A.Baxşalıyevdən, Bakı, Azərbaycan
14 mart 2013, 13:20
Möhtərəm Prezident!
Ali diqqətinizə çatdırırıq ki, təşkilatımız respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda fiziki sağlamlığını itirmiş 100 nəfərdən çox müharibə əlilini öz ətrafında birləşdirir. Üzvlərimizin 70 faizi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının da üzvüdür. Biz daim Sizin qayğınızı hiss edir və bunu yüksək qiymətləndiririk.
Fiziki sağlamlığımızı itirdiyimiz ilk günlərdən dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Belə ki, 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması”na dair Sərəncamı buna bariz nümunələrdən biridir. O vaxtdan bu günə kimi minlərlə Qarabağ qazisi yeni, müasir mənzillər və minik avtomobilləri ilə təmin olunmuşdur. Məhz Sizin apardığınız daxili və xarici siyasət nəticəsində ölkəmiz dinamik inkişaf yolunda uğurla irəliləməkdədir. Bu siyasətin nəticəsində respublikamızda müşahidə etdiyimiz sürətli və dayanıqlı, habelə genişmiqyaslı inkişafa nail olmuşuq. Bunu son on ildə əldə etdiyimiz inanılmaz uğurlar və mövcud iqtisadi tərəqqi də sübut edir. Özünüz demişkən, “düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla hakimiyyət arasında olan birlik və xalq tərəfindən bu siyasətə dəstəyin verilməsi, eyni zamanda güclü hakimiyyət, sabitlik” - budur, Sizin uğurlarınızı şərtləndirən əsas amillər.
Odur ki, QQİB-nin Yasamal rayon filialı da Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir və daim Sizin arxanızda olacağını bəyan edir.
Sizə bütün işlərinizdə uğurlar diləyirik.
İdarə Heyəti üzvləri adından dərin hörmətlə,
A.Baxşalıyev,
“Qarabağ Qaziləri” İB-nin Yasamal rayon filialının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.
