Gerb

08 aprel 2013, 12:40

Möhtərəm Prezident!

Biz, Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsi 53 saylı binanın sakinləri Sizə dərin minnətdarlığımızı bildirmək istəyirik. Belə ki, uzun müddət istismar olunmasına baxmayaraq, yaşadığımız binada indiyə kimi heç bir təmir işi aparılmamış, nəticədə binanın görkəmində və dayanıqlığında ciddi qüsurlar yaranmışdı. Ancaq Sizin təşəbbüsünüz və diqqətiniz sayəsində hal-hazırda binamızda əsaslı təmir-bərpa işləri aparılır. Bundan başqa, binamızın qarşısında istismar müddətini çoxdan başa vurmuş, yaşayış üçün tam yararsız olan bir və ikimərtəbəli köhnə binalar sökülərək yerində yeraltı dayanacaq, onun üzərində isə sakinlərin istirahəti üçün gözəl park salınır, küçələrin asfalt örtüyü yenilənir. Ümumiyyətlə, şəhərimizdə aparılan təmir-bərpa və abadlıq işləri doğma Bakımızı daha da gözəlləşdirəcək və onun dünyanın ən gözəl və yaraşıqlı şəhərləri arasında layiqli yerini tutmasına şərait yaradacaqdır. Bu, Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, növbəti Prezident seçkilərində Sizi dəstəkləyəcəyik.

Dərin hörmətlə,

Quliyev Ziya İsgəndər oğlu
Quliyev İsgəndər Akif oğlu
Kərimova Raya İsmayıl qızı
Kərimova Elnarə Hüseyn qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.