Gerb

27 mart 2013, 13:55

Möhtərəm Prezident!

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş qüdrətli Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edən məqsədyönlü siyasətinizin müsbət nəticələri göz qabağındadır və hamımız bu nəticələrlə fəxr edirik. Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramına uyğun olaraq Astara rayonunda da geniş quruculuq-abadlıq işləri aparılır və rayonumuz gündən-günə daha da gözəlləşir. Təkcə 2012-ci ildə Astaraya iki dəfə səfər etməyiniz rayonumuza böyük diqqət göstərdiyinizi sübut edir.

Ötən il imzaladığınız Qanuna əsasən ərazisinə və əhalisinə görə rayonun ən böyük kəndi olan Ərçivana qəsəbə statusu verilməsi onun bütün sakinlərini - gəncləri, ziyalıları və biz ağsaqqalları hədsiz sevindirmişdir. İndi qəsəbəmizdə böyük canlanma vardır. İdman kompleksi, yeni idman meydançası tikilir, istirahət parkı salınır.

Bu günlərdə qəsəbə sakinlərinin sevincinə daha biri əlavə olunmuşdur. Qəsəbənin F.Qasımov adına 1 saylı orta məktəbinə gedən təqribən bir kilometrlik yol asfaltlanmışdır. Bu, yüzlərlə şagirdə, onların valideynlərinə, müəllimlərinə, ümumiyyətlə bütün qəsəbə əhalisinə böyük hədiyyədir.

Hörmətli cənab Prezident!

Bizə göstərdiyiniz qayğıya görə qəsəbəmizin ağsaqqalları adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Qarşıdan gələn Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək və işıqlı sabahımıza səs verəcəyik.

Qəsəbə ağsaqqalları adından dərin hörmətlə,

Kərimov Əbil Ovsad oğlu
Əzizov Müzəffər Abdulla oğlu
Rzayev Dilavər Sərvər oğlu
Həsənov Əhməd Seyfulla oğlu
Baxşıyev Məhərrəm Hüseyn oğlu
Əsədullayev Əli Murtuza oğlu
Tağıyev Müqəddəs İbrahim oğlu
Kərimov Əli Əli oğlu
Cəfərov Cəfər Hacıbaba oğlu
Ağayev İltifat Əhməd oğlu
Əliyev Orucəli Əkbər oğlu
Məstiyev Əzizulla İsmayıl oğlu və başqaları.

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.