Gürcüstanı, həm Azərbaycanı böyük dərəcədə gücləndirmişdir. Əminəm ki, bu müsbət meyillər gələcək illərdə də davam edəcək, iki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar və bir istiqamətdə inkişaf edəcəklər və ölkə daxilində olan bütün prosesləri, bütün məsələləri uğurla həll edəcəklər.

Bir daha xoş gəlmisiniz, bir daha bütün qonaqları səmimiyyətlə salamlayıram.

Prezident Mixeil Saakaşvilinin
bəyanatı

- Çox təşəkkür edirəm cənab Prezident! Mənim üçün böyük şərəfdir ki, yenidən Bakıya səfər edirəm. Gürcüstana dost ölkədə səfərdə olmaq mənim üçün çox əhəmiyyətlidir. Cənab İlham Əliyev bu gün mənə çox maraqlı söhbətlər etdi. Hesab edirəm ki, atasının layiqli davamçısı olan Azərbaycan dövlətinin başçısı öz fəaliyyətini uğurla həyata keçirir. Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan dövlətçiliyi gücləndirilmişdir. Bu isə ən başlıca amildir.

Bu gün Bakının inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, Azərbaycan xalqının rifahının artırılması çox vacibdir. Çünki Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır və hər birinizə öz təşəkkürümü bildirirəm, xüsusilə də cənab Prezident, Sizə. Gürcüstanda həyata keçirilmiş islahatlar barədə söylədikləriniz məni çox təsirləndirdi. Biz öz səfərlərimizi çox gözəl xatırlayırıq, Bakının küçələrini dəfələrlə gəzmişik. Bir sıra ideyalar və fikirlər məhz Azərbaycandakı səfərlərimiz nəticəsində meydana gəlmişdir. Mən ümid edirəm ki, bir gün bizim də ölkəmizdə Sizin inkişaf öz əksini tapacaqdır. Təbii ki, bu rəqabətdə biz bir balaca zəif tərəf kimi çıxış edirik. Amma mən yenə də ümid edirəm ki, inkişaf davam etdiriləcəkdir.

Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq əminəm ki, Azərbaycanın bizim ölkə ilə dostluğu davam edəcəkdir. Gürcüstana Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyildir. Bu, sadəcə bəyanat, sadəcə sözlər deyildir. Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməmişdir, bizə bu qədər dəstək verməmişdir. Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız vardır. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməmişdir. Bu isə, cənab Prezident, bilavasitə Sizin xidmətinizdir. Mən çox şadam ki, Gürcüstanın da Baş naziri Azərbaycana səfər etmişdir və öz gözü ilə buradakı inkişafın şahidi olmuşdur. Bu da bizə imkan verir ki, bu dostluq bundan sonra da davam etsin.

İnqilabi layihə olan Bakı-Tbilisi-Qars layihəsinin də başa çatdırılması çox vacibdir. Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır. Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Ona görə də bu layihənin sual altına alınması bir cinayətdir. Ona görə mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər. Ona görə də mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaqdır. Eyni zamanda, bizim tərəfdaşımıza və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm ki, bu layihənin icrası başa çatdırılacaqdır.

Bu gün Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilmişdir. Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas etmişdir və bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olmuşdur. Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməmişdir. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir. Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır.

Neft və qaz kəmərləri sayəsində Gürcüstanın strateji, iqtisadi əhəmiyyəti vardır və bir daha onu vurğulamaq istəyirəm ki, bu, bilavasitə Azərbaycanın sayəsində baş tutmuşdur.

Təbii ki, hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyildir. Bunu bir daha xüsusi vurğulamaq istəyirəm. Məhz keçmişdə müstəqilliyimizi o səbəbdən itirmişdik ki, biz yaxından əməkdaşlıq edə bilməmişdik. Lakin son illərdə biz dostluğumuzu o qədər gücləndirmişik, o qədər güclü təməl üzərində qurmuşuq ki, artıq bu dostluq sarsılmazdır və əbədidir. Cənab Prezident, bir daha xüsusilə Sizin rolunuzu qeyd etmək istərdim. Sizin sayənizdə biz bu haqda danışa bilirik və əminəm ki, gələcək nəsillər də buna layiqli qiymət verəcəkdir. Mən buna şübhə etmirəm.

Bir daha, cənab Prezident, Sizə və Azərbaycan xalqına təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10